“Yalandan tərifləməklə biz futbolumuza ancaq ziyan vura bilərik”

“Yalandan tərifləməklə biz futbolumuza ancaq ziyan vura bilərik”
MÜSAHİBƏ 15 Oktyabr 2019 / 15:12 4408
-  A +

Millimizin sabiq üzvü Bəxtiyar Musayevin Qol.az saytına müsahibəsi


- İlk olaraq, başlayaq sabiq iş yeriniz “Keşlə”dən. Seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərirdiniz. Oradan niyə ayrıldınız?

- Qısaca deyim ki, çempionat bitdi və belə qərar gəldik ki, yolumuza birlikdə davam etməyək. Bu qədər.

- Siz klubda işlədiyiniz vaxtlarda media “Keşlə”ni çox tənqid edirdi.

- Mən qış toplanışından sonra öz fikrimi bildirmişdim. “Keşlə”də qalmaq istəmirdim. Zaur müəllimə də demişdim. O da çempionatın bitməyini gözləməyimi tövsiyə etmişdi. Gördüm ki, qış toplanışından sonra komanda istənilən kimi güclənmədi. Hiss edirdim ki, komanda yüksək pillələr uğrunda mübarizə apara bilməyəcək. Ayrılmaq fikrimi də Zaur müəllimə dedim. O da bildirdi ki, qalıb, mövsümün sonuna kimi işimi davam etdirim. Elə oldu ki, mart ayından komandanın nə məşqlərində, nə də digər işlərində iştirak etdim.

- Hazırda bir çox klub üçün sərbəst şəkildə seleksiya işləri ilə məşğulsunuz. Hansı gənc futbolçuları istedadına görə digərlərindən fərqləndirərsiniz?

- Yerli futbolumuz göz önündədir. Bu məsələ bizim yaralı yerimizdir. Təəssüf ki, çox az istedadlı gənclər üzə çıxır. Mən cavanlardan ən çox “Qarabağ”da çıxış edən İsmayıl İbrahimlini bəyənirəm. Görürsən ki, onda ağıl, düşüncə, topla rəftar var. İsmayılın oyunu mənim üçün çox qənatbəşxdir. Öz üzərində bir az da çalışmalıdır və inanıram ki, çalışır da. Gözəl kollektivdədir, yanında, sağ-solunda oynayan yaxşı futbolçular da var. Onlardan istifadə edib, müsbət şeylər götürməlidir.

- Milli komandalarımızın çıxışları ilə bağlı fikirləriniz necədir? Bu gün AFFA-nın fəaliyyətindən narazılıq az deyil. Bundan başqa çempionatın səviyyəsi aşağıdır. Macarıstanla matçı yəqin ki, izlədiniz. Fikirləriniz necədir?

- Təəssüf ki, son dəqiqələrdə vurduğumuz qol sayılmadı. Avropada, bütün dünyada bizim oyunumuzu izləməsələr də, tarixdə nəticə qalır. Amma millimizin göstərdiyi oyunla bağlı bunları demək mümkün deyil. Heç-heçəyə layiq idikmi? Məncə, qəti deyildik. Çünki göstərdiyimiz oyun göz önündədir. İlk qapıya zərbəmizi oyunun sonlarına doğru vurmuşduq, o da uğursuz alınmışdı. Çox acınacaqlı vəziyyətdir. Onu da qeyd edim ki, Macarıstan da Avropada top komandalar içində deyil. Bir neçə legioner həyatı yaşayan futbolçuları var. Amma onlar da öz klublarında lider oyunçular sayılmırlar. Yəni ortabab futbolçulardır. Onlara qarşı biz belə oyun oynadıq. Əzmkarlıq göstərən futbolçular var idi. Amma hücumda müsbət heç nə görünmədi. Birinci onu demək istəyirəm ki, Pavel Paşayev hər cür şey edir ki, milli komandada oynamasın. Amma elə hər dəfə də millidə oynayır. Uelslə matçda öz qapımıza qol vurdu. Ümumyyətlə, o, həmin matça köklənməmişdi. Xorvatiya ilə oyunda isə rəqibə hər cür şərait yaradırdı ki, qoruduğu cinahda rahat hücum etsinlər. Təsadüfi deyil ki, 1-ci hissədən sonra yerinə başqa futbolçu meydana daxil oldu. Sonuncu oyunda da 90 dəqiqə meydanda qaldı. Düzdür, bu görüşdə Maksim iştirak etmirdi. Eşitdiyimə görə, Abbas Hüseynovun da zədəsi olub. Amma həmin mövqedə Ömər Buludov oynaya bilərdi. Pavelin artıq 31 yaşı var, milliyə heç bir faydası yoxdur. Bilirsiniz, nə hücuma qoşulur, nə də müdafiədə yaxşı oynayır. Rəqibin üstünə deyil, ancaq geri gedir. Məncə, onda top almaq qabiliyyəti də sıfır səviyyədədir. Oyunun gedişində bir dəyişiklik oldu. Almeyda zədələndi, onun yerinə Araz meydana daxil oldu və Yurçeviç Ağabalanı mərkəzə çəkdi. Ağabala ortada nə vaxt oynayıb?

Mən heç görməmişəm. Axı, o, oyun qurucusu deyil. O, cinah yarımmüdafiəçisi və hücumçusu xüsusiyyətlərinə malikdir. Ortada oynamaq futbolçudan başqa xüsusiyyətlər tələb edir. Hardasa, 12 dəqiqə topsuz qaldıq. Nə baş verdiyini yəqin bir Yurçeviç bilirdi. Daha sonra Təmkini oyundan alıb, yerinə Cavidi saldı və Ağabala yenə cinaha qayıtdı. Ağabala 3-4 mövqedə oynadı. Biz Avropadan həm texniki, həm taktiki cəhətdən geri qalırıq. Daha çox güc, sürət cəhətdən arxadayıq. Bizim kimi komandalarda məşqçi işi qabarıq şəkildə görünməlidir ki, futbolçularımızda olan əskikliklər aradan qalxsın. Ona görə Yurçeviç millimizə dəvət olunub. Əgər Yurçeviç belə böyük taktiki səhvlər edirsə, biz onda lap uçuruma gedirik. Yəni, Bəhlulun potensialını görmürsə, Ağabalanı mərkəzdə oynadırsa, bu, bizi yerin dibinə salır. Bizim kimi millilərdə məşqçi işi görsənməlidir.

- Hər kəs oyun haqda danışarkən, tək müsbət hal kimi Bəhlul Mustafazadənin gənc olmasına baxmayaraq, soyuqqanlı, inamlı oyunundan danışır.

- Bəhlul məsələsində bəzi media orqanları yazırdı ki, onu milliyə Yurçeviç qazandırdı. Amma mən deyərdim ki, daha əvvəldən onun potensialını görmək lazım idi. Bəhlul yayda keçirilən Macarıstan və Slovakiya ilə oyunların toplanışında belə iştirak etməmişdi. Nəzərə alaq ki, keçən mövsüm “Qəbələ”də çox inamlı çıxış edirdi. Təsəvvür edin, Rahil və Bədavi zədələnməsə idi, Bəhlul yenə də kölgədə qalacaqdı. Keçən ilki oyunlarını görüb, Bəhlulu necə milliyə çağırmayasan? İndi Yurçeviçi qəhrəman kimi qələmə verilir. Guya Bəhlulu o qazandı, amma belə deyil. Onu keçən ildən kəşf etməliydi. Elə çıxmasın ki, mən onun indiki oyunlarına baxıb, bu qənaətə gəlirəm. Uelsə matçdan öncə “CBC Sport” telekanalında verilişlərin birində dedilər ki, Bədavi, Rahil zədəlidir, meydanda olmayacaq. Məcburiyyətdən həmin oyun Bəhlul oynamalı idi və ilk oyunu olacaqdı. Mənə də sual verdilər ki, bu, çox riskli deyil? Mən o futbolçunu U-19 millimizin Avropa çempionatının seçmə mərhələsində çıxış edəndə izləmişdim, oyunu çox xoşuma gəlmişdi. Səhv etmirəmsə, 1-2 il öncə səfərdə İsraillə keçirilən qarşılaşmaya baxmışdım və Bəhlulun oyununda geriləmə olduğu üçün çox təəssüf etmişdim. Ötən il isə "Qəbələ"nin heyətində çox yaxşı çıxış edirdi.

- Sizə görə millimizin uğursuzluqlarında günahın böyük hissəsi baş məşqçi Nikola Yurçeviçdədir?

- Evdəki 2 oyunda böyükhesablı məğlubiyyət olduqdan sonra yəqin ki, Yurçeviçdə qorxu hissi yarandı. Evdə macarlara uduzduğumuz oyundan futbolçuların motivasiyaya ehtiyacı vardı. Çempionat bitəndə fasilə, tətil olur. Oyunçularda yorğunluq yaranır. Mən də futbol oynayanda həmin mərhələlərdən keçmişəm. Məşqçi futbolçuları oyuna kökləməlidir. Yenə deyirəm, milli bizim yaralı yerimizdir. Yalandan tərifləməklə biz millimizə və futbolumuza ancaq ziyan vura bilərik. Doğruları söyləməliyik. Hamımız əl-ələ verib, bu vəziyyətdən çıxmalıyıq. Durum hazırda çox pisdir.

- Sizcə, uğursuzluqlarda AFFA-nı yox, yalnız futbolçuları və məşqçini  günahlandırmaq nə dərəcədə doğrudur? Nəzərə alaq ki, indiyədək demək olar ki, heç bir uğuru olmayan məşqçini yığmaya gətirərək ondan uğur gözləmək də reallıqdan uzaqdır.

- Məşqçi kimi Slaven Biliçin köməkçisi olub. Səhv etmirəmsə, təkcə Zaqreb "Dinamo"sunda baş məşqçi olub.

- Zaqreb “Dinamo”sundan çox qısa vaxtda-  sadəcə, 3 ayda klubdan qovulub.

- Bəli. Bilirsiz necədi, məşqçilərlə danışıqlar aparılanda hiss etmək olur ki, nəyə qadirdilər, planları nədir. Düzdür, əvvəlki karyeraları da nəzərə alınmalıdır. Amma çağırıb, görüşüb, danışıq aparanda hiss etmək olur ki,  planları nədən ibarətdir, hansı dəyişiklikləri edə bilərlər. Elə məşqçilər var ki, əvvəlki klublarında elə də uğurlu bir iş görməyib, amma çox iddialı, həvəslidir işləməyə. Bir də görürsən ki, onlar da nəticə verə bilir. Əlbəttə,  gərək bu nüansların hamısı  daha öncədən hesablanmalı, nəzərə alınmalı idi.  Kimdi, necədi, harda işləyib və s.Yəqin ki, Yurçeviçlə Obradoviçi qənaətbəxş sayıblar, ona görə dəvət ediblər. Amma hələlik nəticələr əksin deyir.

- Milli komandamız hazırkı mərhələdə ən pis nəticəsini göstərir – 6  görüşdən cəmi 1 xal toplayıb. Yurçeviçdən əvvəl Qurban Qurbanov, Robert Prosinçeki də gözləntiləri vermədi. Yəni, bu, ilk deyil ki, verilən qərarlarda səhvə yol verilməsi normal qarşılansın. Bu barədə nə düşünürsünüz?

- Düzü, müqayisə etmək istəmirəm, amma bizim vaxtımızda şərait bərbad vəziyyətdə idi. İki dəfədən artıq məşq etmək olmurdu. Səfərdə böyükhesablı məğlubiyyətlərimiz olsa da, evdə əməlli-başlı mübarizə aparırdıq. Rəqibə rahat 4-5 qol vurmağa imkan verimirdik. Təəssüf ki, indi də irəli əvəzinə, əvvəlki dövrə qayıdırıq. Son oyunlar bizi ümidsizliyə qapanmağa məcbur edir. Elə bil, çox dərin quyuya düşürük.

- Sizin oynadığınız dövrdəki milli ilə indikini müqayisə etsək, görərik ki, nəticələr aşağı-yuxarı eynidir. İrəliləmək əvəzinə sanki daha da geriləyir.

- Yenə deyirəm, müqayisə etmək olmur, deyiləsi deyil. Mən 10 ildən çox “Neftçi”də çıxış etmişəm. Məşqdə cəmi, 3-4 topumuz olurdu. Onun da sadəcə, 1-i normal oyun topu olurdu. “Neftçi”nin köhnə məşq bazasında başını qaldırıb topa belə baxa bilmirdin. Kələ-kötür meydançada məşq edirdik. Oyunlar da elə meydançalarda keçirilirdi. Biz düz meydança axtarırdıq.  Ot olmasa belə, düz olsun. Həm də ki, heç bir klubun nahar verməyə imkanı olmurdu. Futbolçuların qalmağa şəraitləri yox idi ki, məşq edib, yeməyini yeyib, bir az istirahət etdikdən sonra 2-ci məşqə çıxsınlar. “Neftçi”də olanda cəmi bir dəfə Tükiyəyə toplanış üçün getmişdik. Oradan da avtobusla qayıtdıq. Yəni bunlar hazırkı vəziyyətlə müqayisəyə edilməzdir. Səfər oyunları təcrübəmiz yox kimi idi. İldə cəmi bir dəfə, o da qış vaxtı milli səviyyəsində ya Kiprə, ya da Bolqarıstana yollanırdıq. Toplanışda oynadığımız klublar da Rusiyanın 1-ci, 2-ci dəstə klubları idi. Heç milli ilə oynamaq söhbəti belə getməzdi. Sonra da birbaşa seçmə mərhələnin matçlarına çıxırdıq.

- Oyun təcrübəsi azalığı yəqin ki, təsir edirdi.

- Bəli, oyun təcrübəsi həddindən artıq önəmlidir. Biz Avroliqada oyunlara baxırıq, məsələn, "Borussiya" (Münhenqladbax) evdə 4 top fərqi ilə Avstriya komandasına uduzur. Bundesliqa kimi çempionatda çıxış edən komanda Avropa Liqasında, Çempionlar Liqasında təcrübəsi olmadığı üçün məğlub olur. Belə müqayisələr çoxdur. Mən həm futbolçu, həm də məşçi kimi bunların şahidi olmuşam. Yəni, təcrübədən çox şey asılıdır. Bir də ki, fiziki güc deyilən amil bizdə çox aşağı idi.

- Hər bir halda, şəraitiniz zəif, oyun təcrübəniz az olsa da, amma istək, mübarizə var idi.

- Elədir, həmin vaxt futbolçu keyfiyyəti də çox güclü idi. Çünki Sovet məktəbindən çıxmışdılar. İndi baxırsan, sadə ötürmələri belə qavramırlar. Çempionata baxanda bu, lap ifrat dərəcədə görünür. Uşaqlıqdan təməl qurulmalıdır. Bizim dövrümüzdə uşaq futbolu məktəbində elə məşqçilər işləyirdi ki, həmin lazımlı şeyləri aşılayırdılar. Mən 17 yaşım olanda "Neftçi"nin heyətində çıxış edirdim. İndi isə 22-23 yaşlı futbolçulara deyirlər ki, cavandır, gəncdir...

(Ardı olacaq)

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər