Natiq Əliyev idmançıları mükafatlandırdı - Şəkillər

Natiq Əliyev idmançıları mükafatlandırdı - Şəkillər
XƏBƏR 24 İyun 2019 / 17:50 3181
-  A +

İyunun 10-16-da Ukraynanın Koblevo şəhərində universal döyüş üzrə Avropa Çempionatı keçirilib.

Qol.az-ın məlumatına görə, yeniyetmə, gənclər və böyüklər arasında təşkil olunan yarışda ölkəmizi Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov, baş katib Aydın Abdullazadə və məşqçilər heyətinin rəhbərliyi altında 17 idmançı təmsil edib. Yığmamızın üzvləri uğurla çıxış edərək onlara bəslənilən etimadı doğruldublar. Belə ki, bütün yaş qrupları üzrə keçirilən yarışda idmançılarımız ümumilikdə 8 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar.

Bugünlərdə Avropa Universal Döyüş Federasiyasının prezidenti, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general mayor Natiq Əliyev Avropa çempionatından vətənə uğurla dönən komandanın üzvləri ilə görüşüb. Tədbirdə federasiya rəsmiləri, məşqçilər heyəti və idmançılar iştirak ediblər. Natiq Əliyev idmançıları təbrik edərək əldə olunan nəticəni yüksək qiymətləndirib.

O qeyd edib ki, Azərbaycan dünya idmanı ailəsinin ən layiqli üzvlərindən biridir: "Sevindirici haldır ki, Azərbaycan idmançılarının əldə etdikləri uğurlarda universal döyüşçülərimizin də payı var. İnanıram ki, bundan sonra da Avropa Universal Döyüş Federasiyası olaraq bu sahənin inkişafına öz töhfəmizi verəcəyik”. Çıxış edən məşqçilər və idmançılar uzun müddətdir bu yarışa hazırlaşdıqlarını, Avropa çempionatında əzmlə mübarizə apardıqlarını, qarşıya qoyulan məqsədə çatdıqlarını qeyd ediblər.

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov Avropa çempionatında 25 ölkədən 500-dən artıq idmançının iştirak etdiyini vurğulayıb. O idmançıların Avropa çempionatına müvafiq proqram əsasında mərhələli şəkildə hazırlaşdıqlarını bildirib: "Avropa Çempionatı yüksək səviyyədə təşkil olunmuşdu. Bir sıra yeni Avropa ölkələri də ilk dəfə qitə çempionatına qatılmışdı. Çempionatın baş katibi Avropa və Azərbaycan Universal Döyüş Federasiyalarının baş katibi həmyerlimiz Aydın Abdullazadə idi. Komanda üzvlərinin əsas rəqibləri ev sahibi Ukrayna ilə yanaşı, Latviya, Litva, Polşa, Moldova, Bolqarıstan idmançıları idi. Qitə çempionatı Beynəlxalq Federasiyanın yeni qaydaları əsasında klassik və layt versiyaları üzrə keçirildi. Bildiyiniz kimi burada maneələr silsiləsi yox idi. Bundan sonra maneələr silsiləsi ancaq hərbçilər arasında keçirilən yarışlarda tətbiq olunacaq”.

Azər Həsənov Avropa Universal Döyüş Federasiyasının prezidenti Natiq Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib və qeyd edib ki, hazırda federasiyanın əsas məqsədi Beynəlxalq Hərbi İdman Şurasına CIZM daxil olmaq və Azərbaycanı orada layiqincə təmsil etməkdir. O bu barədə də məlumat verib: "Qitə çempionatına Mərkəzi Ordu İdman Klubunun rəisi, CIZM-in Azərbaycan nümayəndə heyətinin sədri polkovnik Rəşad Quliyev də dəvət olunmuşdu. Bildiyiniz kimi, CIZM özündə 137 ölkəni birləşdirir. Universal döyüş idman növünün hərbçilər arasında keçirilən Dünya Oyunlarının proqramına salınması üçün Avropa və Beynəlxalq Universal Döyüş Federasiyaları tərəfindən CIZM ilə sıx əməkdaşlıq aparılır. Yarış çərçivəsində müxtəlif ölkələrin CIZM nümayəndələrinə bu idman növünün incəlikləri barədə məlumatlar verildi.

İnanırıq ki, yaxın vaxtlarda bu məsələyə baxılacaq”.

Görüşün sonunda qitə çempionatında mükafat qazanmış idmançılar Avropa Universal Döyüş Federasiyasının prezidenti Natiq Əliyev tərəfindən mükafatlandırılıblar.










Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı