"Qəbələ”də hər şey çox yaxşıdır" - Anar Nəzirov

"Qəbələ”də hər şey çox yaxşıdır" -  Anar Nəzirov
ÖLKƏ FUTBOLU 18 Oktyabr 2019 / 15:55 2067
-  A +

“Qəbələ”nin kapitanı Anar Nəzirov Qol.az-a müsahibə verib. Təcrübəli qapıçı komandanın ümumi vəziyyətindən və "Qarabağ"la qarşıdan gələn oyundan danışıb.

- “Qəbələ”nin iddialı vaxtlarında da komandada olmusunuz. İndiki vəziyyətdə bu komandanın qapısını qorumaq nə dərəcədə çətindir?

- Hazırkı “Qəbələ”də hər şey çox yaxşıdır. İstər rəhbərlik tərəfindən olsun, istər digər məsələlərdə hər şey qaydasındadır. Komandada gəncləşdirmə işləri aparılır və akademiyanın uşaqlarına üstünlük verilir. Bilirsiniz ki, belə olan halda uğurlu nəticələr qazanmaq üçün vaxt lazımdır. Bunu futbolu bilməyən adamdan soruşsalar da deyəcək ki, gəncləşdirirsən və akademiyaya üstünlük verirsənsə, bu halda sənə vaxt lazım olur. Düzdür, komandada təcrübəli futbolçular da var. Onlar gənclərə dəstək olur, öz məsləhətlərini verir. Ancaq gənclər də öz məsuliyyətlərini dərk edir. Deyərdim ki, onlar çalışırlar ki, bu fürsətdən istifadə etsinlər. Komandamızda elə də böyük bir problem yoxdur. İdman saytları oxuyanda görürəm ki, “Qəbələ” pis vəziyyətə düşüb” yazırlar. Siz də fikir verirsiniz ki, “Qəbələ”də axır vaxtlar oyun baxımından irəliləyiş var. Burada qeyri-adi bir şey yoxdur.

- Komandanız hazırda 7-ci pillədə qərarlaşıb. Qarşıdakı oyunlarda sabit çıxış etmək və mövqeyinizi yaxşılaşdırmaq üçün nə edəcəksiniz?

- Qarşıda uzun bir marafon var. Hansı pillədə olacağımızı indidən heç kəs deyə bilməz. “Qəbələ”nin  əsas məqsədi oyundan-oyuna nəticəni yaxşılaşdırmaq, uşaqların inkişafına çalışmaqdır. Çempionat başlayanda bunları görmək olurdu. Maksimum dərəcədə ən yüksək pillədə olmaq, xallar toplamaq istəyirik. Əlimizə düşən fürsətlərdən istifadə edəcəyik.

- Sabah evdə çempionatın dəyişməz lideri “Qarabağ”la qarşılaşacaqsınız. Bu matçdan nə gözləmək olar?

- “Qarabağ” haqqında danışmağa ehtiyac yoxdur. Hamımız rəqibin hansı gücdə olduğunu bilirik. Ancaq düşünsək ki, “Qarabağ” çox güclüdür, onda gərək sabahkı oyuna çıxmayaq. Biz də ən yaxşı oyunumuzu oynayıb, onlara müqavimət göstərməyə çalışacağıq. 

-“Qəbələ”Avroliqaya vəsiqə verən yerlərdən uzaqlaşıb. Komanda Avroliqa ümidlərini keçən il olduğu kimi bu il də Azərbaycan kubokunun oyunlarında axtaracaq?

- Bunu gələcək oyunlar göstərəcək. Hər nə olur olsun, avroliqaya vəsiqə qazanmaq xoşdur. İstər Premyer Liqa, istər Azərbaycan kubokunun nəticələrinə əsasən Avroliqaya düşmək əla nəticə olar. Buna nail olsaq, sevinərik. Premyer Liqada bunun üçün 2 ya 3-cü yerləri tutmalıyıq. Azərbaycan kuboku daha rahat görünür. Dörd oyun oynayırsan və finaldasan. Finalda da qalib gəlmək rəqibdən asılı olur. Məsələn, “Qarabağ” həm Azərbaycan kubokunu, həm də Premyer Liqanı qazanacağı halda kubok götürməsək belə Avroliqaya vəsiqə qazanırıq. Belə çox rahat görünür, ancaq Premyer Liqa çox uzundur. Biz də çalışırıq ki, nəsə edək. Ancaq özümüzü aldatmayaq, bunun üçün bizə vaxt lazımdır. Vaxt getdikcə, gənclər də təcrübə topladıqca oyunumuz düzələcək və xallar qazanacağıq.

- “Qarabağ”la oyuna hazırlıq zamanı “Qəbələ”də çıxış edən gənc futbolçular çempionatın bu cür güclü komandasına qarşı oyunöncəsi özlərini necə hazırlayırlar?

- Əlbəttə ki, “Qarabağ”la oyun hamı üçün motivasiyadır. Belə bir oyunda hər kəs istəyir ki, özünü yaxşı tərəfdən göstərsin. Hər kəs “Qarabağ”ın gücünü bilir. Amma biz bunu fikirləşmirik. Meydana çıxıb ən yaxşı oyunlarımızdan birini göstərəcəyik. Yaxşı oyun oynayanda xal qazanmaq şansı da olur.  Bu, qismətdən asılı bir şeydir. Qismətimizdə varsa, xallar götürəcəyik.

Azad NURİYEV

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq