“Ümidsizliyə qapılmaq lazım deyil” - Şahin Diniyev

“Ümidsizliyə qapılmaq lazım deyil” - Şahin Diniyev
ÖLKƏ FUTBOLU 24 Avqust 2019 / 09:25 5185
-  A +

“Yekunda gözəl oyuna yox, gözəl nəticəyə ehtiyac duyulur”.

Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Avropa Liqasının pley-off mərhələsinin “Linfild” – “Qarabağ” matçını (3:2) şərh edərkən bildirib.

O, “Linfild”in deyildiyi qədər zəif olmadığını diqqətə çatdırıb: “Ümumilikdə bu tipli matçlar iki oyundan ibarət olduğundan istənilən nəticə qeydə alına bilər. Məsələn, “Barselona” , “Zenit” kimi komandalar da bu tipli matçlarda ilk oyunda böyük hesabla məğlub olub, ancaq cavab matçında qələbə qazanaraq mərhələ adlaya biliblər. Bununla yanaşı yekunda gözəl oyuna yox, gözəl nəticəyə ehtiyac duyulur. Hesab etmirəm ki, ilk oyunda məğlub olmasına baxmayaraq, “Qarabağ” qrup mərhələsindən kənarda qalacaq. Şimali İrlandiya futbol ölkəsidir. Bir sıra oyunçuları İngiltərənin aşağı liqa klublarına çıxış edirlər. Bununla belə, hazırda “Qarabağ”ın qarşısında duran əsas hədəf bu rəqibi məğlub edib qrup mərhələsinə vəsiqə qazanmaqdır”.

Mütəxəssis “Qarabağ”ın ilk oyunda məğlub olmasından sonra komandaya qarşı edilən tənqidlərə münasibət bildirib: “Ağdam təmsilçisi biabırçı hesabla uduzmayıb və buna görə də cavab oyununda onun qələbə şanslarının olmadığını demək əsassızdır. Əvvəlcə də qeyd etdiyim kimi, Şimali İrlandiya göydəndüşmə bir ölkə deyil, əsl futbol ölkəsidir. Müasir futbolda güclü tərəf amili yoxdur. Görürük ki, APOEL “Ayaks”la heç-heçə edir. Ümidsizliyə qapılmaq lazım deyil. Cavab oyunundan sonra bütün məsələlərə aydınlıq gələcək. “Qarabağ” hər cəhətdə rəqibdən güclüdür. Ancaq əsas olan oyuna köklənməkdir. Motivasiya amili burada böyük rol oynayır. “Linfild” “Qarabağ”ın keçə biləcəyi bir rəqibdir”.

Qeyd edək ki, “Qarabağ” və “Linfild” arasında cavab oyunu avqustun 29-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı