"İranda çox pul qazansa da, Azərbaycanda oynamaq istədi" - Ayxan Abbasov

"İranda çox pul qazansa da, Azərbaycanda oynamaq istədi" - Ayxan Abbasov
MÜSAHİBƏ 20 Yanvar 2019 / 13:15 4680
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibə verib. Hazırlıq prosesini dəyərləndirən mütəxəssis digər məqamlara da toxunub.

-Mövsümün ikinci hissəsinə hazırlıq necə gedir? Təlim-məşq toplanışı istədiyiniz kimi keçirmi, yoxsa əlverişsiz hava sizə problem yaradır?

- Planda müəyyən dəyişiklik etdik. Yanvarın 15-də oyun keçirməli idik. Hava şəraiti ilə bağlı matçın vaxtını ayın 16-na dəyişdik. Bu, bir az problem oldu. Dünən də rəqib oynamaqdan imtina etdi. Bir az bununla bağlı çatışmazlıq var. Çünki komandaya oyun yüklənməsi lazım idi. Amma qalan hər şey qaydasındadır. Təlim-məşq toplanışında bu cür hallar olur.

- İlk oyununuz yağışa görə təxirə düşdü. Dünən isə Bosniya və Herseqovina təmsilçisi “Çelik” meydana çıxmaqdan imtina etdi. Bu oyunun alınmaması planlarınıza necə təsir etdi?

- İstəməzdik, belə olsun. Oyun günlərini elə seçirik ki, məşqlərlə uyğun gəlsin. Hamısı bizdən asılı olmayan səbəblərdir. Bunu ikitərəfli oyunla kompensasiya etməyə çalışdıq. Bir tərəfdən də yaxşı oldu ki, bütün futbolçularımızı iş başında gördük. Qarşıda 2 oyunumuz var, bunu sığortalamağa çalışacağıq.

- Komandanı götürəndə problemlər var idi? Var idisə, bunun təxminən neçə faizini aradan qaldıra bilmisiniz?

- Əlbəttə, komandanı götürəndə ümumi analiz etmişdim. Hər məşqçinin öz baxış bucağı var. Sevindirici məqam o oldu ki, tez bir zamanda komandaya uyğunlaşdım. Son 1 ayda çətin oyunlarımız oldu, amma istədiyimiz nəticələri ala bildik. Yenə də heyət baxımından çatışmazlıqlarımız var. Hər mövqeyə bir futbolçu almaq istəyirdik ki, rəqabət olsun. Əsas odur ki, futbolçular istəklidirlər. Bizim komanda öz istəyilə seçilməlidir. Bu günkü gündə futbolçuların məşqə, oyuna yanaşmaları bizi qane edir.

- Narahat olduğunuz mövqelər hansılardır?

- Bizi əsas narahat edən komandanın az qol vurması idi. Hər oyunda imkanlarımız olurdu, amma istifadə etməkdə çətinlik çəkirdik. Bir hücumçu dəvət etmişik. Artıq ön xətdə seçim imkanımız olacaq. Bu isə rəqabət deməkdir. Digər tərəfdə, Şəhriyar “Neftçi” ilə oyunda zədələnmişdi. Hardasa 1 ay bizə kömək edə bilməyəcək. Bir az müdafiə xətti ilə bağlı narahatlığımız var. Çünki sarı vərəqə, zədə olsa, çətinlik çəkə bilərik. Ona görə də bir müdafiəçi transfer etmək istəyirik. Qalan mövqelər normaldır.

- Yeni aldığınız İran azərbaycanlısı Peyman Babayi haqda nə deyə bilərsiniz?

- Babayi dünən ikitərəfli oyunda qol vurmaq bacarığını göstərdi. “Maşinsazi”də son oyunlarına baxmışdıq. İstədiyimiz futbolçu idi. Ona inanıram. Futbolçu bura gəlməkdə çox israrlı idi. Halbuki orada çox yaxşı pul qazanırdı. Hər şeyi gözünün önünə gətirib, “Sumqayıt”da çıxış etmək istədiyini bildirdi. Azərbaycanı çox sevdiyini dilə gətirir. Gəldiyi ilk gündən Azərbaycan dilində sərbəst danışır. Futbolçularla tez qaynayıb-qarışdı. Hər şey normaldır. Demək olar ki,öz yerli futbolçumuz kimidir.

- Bayaq dediniz ki, iki futbolçu – bir müdafiəçi və bir yarımmüdafiəçi almaq istəyirsiniz. Bu məsələ artıq dəqiqləşib, yoxsa hələ danışıqlar mərhələsindədir?

- Hələ ki, baxırıq, danışıqlar gedir. Bilirsiniz, bir neçə futbolçu bəyənmişdik, amma müqavilələri olduğu üçün gətirə bilmədik. Gözləyirik, hər an ola bilər. 3-4 futbolçu var ki, seçim edirik.

- Yerli oyunçulardır?

- Ancaq ölkə xaricində oynayan azərbaycanlılardır.

- “Sumqayıt” mövsümün əvvəlində ev oyunlarını Bakıdakı stadionlarda keçirirdi. Bu da nəticəyə təsir edən əsas amillərdən idi. Ancaq artıq komanda öz rəqiblərini doğma meydanda qəbul edir.Ümumiyyətlə, rəhbərlik sizin qarşısınıza hansı hədəfləri qoyub?

-  Əlbəttə, Sumqayıtda oynamaq üstünlükdür. İlk oyunumuzu azarkeşlərin dəstəyi ilə “Səbail”ə qarşı keçirdik. “Neftçi” ilə kubokun cavab matçında dabu üstünlüyümüzdən istifadə etdik. Həqiqətən Sumqayıtda futbolu sevirlər. Bilirik ki, qışdan sonra çətin olacaq. Çünki bütün komanda heyətlərini gücləndirir. Axırıncı yerlə 3-cü pillə arasında böyük fərq yoxdur. Çalışırıq ki, bu mübarizəyə hazır olaq. Qarşımıza uduzmamaq məqsədi qoymuşuq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı