"Xorvatiyaya sürpriz edə bilərik" - Bədavi Hüseynov

"Xorvatiyaya sürpriz edə bilərik" -  Bədavi Hüseynov
ÖLKƏ FUTBOLU 19 Mart 2019 / 19:40 3246
-  A +

AÇ-2020-nin seçmə mərhələsində martın 21-də Xorvatiyanın qonağı olacaq millimizin müdafiəçisi Bədavi Hüseynov bu gün - Zaqreb səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb.

- Qarşıdakı oyunla bağlı nə deyə bilərsən? Xorvatiya yığması ilə səfər matçına necə hazırlaşmısınız?

- Hər şey yaxşı keçdi. Bakıda 3 gün hazırlığımız oldu. Yeni baş məşqçiylə tanış olduq. Komandada yaxşı atmosfer var. Çətin olacaq, yaxşı rəqiblə qarşılaşacağıq. Bunu yaxşı başa düşürük. Ona görə səfərə yaxşı əhval-ruhiyyədə yollanırıq. Çalışacağıq ki, evə xallarla qayıtmaq üçün hər şey edək. Bilirik ki, bu, çox çətin olacaq. Ancaq futbolda hər şey mümkündür. Ona görə yalnız yaxşı şeylər haqqında düşünürük.

- Müdafiənin mərkəzində sizinlə gənc futbolçulardan biri tandem təşkil edəcək. Bu, ya Rahil Məmmədov, ya da Anton Krivotsyuk olacaq. Belə olan halda, bütün ağırlıq sizin üzərinizə düşəcək...

- "Qarabağ"da Rahillə birgə oynamışıq. Özü də bir yox, bir neçə qarşılaşmada. Hər oyundan-oyuna anlaşmanı daha da yaxşılaşdırırıq. Səhvlərimiz də olub, bunu da başa düşürük. Çalışacağıq ki, onları aradan qaldıraq. Əlbəttə, ilk oyunda çətin olacaq. Milli komanda istənilən halda tam fərqlidir, məsuliyyət daha böyükdür. Hər halda, mənə onlarla birgə oynamaq rahatdır. Onlar çempionatda da az oynamayıblar. Başa düşürəm ki, mənim üzərimdə məsuliyyət daha çox olacaq.

- Onlardan hansı ilə oynamaq daha yaxşı olardı?

- Krivotsyukla yığmada heç vaxt oynamamışam. "Neftçi"dəki çıxışını izləyərəkən, görürsən ki, yaxşı potensialı var. Gənc futbolçudur, 5 müdafiəçiylə də oynayır, müdafiənin solunda da. Baş məşqçi Krivotsyuku oynatsa, məncə, problem olmayacaq.

- Baş məşqçi Nikola Yurçeviç Xorvatiayaya qarşı heyətdə hündürboylu futbolçulara yer verəcəyini açıqlayıb. Bu, o deməkdir ki, sizinlə Məmmədovu oynadacaq?

- İkimizi, Şəhriyar Rəhimovu, Maksim Medvedevi götürsək, bizdə boy, standart vəziyyətlərdə oynamaq problemi çoxdandır. Məmmədov bu vəziyyətdə yaxşıdır, çünki başla yaxşı oynayır. Bu, işimizə yarayan amildir.

- Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev kimi oyunçularla komanda yoldaşı olmusunuz. Sizə elə gəlmir ki, indi millidə lider yoxdur?

- Yəqin ki, düz deyirsiniz, aşkar seçilən lider yoxdur. Rəşad uzun illər kapitan olub, bu, oyunda da hiss olunurdu, həyatımızda da. Fikrimcə, artıq digərlərinin zamanıdır. Medvedev uzun müddətdir millidə çıxış edir. İndi o, komandanı öz əlində saxlamalıdır, kapitan kimi keyfiyyətləri, təcrübəsi var.

- Müsbət nəticə nə dərəcədə realdır? Bir dəfə Xorvatiyada ağır məğlubiyyətlə üzləşmişik...

- Bu, futboldur, yaxşı nəticəylə qayıtmaq istəyirik. Ümid edirik ki, əvvəlki bir daha olmayacaq.

- Milli ilə son matçda Kosovoda ağır məğlubiyyət almısınız...

- Əlbəttə, bu haqda düşünürük, bizi təzyiq altında saxlayır. Azarkeşlər də bunu unutmayıblar. Bu, artıq yeni tsikldir. Hər şeyi unutmaq, yeni oyun, azarkeşlərin bizdən gözlədiyi futbolu göstərmək istəyirik. Çətin olacaq. başa düşürük, nə edək?

- Gəlin, pozitiv məqamlara toxunaq. Zaqrebdə xal götürmək realdırmı?

- Məncə, bəli. Niyə də yox? Onu nəzərə alaq ki, rəqibin ciddi itkiləri var, onlar da yeni komanda yığıblar. Dünya çempionatında olan futbolçularından çoxu gedib. Ola bilər ki, bu nöqteyi-nəzərdən biz də onlara hansısa sürpriz edə bilərik. Yenə də ona qayıdırıq ki, Xorvatiya yığması hər bir heyətlə güclüdür.

- Neqativ odur ki, azarkeşlər sizə inanmır...

- Aydındır ki, bu, nəticəylə bağlıdır. Qələbələr olanda azarkeşlər bizə inanırlar. Bunu gözəl başa düşürük.

- Hər halda, Xorvatiyayla Bakıda heç-heçə oynaya bilmisiniz...

- Doğru qeyd edirsiniz. Ancaq doğma meydan başqa şeydir, səfər oyunu isə tam fərqlidir. İstənilən halda, yaxşı şeylər düşünəcəyik. Fikrimcə, futbolda hər şey mümkündür.(report.az)

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın