“Bu il bir dənə də olsun qol vura bilmədım” - Cavid Hüseynov

“Bu il bir dənə də olsun qol vura bilmədım” - Cavid Hüseynov
MÜSAHİBƏ 19 Dekabr 2018 / 15:20 3038
-  A +

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Qol.az-a müsahibə verib. Ölkə kubokunun 1/4 final mərhələsinin "Sabah"la cavab oyunu ərəfəsində şansları dəyərləndirən yarımmüdafiəçi başa çatmaqda olan ildəki çıxışına və digər maraqlı məqamlara da toxunub.

- Sabah ölkə kubokunda cavab oyununa çıxacaqsınız. Səncə, evdəki minimal hesablı qələbə "Sabah"ı keçmək üçün kifayət edəcəkmi?

- Əlbəttə ki, edə bilməz. 1:0 hesablı qələbə hələ heç nə demək deyil. Çünki rəqib 1 qol vurub, oyunu əlavə vaxta apara bilər. Yenə də şanslar bərabərdir. Hər şeyə sıfırdan başlayacağıq. İnanıram ki, yaxşı olacaq.

- Bu mövsüm çempionatda işləriniz elə də yaxşı getmir. Turnir cədvəlindəki mövqeyiniz də bunu deməyə əsas verir. Bu mənada düşünmək olarmı ki, "Qəbələ" əsas fikrini məhz kuboka yönəldəcək?

- Yox, belə düşünmək doğru olmaz. Hər ikisi bizim üçün vacibdir. Gücümüz hara kimi çatsa, ora kimi gedəcəyik. İnsan daha artığını etmək istəyir, amma bəzən görürsən ki, bacarmırsan. Həm kubokda, həm də çempionatda maksimum nəticə qazanmaq istəyirik.

- Artıq Topaz Premyer Liqada qış fasiləsidir. Mövsümün ilk yarısını 17 xalla 5-ci sırada tamamladınız. Necə düşünürsən, harda səhv etdiniz ki, "Qəbələ" bu gün ilk 3-lükdə deyil?

- Bilirsiniz, indiki durumumuz elədir ki, nə o tərəfliyik, nə də bu tərəflik. Ortada qalmışıq. Xallara da baxsanız, bunu görə bilərsiniz. Mövsümün ilk hissəsindəki çxışımıza çox yaxşı demək olmaz. Amma pis də deyil. Necə deyim, əslində mənim özümün qiymətləndirməyimdə o qədər düzgün çıxmır. Nə yaxşıdır, nə də pis. Çox oyun oldu ki, qələbə qazanmalı olduğumuz halda son dəqiqələrdə qapımızdan qol buraxıb xal və ya xallar itirdik. Bundan başqa, hazırda bizdə yuxarıda qərarlaşan "Səbail" heç nədən texniki qələbələrin hesabına 5 xal qazandı. Həmin xalları çıxsaq, bizdən aşağıda olardılar. Amma futboldur, belə hallar olur. Məhz bu səbəblərə görə "Qəbələ" bu gün 5-ci pillədədir.

- Artıq il başa çatmaq üzrədir. 2018-i özün üçün necə xarakterizə edərdin?

- Həmişə özümdən razı qalmayan, özümü tənqid edən bir insan olduğumdan 2018-ci ili elə də yaxşı olmadı. Çünki il başa çatır, bu mövsüm bir dənə də olsun qol vurmamışam (gülür). Əvvəllər qış fasiləsinə kimi heç olmasa 4-5 qolum olurdu

- Problem nədədir, niyə qol vura bilmirsən?

- Yaxşı formada deyiləm. Yəqin buna görədir. Bəlkə də indiki mövqeyimdən asılıdır. Bu mövsüm topu bir qədər arxadan qəbul edirəm, hücuma çox da yaxın oynamıram. Düzdür, bunlar bəhanə deyil. Qol vurmaq üçün əlimə şanslar düşür, dəyərləndirə bilmirəm.

- Bir qədər fərqli mövzuda danışaq. Qurban Qurbanovun milli komandadan istefaya göndərilməsi haqda çox danışıldı, fikir bildirildi. Sənin bu məsələyə münasibətin də həm futbol ictimaiyyəti, həm də azarkeşlər üçün maraqlıdır. Qurbanovun gedişini necə qarşıladın?

- Sizin də dediyiniz kimi, bu məsələ haqda yetəri qədər fikir bildirilib. Mən danışsam, nə olacaq, danışmasam, nə olacaq. Ona görə də heç bu mövzuya girmək istəmirəm. Hərənin öz fikri var. Mənim bugün bu haqda danışmağım vacib deyil.

- Çox güman ki, millinin yeni baş məşqçisi əcnəbi mütəxəssis olacaq. İstimaiyyətdə belə bir fikir var ki, Qurban Qurbanovdan sonra yığmanı ancaq əcnəbi çalışdırmalıdır. Sən necə düşünürsən?

- Neçə illərdir ölkənin ən yaxşı məşqçisi Qurban müəllim olur. Hardasa məntiqi cəhətdən düz fikirdir. Digər yerli mütəxəssislər hamısı klublardadır. Ona görə də inanmıram ki, elə bir yerli namizəd olsun. Düşünürəm ki, əcnəbi mütəxəssis olacaq.

-  Seçmə mərhələnin startına 3 aydan da az vaxt qalıb. Qrupdakı rəqiblərimiz isə kifayət qədər güclü komandalardır. Yeni baş məşqçinin hələ də müəyyənləşməməsi vaxt baxımından yığmaya mənfi təsir göstərməyəcək?

- Açığı, bu barədə indidən nəsə demək çətindir. Amma məşqçi seçiləndən sonra yəqin ki, toplanış keçiriləcək. Belədə yeni çalışıdırıcının öz sistemini qurmağa, komandanı tanımağa vaxtı olacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı