"Bu proqnozu alt-üst etmək istəyirik" - Millimizin üzvü

"Bu proqnozu alt-üst etmək istəyirik" - Millimizin üzvü
XƏBƏR 29 Yanvar 2020 / 09:38 1870
-  A +

Dünən Xorvatiya ilə oyunöncəsi son məşqini keçirən futzal üzrə  Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli federasiyyanın saytına müsahibə verib. Qol.az xəbər verir ki, o, görüşə çox ciddi hazırlaşdıqlarını bildirib.

- İlk dəfə iştirakçısı olduğumuz dünya çempionatına gedən yol Xorvatiyadan başlamışdı. Eyni məkanda ikinci uğuru qazanmaq üçün komanda hazırdırmı?

- Həmin uğuru təkrarlamaq mümkündür. Amma əvvəlki illərlə müqayisədə vəziyyət bir qədər fərqlidir. Əvvəllər millinin aparıcı üzvləri baza klub hesab edilən “Araz”da cəmləşmişdilər. Onda taktiki tapşırıqlar və standard vəziyyətlər üzərində daha çox işləmək üçün vaxtımız çox olurdu. İndi isə əksər futzalçılar fərqli komandaların heyətində çıxış edirlər. Artıq baş məşqçiyə tapşırıqlarını mənimsətmək bir qədər vaxt aparır. Beş il əvvəl keçirilən oyunlar zamanı da mən millinin heyətində idim. Müqayisə etsək, rəqibin heyətində daha çox dəyişikliyin olduğunu vurğulamalıyam. Demək olar, heyətlərində legioner futzalçı yoxdur. Bu baxımdan, cüzi də olsa üstünlüyümüz var və bundan maksimum istifadə etməliyik.

- Oyunöncəsi son məşqdəki vəziyyət hansısa narahatlığa əsas verdimi?

- Əhval-ruhiyyə yaxşıdır. Hamı Xorvatiya ilə oyuna köklənib. Halbuki Bakıda Özbəkistanla görüşlər zamanı yanaşma belə deyildi. Hər kəs üzərinə düşən məsuliyyəti bilir. Fikrimcə, bu cür nizam-intizam Xorvatiya ilə görüşdə nəticəsini verməlidir.

- Yanvarın 25-dən məşqlər Osiek şəhərində keçirilir. Adaptasiya olmaq baxımından bu qədər zaman kifayət etdimi?

- Əlbəttə, həm zala, həm də yerli vaxta uyğunlaşmışıq. İlk gün yol yorğunluğunu üzərimizdən atdıq. İndi qalır yaradılan şəraitin qarşılığını vermək.

- Xorvatiya ilə oyunda nələrə diqqət yetirməlisiniz?

- Baş məşqçi rəqibi analiz edib, faydalana biləcəyimiz və ehtiyatlı olmalı olduğumuz məqamları bizə  çatdırıb. Təbii ki, onların hamısını açıqlamağımız düzgün deyil, amma bəzilərini deyəcəm. Rəqibin müdafiədən hücuma necə çıxmağını və standart vəziyyətlərdən necə istifadə etdiklərini, hansı məqamlarda diqqətli olmağımızı baş məşqçi deyib, videolarda göstərib. Nə zaman pressinq tətbiq etməli olduğumuzu, hansı boşluqlarını xeyrimizə çevirə biləcəyimizi diqqətimizə çatdırıb.

- Rəqib standart vəziyyətləri yerinə yetirən zaman qapıçının da üzərinə böyük iş düşür...

- Onların bu cür vəziyyətlərdən necə istifadə etdiklərini özüm üçün analiz etmişəm. Təbii ki, qapıçının üzərinə böyük yük düşür. Mən də oyun zamanı komanda yoldaşlarımdan mənə necə kömək etməli olduqlarını tələb edəcəm.

- Xorvatiya ilə matçı ən azı pley-off-a vəsiqə baxımından kilid oyun hesab etmək olarmı?

- Məqsədimiz sırf pley-off-a vəsiqə qazanmaq deyil. Vəsiqəni birbaşa qazanmaq üçün gücümüz var və bunu dəyərləndirməliyik. Ancaq hər iki nəticə üçün bu matçı vacib görüş hesab etmək olar. Düzdü, Rusiya kağız üzərində qrupun favoriti, Xorvatiya isə ikinci yerə əsas namizəd kimi göstərilir. Biz isə bu proqnozu alt-üst etmək istəyirik.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı