"Məni məşqçiyə yaxınlaşmağa qoymadılar, bazaya da buraxmadılar" – Ruslandan etiraz

"Məni məşqçiyə yaxınlaşmağa qoymadılar, bazaya da buraxmadılar" – Ruslandan etiraz
ÖLKƏ FUTBOLU 10 Dekabr 2018 / 14:20 4763
-  A +

"Ümumiyyətlə, bu haqda danışmaq istəməzdim. Amma bir halda ki, baş məşqçi mətbuata deyib, gəlin, hər şeyi açıqlayım".

Bu sözləri Qol.az-a açıqlamasında "Səbail"in hücumçusu Ruslan Qurbanov bildirib. Aftandil Hacıyevin cəzalandırıb əvəzedici heyətə göndərdiyi futbolçu baş məşqçinin dünən "Qəbələ" ilə oyundan (1:1) sonra onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib:

"20 dəqiqəlik marketə getmişdim ki, özümə şirniyyat alım. Bu, bazadan 100 metr aralıda yerləşir. Məndən öncə də uşaqlar getmişdilər, amma heç nə olmamışdı. 10:40-da bazadan çıxdım, 11:00-da qayıtdım. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Əvəzedici komandaya gedib, məşqlərimi orada edəcəyəm".

Özünə qarşı ayrı-seçkilik edildiyini söyləyən Ruslan haqqında olmayan şeylərin deyildiyini vurğulayıb: "Mən də ayrı-seçkiliyin səbəbini bilmək istəyirəm. Şəxsən özüm 3 futbolçunun marketə getdiyini gördüm. Buna qədər bazada yeməyə nəsə olmayanda, gedib gecə çayla içmək üçün şirniyyat alırdım və heç vaxt belə bir hadisə yaşanmamışdı. Haqqımda olmayan şeyləri demək lazım deyil. Allah hər şeyi görür. Dünən oyuna gələndə hamı mənə yaxınlaşıb, gülürdü ki, bazadan qaçıb, gecə şəhəri gəzmisən. Necə düşünürsünüz, bu, kimin xoşuna gələr? Məncə, klubun daxilində baş verənlər elə orada da qalmalıdır. Çünki orada hər kəsin öz işi var".

Qurbanov Aftandil Hacıyevlə bu barədə danışmaq istəsə də, bazaya buraxılmadığını söyləyib: "Baş məşqçidən nəsə soruşa bilmədim. Sadəcə, dedilər ki, ona yaxınlaşmayım və məni ümumiyyətlə, bazaya buraxmadılar. Mən də evə getdim. Düşünürəm ki, biz danışıb, hər şeyi həll edə bilərik. Heç kimə haqqımda olmayan şeyi danışmağa imkan vermərəm".

Futbolçu bu hadisənin onun "Səbail"dəki gələcəyinə təsir edib-etməyəcəyi ilə bağlı suala isə bu cür cavab verib: "Belə hallar xoşuma gəlmir. İstəmirəm ki, məhz mənim etdiklərimə reaksiya versinlər. Eyni zamanda özümü da haqlı çıxarmıram. Düşünürəm ki, klubla gələcəyimi müzakirə edəcəyik. Müqaviləm gələn ilin mayında başa çatır. Amma heç də hər kəs anlaşmasını sona qədər tamamlamır. Ona görə də yaşayarıq, görərik".

Qeyd edək ki, Aftandil Hacıyev dünən Topaz Premyer Liqanın 14-cü turunun "Qəbələ" ilə qolsuz başa çatan oyunundan sonra keçirilən mətbuat konfransında Ruslanı icazəsiz olaraq bazanı tərk etdiyi üçün cəzalandırdığını söyləyib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı