AFFA-nın korlanan media siyasəti

AFFA-nın korlanan media siyasəti
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2019 / 15:18 3732
-  A +

2017-ci ilin oktyabr ayında AFFA rəhbərliyi uzun illər  qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olan Mikayıl Nərimanoğlunu vəzifəsindən azad edərək yerinə onun müavini işləmiş Firuz Abdullanı təyin etdi.

Nərimanoğlunun işdən çıxarılması AFFA-nın media siyasəti deyil, üzvü olduğu “Kəpəz” Müşahidə Şurasının fəaliyyətindəki nöqsanlarla əlaqədar idi. M.Nərimanoğlunun mətbuat xidmətinin rəhbəri kimi də fəaliyyətində qüsurlar az deyildi. Elə buna görə də o, zaman-zaman haqlı olaraq tənqid də edilirdi. Amma insafən qeyd etməliyik ki, Nərimanoğludan hər nə qədər narazılıq olsa da, ümumən ciddi ayrı-seçkilik etmədən AFFA-nın jurnalistlərlə münasibətlərini normal qaydada saxlaya bilirdi. Daha da vacibi odur ki, federasiya rəhbərliyi, konkret desək, baş katib Elxan Məmmədov indiki kimi öz uğursuz piarçıları tərəfindən blokadaya alınaraq əlçatmaz simaya çevrilməmişdi. Yoxsa buna qədər Məmmədov millinin uğursuzluqları, futbolumuzdakı problemlərlə bağlı media nümayəndələri arasında ayrı-seçkilik etmədən müsahibələr verir, brifinqlər keçirirdi.

Nərimanoğlu federasiyadan göndərildikdən sonra Elxan Məmmədov media ilə sıx münasibətin davam edəcəyini demişdi. O, sözünün üstündə durmağı  bacardı. Amma bu dəfə bir fərqlə. Media “özününkülərə” və “yadlara” bölünməklə, açıq-aşkar qərəzçilik edilməklə. Bu, Elxan Məmmədovun özününmü, yoxsa yeni mətbuat katibi Firuz Abdullanmı anormal ideyası idi, bizə məlum deyil.

Fakt budur ki, əvvəlki illərdən fərqli olaraq, bu gün AFFA ilə müstəqil idman mediası arasında böyük bir uçurum yaranıb. O dərəcədə ki, qurumun fəaliyyətini obyektiv şəkildə tənqid edən faktiki olaraq heç bir sayt bu gün futbolumuzdakı problemlərin səbəbi ilə bağlı AFFA rəhbərliyindən müsahibə, hesabat ala bilmir. Müsahibələr, açıqlamalar yalnız AFFA-nın nəzarətində olan, yaxud onlardan maliyyələşən media orqanlarında dərc olunur. Hətta şou-biznes saytında da! Amma gecəsi-gündüzü ölkə futbolunu təbliğ etmək olan, problemləri işıqlandıran media qurumlarının qanunla informasiya almaq hüququ isə kobud şəkildə pozulur. Niyə? Ona görə ki, normal media adamları üçün əllinci dərəcəli hesab edilən mətbuat xidmətinin rəhbəri kimi müvəqqəti kreslo Firuz Abdullanı da havalandırıb. O dərəcədə ki, özünü mətbuat katiblərinin “boz kardinal”ı sayan və faktiki onların bir çoxunu idarə edən (bu haqda bir az sonra) AFFA-nın mətbuat katibi ya “yanımızda olmalısınız, ya da qarşımızda” prinsipi ilə hərəkət etməyə başlayıb. Bu, Elxan Məmmədovun tapşırığı, yoxsa Firuz Abdullanın özünün iradəsi iləmi olurmu, təsdiq edə bilmərik. Fakt odur ki, bu siyasət başda Elxan Məmmədov olmaqla AFFA rəhbərliyinin nüfuzunu ciddi şəkildə zədələyir.

İndi gələk başqa bir acınacaqlı məsələnin üzərinə. AFFA-nın rəhbərliyi, yaxud mətbuat katibi səlahiyyətlərindən sui-istifadə edərək qurumdan asılı olan klubların da media münasibətlərində soyuqluq yaradıb. Faktiki olaraq, bu gün bir neçə klub, o cümlədən “Neftçi”nin mətbuat xidməti AFFA-nın bir bölməsinə çevrilib və ordan gələn sifarişləri icra etməklə məşğuldur. Bəs, “Neftçi” guya müstəqil klub idi?

Bütün bunlar problemlərin yalnız kiçik bir hissəsidir və zaman-zaman bu məsələlərə toxunmağa çalışacağıq. Amma ümid edək ki, buna ehtiyac qalmayacaq, AFFA-nın rəhbərliyi və mətbuat katibi birinci növbədə özlərinin imicinə ziyan vuran bu zərərli addımdan çəkinəcək, ölkənin müstəqil idman mediası ilə peşəkar münasibətlərə söykənən şəffaf münasibət quracaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın