Millinin yeni baş məşqçisi nə vaxt açıqlanacaq? - "Biz də narahatıq"

Millinin yeni baş məşqçisi nə vaxt açıqlanacaq? - "Biz də narahatıq"
MÜSAHİBƏ 27 Dekabr 2018 / 12:54 4056
-  A +

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Qol.az-a müsahibə verib. Milli komandaya baş məşqçi təyinatı ilə bağlı danışan mütəxəssis yeni çalışdırıcının adının 2019-cu ilin yanvar ayının əvvəllərində açıqlana biləcəyini istisna etməyib.

- Milli komandanın yeni baş məşqçisi ilə bağlı məsələ nə yerdədir?

- Axtarışlar davam edir. Hələlik heç bir yenilik yoxdur. Biz də gözləyirik. Namizədlər var, amma siyahı açıqlanmadığı üçün konkret bir şey deyə bilməyəcəyəm.

- Məşqçilər Komitəsi olaraq, hansısa mütəxəssisin adını AFFA-ya məsləhət görüb, namizədliyini irəli sürmüsünüz?

- Biz heç vaxt kiminsə namizədləyini irəli sürmürük. Bu, hər zaman belə olub. Federasiya öz namizədlərini açıqlayandan sonra biz onlar haqda məlumat toplayıb, fikir bildirmişik. Bu dəfə də eyni cür olacaq.

- Gələn ilin martında AÇ-2020-nin seçmə mərhələsi başlayacaq. Yəqin, siz də razılaşarsınız ki, təyinatlar gecikir. Yeni baş məşqçilərin adları nə vaxt açıqlanacaq?

- Çox güman ki, bu il olmayacaq. Çünki artıq ilin başa çatmasına çox az vaxt qalıb. Vaxt baxımından biz də narahatıq, gözləyirik. Yəqin ki, yeni ilin ilk iş günlərində nəsə olacaq. Amma bunu da tam dəqiq deyə bilmərəm.

- Mətbuatda DÇ-2018-də İspaniya millisinə başçılıq etmiş Fernando Yerronun adı hallanır. Namizədlər arasında həqiqətən onun da adı varmı?

- Yenə deyirəm, siyahıdan xəbərimiz olmadığı üçün konkret bir söz demək çətindir. Yaxşısı budur, yeni ili gözləyək. Yanvar ayının əvvəllərində bir çox məsələlərə aydınlıq gələcək.

- Bəs U-21-in baş məşqçisi nə vaxt müəyyənləşəcək. Bu vəzifəyə namizədlərlə bağlı da kifayət qədər söz-söhbət var. Son olaraq, serbiyalı mütəxəssis Milan Obradoviçin adı hallanır...

- Hazırda bu vəzifəyə bir neçə yerli və əcnəbi namizəd var. Alternativ variantlardan biri də Obradoviçdir. Amma bu, onun yüz faiz U-21-ə baş məşqçi təyin olunacağı anlamına gəlmir. Namizədlər arasında Portuqaliya, Serbiya və Xorvatiyadan məşqçilər var. Ümumiyyətlə, biz bir nəfərin üzərində dayanmırıq. Ola bilər ki, yaxın günlərdə U-21-in yeni baş məşqçisinin adı açıqlansın.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord