Azərbaycan Premyer Liqasında yarışan “Səbail” klubunun bugünkü durumunu acınacaqlı hesab etmək olar. Komandanın maddi vəziyyətinin günbəgün pisləşməsi onun nəticələrinə də mənfi təsirini göstərməkdədir. Bu mövsüm çempionata uğurla başlayan (4 oyuna 3 qələbə) “Səbail” son 10 turda bir qələbə belə qazana bilməyib.
Aftandil Hacıyevin komandasının son dəfə 3 xal qazandığı oyun bu il sentyabrın 19-na təsadüf edir. Həmin gün onlar “Keşlə”ni səfər matçında 2:1 hesabı ilə məğlubiyyətə uğradıblar. O gündən komanda “qara zolağ”a düşüb və çıxa bilmir. Çıxacağı da çətin görünür. Çünki problem dərindir.
“Səbail” hazırda Premyer Liqada sonuncu – səkkizinci yerdədir. Bizdə olan məlumata görə, bu yay AFFA-nın baş katibi Elxan Məmmədovun tövsiyəsi və qurumun prezidenti Rövnəq Abdullayevin razılığı ilə klubun büdcəsi xeyli azaldılıb. Halbuki ötən mövsümü komanda üçüncü yerdə başa vurub, ilk dəfə Avropa Liqasının təsnifat mərhələsində çıxış edib. “Səbail” mərhələ adlaya bilməsə də, Rumıniyanın “Universitatya Krayov” komandası ilə görüşlərdəki oyunu ilə gələcək üçün ümid yaradıb. O zaman ehtimal edilirdi ki, növbəti mövsüm üçün heyət daha da gücləndiriləcək və “Səbail” çempionatda əsl rəqabət yaradacaq azsaylı komandalardan biri olacaq. Amma qəfildən qərar verilir ki, komandanın gücləndirilməsindənsə, zəiflədilməsi yaxşıdır.
Məlumdur ki, hazırda klubun qeyri-rəsmi rəhbəri Rövnəq Abdullayevin qardaşı oğlu, himayəçisi isə AFFA-dır. Maliyyənin azaldılmasının səbəbləri haqda müxtəlif fərziyələr olsa da (futboldan kənar söhbətlər və intriqalar), bunları təsdiq edəcək hər hansı sübut yoxdur. Bilinən yalnız odur ki, AFFA rəhbərliyi avrokuboklardan sonra təcrübəli futbolçularla, o cümlədən bir çox legionerlə yolların ayrılmasına və gənclərlə davam edilməsinə dair tapşırıq verib. Məhz bundan sonra yayda komandadan aralarında çoxsaylı legionerlər olmaqla 10 nəfərədək təcrübəli futbolçu göndərilib. Amma qəribədir ki, bu ilin əvvəlində sırf AFFA rəhbərliyinin istəyi ilə süni reklam xatirinə transfer edilən, karyerasını başa vurmuş və “Səbail”ə bir oyunda belə faydası dəyməyən pensioner-futbolçu Maykl Esyen komandada saxlanılıb.
Qeyri-rəsmi məlumata görə, onun burada illik gəliri 300-400 min avrodur. Faktiki olaraq, bu pulla “Səbail” səviyyəsində komandaya faydası dəyə bilən azı 2 təcrübəli oyunçu saxlamaq olardı. Amma bu addım atılmayıb. Maaşlar azaldılıb, gecikdirilir. Komandanın məşqçi heyəti və futbolçularda ruh düşkünlüyü yaranıb. Artıq bu mövsümü yaxşı səviyyədə keçirən Ağabala Ramazanov bir neçə dəfə komandadan gedəcəyini və karyerasını xaricdə davam etdirmək istədiyini söyləyib. Amma belə görünür ki, qış fasiləsində “Səbail”dən ayrılan tək Ağabala olmayacaq. İşin digər təəccüb doğuran tərəfi odur ki, yaranmış bu acınacaqlı durumla bağlı klubun rəhbərliyi, yaxud klub rəhbərliyi ilə razılaşdırılmaqla mətbuat xidməti səviyyəsində heç bir izahat verilmir. Ümumiyyətlə, bu klubda rəhbər, idarəçi kimdir, dəqiq bilinmir. Əsl dərəbəylik.
Mövcud problemə bir balaca işıq salan, bu haqda danışan isə yalnız baş məşqçi Aftandil Hacıyevdir. Məlumdur ki, 38 yaşlı bu gənc mütəxəssis ötən mövsümün əvvəlindən “Səbail”i çalışdırır. O, ilk gündən tədricən normal bir komanda yaratmaq istiqamətində həvəslə və səylə çalışmağa başladı. Mövsümün sonu yeni klub olan “Səbail”ə ilk dəfə bürünc medal qazandırmaqla avrokuboka çıxardı. Lakin belə görünür ki, onun da işinə ya AFFA, ya da klubun görünməyən rəhbərliyi səviyyəsində kəskin müdaxilələr olub. Bunu Aftandil Hacıyevin dünən “Zirə”yə 1:4 hesabı ilə uduzduqları görüşdən sonra verdiyi çarəsiz açıqlama da təsdiqləyir (“Tapşırıq olub ki, daha gənc oyunçulara şans verək”). Bu və onun digər fikirləri həm də onu deməyə əsas verir ki, klubun gələcəyi dumanlıdır, qış fasiləsindən sonra belə komandanın heyəti düzəlməyəcək və Premyer Liqada formal iştirakçılardan biri olacaq.
Aftandil Hacıyev bildirib: "10 oyun qalib gəlməmək böyük problem deyil. Daha böyük problemlər var. Tapşırıq olub ki, daha gənc oyunçulara şans verək. Bundan danışmaq lazımdır. Meydanda 3 limit futbolçumuz var idi. Təcrübəli futbolçular bu vəziyyətlə barışmaq istəmirlər. Onlar iddialı klublarda çıxış etmək istəyirlər. İddiamız zəifləyib deyə onlar da narahatdır. Hər kəs çalışır ki, maksimum dərəcədə çıxış etsin. Bu gənc oyunçuların ilk illəridir. Onların oyun sayı artmalıdır ki, təcrübələri də çoxalsın. Ona görə rahatam ki, heyətimiz gəncdir. Onları milli komandaya qazandıra bilərik. Mənim dövrümdə komandada pozitiv hallar daha çoxdur. Yeganə narahatlıq odur ki, sonuncu pillədə gedirik. Bu məni razı sala bilməz".
“Səbail”də problemlərin mövcudluğunu komandanın təcrübəli futbolçusu Rahid Əmirquliyev də dünənki matçdan sonra jurnalistlərə etiraf edib: “Komanda güclənməlidir. Daxildə problemlər var”.
Təbii ki, baş məşqçi və futbolçu problemin qaynağı haqda danışmır. Lakin qaynaq bəllidir: AFFA. Hansısa sehrli səbəblərdən büdcə azaldılıb və bu mövsümün sonuna qədər düzəldiləcəyi də real görünmür.
Və sonda zəruri qeyd.
Bölgə klublarının yoxluğu fonunda paytaxt komandalarının çoxluğu barədə dəfələrlə mütəxəssislər, media və azarkeşlər səviyyəsində narazılıq doğuran fikirlər səsləndirilib. Bu gün Premyer Liqada “Keşlə”, “Səbail” kimi klublara SOCAR-ın xətti ilə AFFA tərəfdən ayrılan 10 milyon manatadək vəsaitlə Azərbaycan səviyyəsində 4 bölgə klubu saxlamaq olar. Amma indiki sponsorların yoxluğunda federasiya bu addımı atmır, hansısa bilinməyən sehrli səbəblərdənsə paytaxt klublarına maliyyə ayırır. Bunun isə Azərbaycan futboluna xeyirdən çox zərəri var.
Təəccüb doğuran isə odur ki, hətta paytaxt klubu olsa belə, bir normal komanda yaranmağa, bir gənc məşqçi üzə çıxmağa başlayanda kənardan ciddi müdaxilələr olur. Bir klubun taleyi, məşqçi və futbolçuların gələcəyi şəxsi intriqaların qurbanlarına çevrilir.
Sonra da gileylənirik ki, ölkədə futbol yoxdur. Niyə olsun ki?
Aydın BAĞIROV
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu