Stadionlarımız niyə boş qalıb? – mütəxəssislər danışır

Stadionlarımız niyə boş qalıb? – mütəxəssislər danışır
ÖLKƏ FUTBOLU 18 Fevral 2019 / 15:59 3708
-  A +

Peşəkar Futbol Liqasının saytında Topaz Premyer Liqanın 17-ci turunun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Qəbələ” oyununu 2000 azarkeşin izlədiyi göstərilib.

Təbii ki, bu rəsmi protokolda göstərilən rəqəmdir. Oyunu tribunadan izləyən istənilən şəxs Tofiq Bəhramov adına Respublika stadionunda ümumilikdə heç 1500 tərəfdarın olmadığını asanlıqla söyləyə bilər. Lap protokoldakı kimi olsa belə, ölkənin əsas komandalarından ikisinin oyununa 2000 min yox, ən azı 10-12 min nəfər gəlməlidir. Əslində bu, yeni problem deyil. Premyer Liqa Bakı çempionatına çevirildikdən sonra fanatların da ayağı stadiondan kəsilib.

Görəsən, bunun kökündə dayanan problem təkcə əyalət təmsilçilərinin elitada yox dərəcəsində olmasıdır, yoxsa başqa amillər də var? Məsələnin mahiyyətini nəzərə alaraq, bir neçə mütəxəssisə müraciət etdik.


"Nə qədər ki, Premyer Liqada region komandalarının sayı azdır, çox azarkeş görə bilməyəcəyik"



Nadir Nəbiyev

Vaxtı ilə “Turan”, “Neftçi”, “Xəzər Lənkəran” kimi klubların formasını geyinmiş, hazırda isə birinci divizionda mübarizə aparan Tovuz klubunun icraçı direktoru Nadir Nəbiyev Qol.az-a müsahibəsində problemin birbaşa Premyer Liqada bölgə klublarının olmaması ilə bağlı olduğunu düşünür: “Azarkeş ilk növbədə maraqlı oyun görmək üçün stadiona gəlir. Nə qədər ki, Premyer Liqada region komandalarının sayı azdır, çox azarkeş görə bilməyəcəyik. Hələ indiki vəziyyətdə lider komandaların oyunlarında 1000-2000 tərəfdar görürüksə, bu, yaxşı göstəricidir. Bir oyunumuz yadıma gəlir, səhv etmirəmsə, 2004-cü il idi, “Tofiq Bəhramov”da “Qarabağ”la oynayırdıq, stadion ağzına kimi dolmuşdu. Futbolçu da hiss etməlidir ki, futbolu harada oynayır. İndiki oyunlar adi məşqə oxşayır. O vaxtı bizim məşqlərə toplaşan azarkeş indi Premyer Liqa oyunlarına baxmağa gələnlərdən çoxdur. Bunun əsas səbəbi komandaların sayının az olmasıdır. Fikirləşib, bir yol tapıb, onların sayını çoxaltmaq, imkanlı şəxsləri futbola cəlb etmək lazımdır. Xüsusilə də region təmsilçilərinin Premyer Liqada iştirakını təmin etmək lazımdır. Əlbəttə, bu gün “Turan Tovuz”un yüksək dəstədə oynamağını istəyərəm. Amma şərt deyil ki, bizim bölgə təmsil olunsun. “Kəpəz” gəlsin, “Zaqatala” gəlsin, əsas odur ki, region komandalarının sayı çox olsun. Belədə oyunlara maraq artacaq, stadionlara daha çox azarkeş gələcək”.

"100 uşaqdan 5-i Qəbələyə, Bakıya gedirsə, yerdə qalan 95-i itib-batır"

N.Nəbiyev birinci divizionda oynaması səbəbindən artıq “Turan Tovuz”un da matçlarına marağın kəskin azaldığını, azarkeşlərin stadiona əvvəlki kimi gəlmədiyini bildirib. Klub rəsmisi bunun səbəbini də açıqlayıb: “Hardasa 2 il bundan qabaq oyunlarımıza ən azı 3 min azarkeş gəlirdi. Bu gün isə ümumi götürsək, 300-500 fanat olur. Onlar da fikirləşirlər ki, “Turan Tovuz” çempion olsa, hara gedəcək? Heç yerə. Elə divizionda qalacaq. Amma əvvəl düşünürdülər ki, komanda çempion olsa, Premyer Liqada oynaya bilər. Bu səbəbdən artıq bölgələrdə də insanların stadiona getməyə marağı qalmayıb. Yenə deyirəm, Premyer Liqada klubların sayı artırılmalı, xüsusən də uşaq futboluna diqqət ayırılmalıdır. Amma bir məsələ də var ki, gəlin, görək, region klublarını Premyer Liqaya buraxsalar, onlar lisenziyalaşdırmanın tələblərini yerinə yetirə biləcəklər, ya yox? İlk növbədə hər bölgədə akademiyalar olmalıdır. 100 uşaqdan 5-i Qəbələyə, Bakıya gedirsə, yerdə qalan 95-i itib-batır. Çünki çox valideyn uşağını futbola qoymaq istəmir, deyir, təhsili olsun. Ancaq bölgələrdə akademiya olsa, uşaqlar orada həm təhsil alar, həm də futbol oynayar”.


Yunis Hüseynov: "Vaxt vardı, paytaxta bölgədən ən azı 40 avtobus azarkeş gedirdi"



Yunis Hüseynov

Vaxtı ilə “Karvan”, “Xəzər Lənkəran” klublarını çalışdıran, son olaraq “Kəpəz”ə başçılıq etmiş Yunis Hüseynov isə hesab edir ki, problemin əsas səbəbi Premyer Liqada cəmi 8 komandanın olmasıdır: “Yalnız “Qəbələ”ni çıxmaq şərtilə, komandaların hamısı Bakıdadır. Sizə bir faktı deyim. Məsələn, Sumqayıt Bakıdan 25-30 kilometr kənarda yerləşir. Bu şəhərin komandasının ev oyunlarında heç olmasa, stadiona azarkeş gəlir. Əgər regionlarımızda futbol olmasa, azarkeş də olmayacaq. Bunu birdəfəlik yadımızda saxlamalıyıq. “Xəzər Lənkəran”ın o vaxt Bakıda oyunu olanda paytaxta ən azı 40 avtobus azarkeş gedirdi. O cümlədən, “Xəzər Lənkəran” hansı rəqibi evdə qəbul edirdisə, həmin komandanın azarkeşləri də lənkəranlı fanatlara baxıb, öz komandalarını səfər oyununda dəstəkləməyə gəlirdilər. Mən “Karvan”da işləyəndə regionlarda kifayət qədər klubumuz var idi. Eyni şeylər həmin vaxt da olurdu. “Karvan”ın səfər oyunlarına heç olmasa 30 avtobus azarkeş gedirdi. Bu da ən azı 1000 nəfər edirdi. Amma bu gün Bakı çempionatı gedir deyə, stadiona azarkeş gəlmir. Bir “Neftçi”dir, bir də “Qarabağ”, onların da 1500-2000 nəfər fanatı var. Başqa sıravi insanlar stadiona gedib, azarkeşlik etmirlər. Rayonlarda futbol olmadıqca, azarkeş sarıdan çətinliklər olacaq. Çox uzağa getməyək, ötən mövsüm “Kəpəz” aşağı sıralarda ola-ola, hər ev oyununa ən azı 8-10 min adam gəlirdi. Yeganə çıxış yolu bölgə klublarının Premyer Liqada iştirakıdır. Çünki stadiona getmək üçün insanlarda ilk növbədə həvəs olmalıdır. Bu həvəs bölgələrdə var. Ancaq Bakıda bunu görmək mümkün deyil. İnandırım sizi ki, çox adam Azərbaycanda çempionatın nə vaxt başlayıb, nə vaxt bitdiyini bilmir. Tamamilə məlumatsızdırlar. Sıravi insanlardan soruşsan ki, “Kəpəz”, “Keşlə”, “Səbail” harada oynayır, bəlkə də bilməyəcəklər. Amma həmin klubları bir rayona versəydilər, ev oyunlarına heç olmasa 5-6 min azarkeş toplaşacaqdı. Bakıdakı oyunlara əyalətdən fanatlar gələcəkdi. Bununla nəsə etmək olardı”.


Mircavadov: "Çoxdandır, "Tofiq Bəhramov"da olmuram"


Ağasəlim Mircavadov

AFFA Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqşi Ağasəlim Mircavadov isə azarkeşlərin stadiona gəlməməsində klubları günahlandırır: “Azarkeş hansı oyuna gəlməlidir? Maraqlı oyuna. Bundan başqa, hansı stadionda oyuna baxmalıdır? Səliqəli, oturacaqları yerində olan. Çoxdandır, Tofiq Bəhramov adına Respublika stadionunda olmadığımdan, oradakı şəraiti bilmirəm. Amma bilirəm ki, çox stadionda oturacaqlar bərbad vəziyyətdə olur. Birincisi, gərək, özünlə əski aparasan, oturacaqları silib, təmizləyəsən. İkincisi, maraqlı oyun olmalıdır. Üçüncüsü isə stadiona gələn insanların sayının çox olmasını istəyiriksə, ilk növbədə ziyalı azarkeşləri dəvət olunmalıdır. Ziyalı olmasa, fanat da olmayacaq. Niyə Lənkəranda, Gəncədə stadiona azarkeş gəlir, burada gəlmir? “Xəzər Lənkəran”ın ev oyunları zamanı anşlaq yaşanırdı. Stadion 14 min tuturdu, minimum o sayda da insan gəlirdi. Hətta elə vaxt olurdu, tərəfdarlar pilləkənlərdə otururdu. Klub öz azarkeşlərinda maraq oyadırdı. Əsas məsələ budur. Maraq olmasa, heç kim gəlməyəcək. Marağı yaratmaq üçün isə klublar ilk növbədə yaxşı oynamalıdır. Bu, daha çox onların işidir. Özləri azarkeşlərin gəlişində maraqlı olmalıdır. Bir dəfə UEFA-nın iclasında qurumun nümayəndəsi soruşdu ki, klublarınızın oynadıqları stadion onların özünə məxsusdur. “Yox” dedik. Söylədi ki, çalışın, stadion klubların özlərinin olsun ki, bilet satsın, qarşısında mağazalar olsun, gəlir götürsün. Doğrudan da bu, olmalıdır. Görün, neçə il keçib. Klublar artıq işləməlidirlər. Nə vaxta qədər sponsor pul ayrıracaq? Elə bil onların pul maşını var. Klub özü də pul qazanmalıdır. Pul hardadır? Avroliqada, Çempionlar Liqasında. Mən ingilis azarkeşlərinə həsəd aparıram. Hansısa oyuna stadiondan baxmaq istəsən, bilet tapa bilməzsən. Çünki azarkeşlərin 60-70 faizi daimi abunəçilərdir. SSRİ dövründə “Neftçi”nin ev oyunlarını keçirdiyi mərkəzi arenada da belə idi. Ziyalı azarkeşlərdən xahiş edirdilər, onlar da stadiona gəlib, komandaya dəstək verirdilər. Yanında olan gənc fanatlar danışmırdılar. Söyüş söymür, başqa hərəkətlər etmirdilər. Yenə deyirəm, azarkeşləri stadiona klublar cəlb etməlidirlər. Nə etməli olduqlarını özləri yaxşı bilirlər. Klubun tərkibində sırf azarkeşlərlə işləmək üçün xüsusi şöbə lazımdır. Azarkeşləri bir yerə yığmalı, onlara sahib çıxmalıdır ki, həmin insanlar da iş-gücünü atıb, stadiona gəlsinlər. Mən bölgələrdə çox işləmişəm. Orada bir dənə afişa vururdular, kifayət edirdi. 3-5 nəfər cavan uşaqla azarkeşlik olmaz. Onların heç olmasa 50 faizi ziyalılar olmalıdır. Bölgələrdə futbola fikir verməliyik. Orada stadiona adam gəlir. Futbola, komandaya sevgi var. İndi hamısı yola verir”.

Mütəxəssislərin dediklərində həqiqət payı çoxdur. Bəli, bölgələrdə futbol olmalıdı. Bu məsələni yoluna qoymaq üçün isə ilk növbədə Gənclər və İdman Nazirliyi və AFFA ciddi səylər göstərməlidi. Təəssüf ki, o səyləri də biz görmürük...
 
Elnur SALAHOV

Daha çox


Son xəbərlər