"Bilmirəm, nə deyim, nə danışım..." - Əfran İsmayılov

"Bilmirəm, nə deyim, nə danışım..." -  Əfran İsmayılov
MÜSAHİBƏ 21 Noyabr 2018 / 14:30 5174
-  A +

Milli komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.az-a müsahibə verib. Yığmamızın UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda səfərdə Kosovoya 0:4 hesablı məğlubiyyətini şərh edən futbolçu nəticəyə görə Azərbaycan xalqından üzr istəyib.

- Səncə, millimiz yenicə yaranmış Kosovo yığmasına niyə bu cür böyük hesabla uduzdu?

- Nə deyim? Açığı, heç kim bu cür məğlubiyyət gözləmirdi. Çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, finala bərabər oyun olacaq. Qrupdan çıxmaq üçün son şansımız idi. Nə etmək olar, futbolda belə şeylər olur. Gözlənilməz olduğu qədər həm də acı məğlubiyyət idi. Demək olar ki, heç nə etmədən uduzduq. Artıq bununla barışmaq lazımdır. Kosovo həqiqətən bizdən güclü oynadılar və layiqli qələbə qazandılar. Bu haqda çox danışmaq lazım deyil. Belə olmağını kimsə istəməzdi. Təəssüf ki, oldu.

- Bildirdin ki, heç nə etmədən uduzdunuz. Maraqlıdır, niyə heç nə etmədiniz?

- Yenə deyirəm, bu haqda çox danışmaq istəmirəm. Artıq unutmaq lazımdır. Hər şey çox gözlənilməz oldu. Heç kim belə olacağına inanmırdı. Bəlkə də rəqib bizdən daha ciddi hazırlaşmışdı. Daha keyfiyyətləri futbolçuları var ki, yığmamızdan yaxşı oynadılar. Bu oyunu unutmaq lazımdır.

- Belə bir matçı, məğlubiyyəti unutmaq mümkündür ki?

- Nə bilim, açığı, unutmaq çox çətin olacaq. Əlimizə bir də belə şans nə vaxt düşəcək, bilmirik. Amma başqa nə demək olar, nə danışa bilərəm ki? Nə cür deyirsiniz, oyun haqqında o cür də danışaq. Tapa bilmirəm ki, nə deyim, nə danışım. Nə desəm, üzrxahlığı əvəz etmir.

- Oyundan sonra AFFA rəhbərliyi komandaya öz iradını bildirdi?

- Yox, heç bir şey demədilər. Ümumiyyətlə, rəhbərlikdən heç kimi görmədik. Sadəcə, aeroportda, təyyarədə görüşdük. Onda da heç nə demədilər. Hamı çox üzgün, dilxor idi, heç kim bir-birilə danışmırdı.

- Bəs Qurban müəllim paltardəyişmə otağında sizə nə dedi?

- İnanırsınız, o da elə bir şey demədi. Paltardəyişmə otağına girdi, fikrini bildirdi ki, zəif oynadıq, çox pis uduzduq. Danışılası bir şey yox idi. Nə AFFA rəhbərliyi, nə məşqçilər, nə də futbolçular indiyə qədər özünə gələ bilib. Ona görə də heç kim danışmır ki, niyə belə olub. Danışılası bir şey yoxdur.

- Necə düşünürsən, bu məğlubiyyətə görə əsas günahkar kimdir?

- Hamı günahkardır. Elə bir hesabla uduzmuşuq ki, hər kəs üzgündür. Hamı özünü günahkar sayır.

- Sonda Azərbaycan xalqına nəsə demək istəyirsən?


- Azərbaycan xalqına nə deyə bilərəm? Həqiqətən çox üzgünük. Nə qədər üzr istəsək, azdır. Xalqımızı başa düşürük. Onlar da qələbə qazanmağımızı istəyirdilər. Belə bir şansı qaçırdığımız üçün xalqımız da üzgündür. Hamıdan üzr istəməyə hazıram. Doğrudan da bu cür məğlubiyyət olmamalı idi. Təəssüf ki, belə alındı.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər