"Diqqətsizlik bizi pis vəziyyətə qoyur" - Maksim Medvedev

"Diqqətsizlik bizi pis vəziyyətə qoyur" - Maksim Medvedev
ÖLKƏ FUTBOLU 21 Noyabr 2018 / 03:30 4830
-  A +

Azərbaycan milli komandasının kapitanı Maksim Medvedev Millətlər Liqasının son qrup matçında - Kosovo yığmasına səfərdə 0:4 hesabıyla uduzduğumuz səfər qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın xəbərinə görə, əsas kapitan Kamran Ağayevin yoxluğunda sarğını daşıyan təcrübəli müdafiəçi əvvəlcə məğlubiyyəti şərh edib. 
 
- Belə ağır məğlubiyyətə səbəb nə oldu? Niyə 2-ci dəqiqədə buraxdığınız qola cavab verə və sonadək özünüzə gələ bilmədiniz?

- Belə baxanda, matça yaxşı hazırlaşmışdıq. Çox yaxşı əhval-ruhiyyəmiz vardı. Meydana nikbin çıxdıq. Bəli, heç kim gözləmirdi ki, ilk qolu belə tez buraxacağıq. Yenə də öz səhvimizdən qapımızda top gördük. Belə götürəndə, məşqdə belə vəziyyətlər üzərndə işləyirik. Ancaq yenə də hansısa diqqətsizlik bizi pis vəziyyətə qoyur. Çox erkən qol buraxmağımız rəqibə döyüşkən əhval-ruhiyyə verdi. Onlar bizə 2-ci qolu vurmağı daha böyük istəklə arzulayırdılar. Sonda buna artıqlaması ilə nail oldular.
 
- Buna necə hazır deyildiniz? Axı, bu, gözlənilən ssenarilərdən biri idi ki, Kosovo birinci qol vura bilər...

- Əlbəttə, hər şeyə hazır idik. Təəssüf ki, futbolçularda bu gün diqqətsizlik,  az konsentrasiya vardı. Bu, bir səbəbdir. İkinci baş məşqçinin göstərişlərini tam yerinə yetirə bilmədik. Üçüncü də 60-cı dəqiqədən sonra komandanın necə yorğun olduğu görünürdü. Nəticədə kosovolulara heç cavab verə bilmirdik. Görünürdü ki, bəzi mövqelərdə boşluqlar var və meydanda açıq futbol getməyə başladı. Onu demək olar ki, Kosovo bu gün çox yaxşı idi.

- Açığı, rəqibin yüksək pressinqinə tam gətirə bilmirdik. Sanki buna hazır deyildik. Halbuki, Maltayla oyunda bunu edə bildiklərini göstərmişdilər...

- Bunu təhlil etmişdik və bilirdik. Özümüz də yüksək pressinq etmək istəyirdik, onlar da. Bizim futbolçuları dərhal bağlayırdılar və ona görə risk edə, mərkəzə ötürmələr verə bilmirdik. Bu üzdən daim topu irəli çıxarırdıq ki, bu da oyunumuzu "sındırırdı". Biz də yüksək pressqinlə onların oyununu "sındırmağa" çalışırdıq, ancaq fərdi keyfiyyətlərdə görünürdü ki, rəqib yaxşı hazırlaşıb. Futbolçularının fərdi oyun keyfiyyətlərinin yüksək olduğunu gördük. Buna görə nə deyəsən?
 
- Belə demək olar ki, həlledici amil rəqibin fərdi planda bizdən sadəcə, güclü olması idi? Ayrı-ayrılıqda futbolçuları götürsək...


- Deyə bilmərəm ki, onlar güclüdürlər. Sadəcə, bu gün o komandada hər şey alınırdı, bizdə isə hücumların çoxunu yekunlaşdıra, sakitcə onların qapısına çata bilmirdik. Necə ki, Farer adalarıyla matçda bunu etmişdik. Başlıca problemi bunda görürəm.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"