Sergey Sokolov: “Bizim vaxtımızda milli komanda daha güclü idi”

XƏBƏR 20 Noyabr 2008 / 14:51 4528
-  A +

“Yenidən Azərbaycan milli komandasında çıxış etmək istərdim. Ancaq ürəyimdə inciklik qalıb”. Bunu aiki illik fasilədən sonra Azərbaycan milli komandasına çağırılan Zaqatalanın “Simurq” klubunun 31 yaşlı müdafiəçisi Sergey Sokolov deyib.
Berti Foqtsun ilk dəfə yığmamıza çağırdığı əslən rus futbolçu bu dəvəti gözlədiyini bildirib. Sokolovun vurğulayıb ki, uzun müddət futboldan kənarda qalmasına baxmayaraq, öz oyunu ilə yığmaya layiq olduğunu sübut edib: “Futbolçu yerində dayanmamalı, hər gün öz üzərində çalışmalıdır. Bu, səviyyəni qaldırmaq üçün vacibdir. Mən də bu ilin yayından şərəfini qoruduğum “Simurq”da özümü göstərmək məqsədilə əlimdən gələni edirəm”.
Milli komandamızın Albaniya yığması ilə yoldaşlıq görüşünü izləyən Sergey qələbə qazanmalı olduğumuzu söyləyib: “Matçın doğma azarkeşlər önündə keçirilməsi, rəqibin bir hissə azlıqda oynaması qələbəni zəruri edən amillər idi. Əvvəlki ilə müqayisədə, yığmanın heyəti çox dəyişib. Fikrimcə, bizim vaxtımızda Azərbaycan milli komandası daha güclü idi. Həmin vaxt oyun dəst-xətti nəzərə çarpırdı”.
Şahin Diniyevin yığmamızda baş məşqçi işlədiyi zaman “milliləşdirilən” Sokolovun başqa bir məsələ də qayğılandırır. O, yenidən dopinq-testdə ilişməkdən ehtiyatlanır: “Yığmadan incikliyim həmin məlum dopinq qalmaqalı ilə bağlı idi. Təqsirim olmadığım halda, məni günahkar çıxardılar. İstəməzdim ki, bu iş başıma gəlsin. Buna görə də AFFA, o cümlədən yığma rəhbərliyi ilə söhbətləşmək istəyirəm. Yığmadakı gələcək taleyim bundan asılıdır”.
Qeyd edək ki, 2006-ci ilin oktyabrında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Belçikaya qarşı keçirilmiş görüşdə Sokolovdan götürülən test müsbət nəticələnmişdi. Orqanizmində istifadəsi qadağan olunan maddə tapıldığından FİFA onu 18 ay diskvalifikasiya etmişdi.

Mənbə: APA-Sport

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı