Yalquzaq

Yalquzaq
YAZARLAR 14 Dekabr 2018 / 21:05 8133
-  A +

Üçüncü dəfədir ki, Rəşadı meydanda oyunçu kimi yox, insan kimi, üzərində ağır bir məsuliyyət olan komandir kimi görürdüm. Hər üçündə də Rəşad sanki hər şeyə üsyan edirdi. Həmin anlarda meydanda Avropa Liqasında oynayan bir komandanın kapitanı yox, bir yalquzaq, bir qurd görürdüm.

Birinci dəfə Rəşadı “İnter”ə vurulan halal qoldan sonra maykasını başına çəkib göz yaşını gizlədən zaman sanki kəşf etdim. Həmin an mənim üçün Rəşad üzünü Tanrıya tutub fəryad edən bir boz qurd idi. Bu məyus qurd sanki Tanrıya da biz sözümüzü deyəcəyik deyirdi. Və sonrakı illər Rəşadın bu fəryadının əbəs olmadığını sübut elədi.

İkinci dəfə Rəşad iki il əvvəl Bakıda məğlubiyyətdən sonra “İmarət” fan klubunun “Ən böyük kapitan, bizim kapitan” deyə çağırışına cavab olaraq onlara qarşı gələndə kəşf etdim. Rəşadın gəlişini və gedişini təsvir etmək çox çətindi... Bu gəlişi və gedişi ancaq Vətən üçün heç nəyi əsirgəməyən, məsuliyyəti kiminsə boynuna atmaq barədə düşünməyən komandirin gəlişi və gedişi ilə müqayisə etmək olardı. Onun bu hərəkətinə isə fanatlar “başını dik tut, kapitan, hər zaman arxandayıq” deyə reaksiya verdi.

Və nəhayət, Londonda "Arsenal"la son oyundakı Rəşad. O hər şeyin - futbolun da, karyerasının da üstündən xətt çəkməyə hazır idi. Sanki Rəşadın daxilindəki yalquzaq yenidən baş qaldırmışdı.
Sözsüz ki, baş verənlər erməni təxribatı adlandırılacaq. Bu təxribata heç kim cavab verməyəcək. Amma Rəşad sanki üzünü Tanrıya tutan bir boz qurd idi. Amma tək idi. Yalquzaq kimi...

Həmin gün təkcə Rəşad yox, həm “Qarabağ”, həm də Qarabağ tək idi...

Asəf QULİYEV

Daha çox

28.09.23

Son xəbərlər