Zaur Tağızadəyə görə 1 milyon istəməsəydilər...

Zaur Tağızadəyə görə 1 milyon istəməsəydilər...
ÖLKƏ FUTBOLU 21 Fevral 2019 / 14:50 6219
-  A +

Zaur Tağızadə mediaya qapalı biridir. Amma hər nə qədər qapılıdısa, bir qədər də istiqanlı, şəxsiyyəti bütöv insandı. Şəxsi tanışlığımızın tarixçəsi 2000-ci ilə gedib çıxır.

Bu o dövr idi ki, jurnalistlər sırf müsahibədən qaçdığına görə ondan tez-tez narazılıqlar edir, Zaurun ulduz xəstəliyinə tutulduğunu yazırdı. O narazı yazılardan birini də mən yazmışdım. Bir müddət sonra görüşdük, aramızda isti münasibət yarandı. O dərəcədə ki, Zaurun demək olar, müsahibəni elə ancaq mənə verməyə başladı.

Futbolçu kimi bizə onsuz da məlum olan üstün keyfiyyətlərini bir kənara qoysaq, onu başqalarından fərqləndirən bir keyfiyyəti də qeyd etməyi vacib bilirəm. Klubuna, daha doğrusu, “Neftçi”yə sadiqliyini. Pulun göydən sel kimi töküldüyü vaxtda o, “Xəzər Lənkəran”dan aldığı təklifdən imtina edərək “Neftçi”də qalmaq istəmişdi. İstəmişdi, amma bacarmamışdı. Çünki “Neftçi”nin o vaxtkı rəhbərliyinin biganə münasibətinə görə sevimli klubunu tərk etmək məcburiyyətində qalmışdı, amma “Xəzər Lənkəran”a keçməmişdi də.

Aşağıda paylaşdığım xəbərdən bir hissə 2010-cu ilin sentyabrında Qol.az-da yayımlanıb. Oxuyun və bu faktı həmişə yadda saxlayın ki, bizim futbolda pulu özünün həyat kredosu seçməyən 5-10 faiz insan da var.

“Lənkəran klubu rəhbərliyi ötən mövsüm başa çatdıqdan sonra Tağızadəni “ağ-yaşıl” formada görmək istəyib. Tağızadə “Neftçi”də qalıb oynamaq istəsə də, flaqmanın baş məşqçisi Arif Əsədov onu futbolçu kimi heyətdə görmək istəmədiyini çatdırıb. Bu zaman 31 yaşlı yarımmüdafiəçiyə “Xəzər Lənkəran”dan sərfəli təklif gəlib. Amma Tağızadə çox düşünmədən təklifdən imtina edib. O, “Neftçi”nin prinsipial rəqibinə keçməkdənsə, sonadək “ağ-qaralar”a sadiq qalmağı üstün tutub.

Həmin vaxt “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş Ağasəlim Mircavadov və klubun vitse-prezidenti Tuyqun Nadirov isə verdikləri açıqlamada Tağızadənin yayda onların maraq dairəsinə düşdüyünü təsdiqləyiblər”.

“Neftçi”nin klubunun rəhbərliyi öz canlı əfsanəsinə dəyər qoymağı bacarmamışdı. Klubdan ayrıldıqdan sonra Qurban Qurbanovun dəvəti ilə futbol fəaliyyətini məşqçi kimi “Qarabağ”da davam etdirmək qərarı vermişdi. Zaur o vaxtdan Ağdam klubunda çalışır. Onunla son dəfə ötən ay Antalyada görüşəndə müsahibədən qaçdığına görə bizim idman mediasının narazılığını da çatdırdım. Gülərək dedi ki, sadəcə, müsahibə vermək istəmir. Mənsə öz fərziyyəmi deyim. Zaur sakit biridi, sanki öz dünyası var və futbolumuzdakı bu qədər xoş olmayan mühitdən bacardıqca uzaq durmağa, onun barəsində fikir bildirməməyə çalışır. Ona söylədim ki, heç olmasa, millimizin Portuqaliya ilə tarixi matçı haqda yazılar, verilişlər hazırlananda Vitor Bayanın ayaqları arasından keçirdiyi o məşhur qol barədə danışmalıdı. Cavab verdi ki, mənə heç kim bununla bağlı müraciət etməyib. Sonra yenə gülərək əlavə edir:

- Bu haqda o qədər danışmışam ki...

- 19 il əvvəl danışmısan.

- Nə olsun?! Arxivdən istifadə edin də...

Əlbəttə, müsahibə verib-verməmək bir futbolçunun ölkə idmanı qarşısındakı layiqli xidmətinə qətiyyən kölgə sala bilməz. Zaur Tağızadə həqiqətən müstəqil Azərbaycan futbolunun ən istedadlı, amma eyni zamanda karyerasının zirvəsində və çox gənc yaşda olanda tez-tez zədələnmələrinə görə bəxtsiz nümayəndələrindən biri sayılır. Bununla belə, 2000-ci ildə AFFA-nın rəhmətlik prezidenti Fuad Musayev o vaxtkı bazar qiymətləri ilə bir azərbaycanlı futbolçu olan Tağızadəyə, elə Zaurun özünün dediyinə fantastik məbləğ (1 milyon dollar) tələb etməsəydi, onun təkidlə heyətinə çağıran İsveçin “Hammarbü” klubuna keçidində bir əngəl qalmaz və bəlkə də futbolumuzun Avropadakı layiqli elçilərindən biri olardı... Amma olmadı.

Buna baxmayaraq, hətta Azərbaycanda oynaya-oynaya belə Zaur bizim futbolun çərçivələrini aşacaq istedada sahib olduğunu sübut edə bilmişdi. Heyətində Luiş Fiqu, Rui Koşta, Vitor Baya kimi ulduzların yer aldığı Portuqaliyanın qapısından qol keçirəndə heç 20 yaşı tamam olmamışdı. Bu gün isə onun 40 yaşının tamam olduğunu “Qarabağ”ın Feysbuk səhifəsindəki paylaşımda gördüm. 20 il necə sürətlə gəlib gedib. 20 il...

Bu 20 ildə nə klublarımız, nə də milli üçün ikinci Zaur yetişdirə bilmədi bizim futbol sistemi. Amma bu gün çox giley-güzar etməyin zamanı deyil.

İndi deyiləcək, sadəcə bir söz var: doğum günün mübarək, “Qızıl oğlan”!

Aydın BAĞIROV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı