"Daha sərfəli təklifim var idi, mən xoşbəxtliyi seçdim" - Riçard Almeyda

"Daha sərfəli təklifim var idi, mən xoşbəxtliyi seçdim" - Riçard Almeyda
ÖLKƏ FUTBOLU 13 Yanvar 2019 / 10:28 6223
-  A +

“Astana” klubundan “Qarabağ”a qayıdan və hazırda Ağdam klubunun Türkiyənin Antalya bölgəsindəki təlim-məşq düşərgəsində olan Riçard Almeyda qayıdışı ilə bağlı sualları cavablandırıb.

- “Qarabağ”a qayıdışın haqda danışardın...

- Çox sevincliyəm. “Qarabağ” “Astana” ilə əlaqə saxlamışdı, həm birdəfəlik transfer, həm icarə ehtimalları var idi. İcarə variantı ortaya çıxanda klub çox səy göstərdi. Buna görə rəhbərliyə təşəkkür edirəm. Başqa təkliflərim də var idi. Məsələn, Cənubi Koreyadan daha sərfəli təklif almışdım, amma xoşbəxtliyi seçdim. Bundan əvvəl həm ailəm, həm özüm burda çox xoşbəxt hiss etmişdim. Həm də “Qarabağ”ın yeri mənim üçün başqadır. Ailə kimiyik. “Astana”da da özümü xoşbəxt hiss edirdim. Çox şey öyrəndim. Onlara da təşəkkür edirəm ki, məni buraxdılar. Çətin oldu, ancaq hər iki tərəf razılığa gələ bildi. “Qarabağ”a qayıtmaq variantı yarananda ailəmlə müzakirə etdik və hamı buna müsbət yanaşdı.

- Belə çıxır ki, “Astana”ya gedəndən sonra başa düşmüsən “Qarabağ”da nə qədər xoşbəxt olduğunu...

- Bir çox faktorlar var ki, qayıdışımda rol oynadı. Azərbaycanda həmişə özümü xoşbəxt hiss etmişəm. Millini də təmsil edirəm. Özümü azərbaycanlı kimi hiss edirəm. İdman prinsipi ilə baxanda “Astana”da istədiyim kimi olmadı hər şey. Bundan başqa, klub maddi cəhətdən çətinliklərlə üzləşib. Başqa bir futbolçunu da satdılar. Yenə təkrar edirəm, mən xoşbəxtliyi seçdim. Pulu üstün tutsaydım, Cənubi Koreyaya gedərdim.

- 1 illik icarə əsasında gəlmisən. Ümid edirsənmi ki, qayıtmazsan və “Qarabağ”da qalarsan?

- Hələ 1 il var. Ondan sonra “Astana” ilə müqavilənin bitməsinə 6 ay qalacaq. Bu məsələlərə qarışmıram. Agentim danışacaq. Görək, nə baş verir.

- “Qarabağ”dan gedəndə komanda çempion idi, indi ikinci sıradadı. Sənə yaxşı tanış olan Reynaldo da qayıdıb, özün də burdasan. Vəziyyəti düzəltmək mümkün olacaqmı?

- Desəm ki, hər şey bizdən asılıdır, digər komanda yoldaşlarıma hörmətsizlik etmiş olaram. Eyni zamanda, rəqiblərimizə də hörmətlə yanaşmalıyıq. “Neftçi”, “Qəbələ”, “Sabah” layiqli rəqiblərdir. Əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiq olduğu yerə qaldıraq. Bəllidir ki, söhbət çempionluqdan gedir.

- Forman necədi?

- Braziliyada məşq edirdim. Fiziki olaraq yaxşı hiss edirəm. Sadəcə topla çalışmağa ehtiyac var.

Mənbə: Futbolpress.az

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı