İşlər fırıq olanda azarkeşlər yada düşür

İşlər fırıq olanda azarkeşlər yada düşür
YAZARLAR 14 Sentyabr 2019 / 12:07 3529
-  A +

“Futbol azarkeşlər üçündü” cümləsini zaman-zaman futbol funksionerlərinin və klub prezidentlərinin ağzından eşidirik. İşlər fırıq olan kimi azarkeşlər yada düşür, tribunaların boş qalmasından üzüntü ifadə edilir. Düzdü, bu sözlərdə həqiqət payı nə qədərdisə, qeyri-səmimilik də o qədərdi.

Siz Azərbaycan çempionatında, kubokunda sonuncu dəfə nə vaxt dolu tribunalar, anşlaq gördüyünüzü xatırlayırsız? Mən səmimi deyim ki, xatırlamıram. Boş tribunalar özünə hörmət edən legioner futbolçuları Azərbaycana gəlməkdən vaz keçdirən əsas amillərdəndi. Azərbaycan futbolu azarkeşlər üçün o qədər maraqsızdı ki, hətta biletsiz, pulsuz giriş belə heç bir maraq oyatmır, onları stadiona gətirmir. Buraxın ölkədaxili yarışları, dünya ikincisi Xorvatiyanın gəlişi belə hətta “Bakcell Arena” kimi aztutumlu stadionun tribunalarının dolmasına bəs etmir...

Bakıdan təxminən 500 km məsafədə yerləşən qonşu İranın paytaxtı Tehranda isə insanlar stadiona buraxılmadıqları üçün sözün əsl mənasında özünü öldürür. Yəqin futbolla yaxından maraqlananlar bir neçə gün əvvəl “İstiqlal” klubunun oyununa buraxılmayan bir qızın özünü yandıraraq intihar etməsindən xəbərdardı. İranda futbol matçları zamanı qadınların stadiona girişi qadağandı. Düzdü, çoxları buna məhəl qoymur, kişi paltarında sevimli komandalarını tribunadan dəstəkləyir. Səhər Xudayari adlı xanım da belə futbol azarkeşlərindən idi. O həmişəki kimi sevimli komandasının oyununu canlı izləmək istəyirdi. Amma bu dəfə polis ona qarşı amansız davranıb həbs etdi. Səhər 6 ay həbs cəzası verən məhkəmənin qarşısında özünü yandırdı. Həkimlərin bütün səylərinə baxmayaraq onu xilas etmək mümkün olmadı və Səhər Xudayari 29 yaşında həyatla vidalaşdı. Bu qızın tək “günahı” futbolu sevməsi idi. Bütün dünya İran hökümətini qınayır. Futbol üzrə İran milli komandasının kapitanından “İstiqlal”ın bütün üzvlərinəcən çoxları qonşu dövlətin özündə bu hadisəyə böyük narazılıq bildirir. Bundan sonra İranda qadınlarla bağlı bu biabırçı qadağanın ləğvi gözlənilir.

İranda qadınların stadiona buraxılmamasına baxmayaraq, stadionlar boş qalmır. Sözsüz ki, qonşumuzda futbolun bizimlə müqayisədə daha yaxşı inkişafının vacib səbəblərindən biri də bu amildi.

Qayıdaq Azərbaycana. Bəlkə azarkeşlərin stadiona gəlməməsinin səbəbi futbolu sevməməyimizdi?  Birmənalı olaraq yox! Azərbaycanda futbolu sevənlərin sayı ölkədəki bütün stadionlardakı oturacaqlardan dəfələrlə artıqdı. İmkanlı azərbaycanlılar hər həftə Londona, Mançesterə, Barselonaya, Madridə, Moskvaya, İstanbula və başqa şəhərlərə sevimli klublarının oyunlarını canlı izləməyə gedir. Mən şəxsən bu səhnəni bir neçə dəfə görmüşəm. Hətta, “Çelsi” - “Mançester Yunayted” oyununa gedən bu iki komandanın azarkeşləri bir dəfə Bakı-London təyyarəsinin biznes-sinfini tam doldurmuşdu. Təəssüf ki, həmin varlılar heç vaxt öz stadionlarımızın tribunalarını doldurmayacaq.
 
Amma tribunalarımızı “yetim qoymayan” iki azarkeş qrupu da var. Onlar sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ”-“Neftçi” oyununa bəzək ola bilərdi. Yəqin ki, bildiniz ki, söhbət “Forza “Neftçi” və “İmarət”dən gedir. Çox təəssüflər olsun ki, bir müddətdir etiraz əlaməti olaraq tribunadan çəkildiyini bəyan edən “Forza “Neftçi” azad azarkeş qrupunun rəhbəri Sübhan Əliyev bir neçə gün əvvəl açıqlama verərək boykot qərarını qüvvədə saxladıqlarını bildirib.
“İmarət”dən də sevindirici xəbərlər gəlmir. Premyer Liqada tək bu turun yox, dövrənin mərkəzi oyununda, çempionluq uğrunda mübarizə aparan iki komandanın qarşılaşmasında böyük ehtimalla tribunalarda gözlədiyimiz gözəl mənzərini görməyəcəyik. Tribunalardakı vəziyyət meydandakı mübarizəyə, futbola da birbaşa sirayət edir. Ona görə də, bu dəfə “Qarabağ” - “Neftçi” oyunu sönük keçsə təəccüblənməyin.

Bütün bunlardan sonra klub və futbol rəhbərlərimizin “Futbol azarkeşlər üçündü” sözlərini nə qədər qeyri-səmimi dediklərinə əmin olursan. Anlaşılan bu ki, futbol rəhbərlərimizə işlərini rahat görmək üçün azarkeş lazım deyil. Bəlkə də regionlarda futbol olmamasının səbəblərindən biri də budu. Çünki əyalətlərdə stadionlar demək olar ki, həmişə dolu olur. Dolu tribunalar futbolun mütləq inkişafına xidmət edən faktordu. Görünür, bu futbol rəhbərlərimizə sərfəli deyil.

Bakıdan bir neçə saatlıq məsafədə, islam respublikasının dini məhdudiyyətləri üzündən stadionda futbola baxa bilmədiklərinə görə futbolsevərlər özünə qəsd edir. Heç bir məhdudiyyət olmayan paytaxtımızda isə tribunaları boş qoymayan son insanların futbol sevgisi bilərəkdən öldürülür.

Azərbaycan futbolunun azarkeşlərinin, fanatlarının böyük əksəriyyəti kasıb təbəqədi. Onlar Londona, Madridə, başqa yerlərə gedəcək imkanda deyillər. Biləcəridən o tərəfə, Sumqayıta, Zirəyə son manatlarını, qəpiklərini verib gedirlər.

“İmarət” və “Forza “Neftçi” tribunalarımızın “sonuncu mogikanları”, az qala nəsli kəsilməkdə olan sonuncu möhtəşəm azarkeş və fanatlardı. Barı, onları qoruyaq. Onsuz da bütovlükdə iflic vəziyyətə salınan futbolumuz kimi tribunalarımızın da sabahı çox dumanlı görünür...

Anar ŞABANOĞLU

 

Son xəbərlər
09.12.19  14:44

Rusiyaya şok qadağa

09.12.19  11:35

550-ci səfər qolu

09.12.19  11:08

Miçel 100-ə çatdı

09.12.19  09:40

"Sevilya"dan xal itkisi