"Məşqçi heç vaxt yaxşını qoyub, pisi oynatmaz" - Tərlan Əhmədov

"Məşqçi heç vaxt yaxşını qoyub, pisi oynatmaz" - Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 20 Noyabr 2018 / 14:40 2562
-  A +

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Qol.az-a müsahibə verib. Komandadakı vəziyyətdən danışan mütəxəssis milli komandamızın bu gün UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi vacib oyuna da toxunub.

- "Keşlə"nin sükanı arxasında keçirdiyiniz 3 oyunda 1 heç-heçə, 1 məğlubiyyət və 1 qələbə qeydə alınıb. Yeni komandanızdakı debütünüzü necə dəyərləndirirsiniz?

- Açığı, mən 2-3 oyunla heç nəyi dəyərləndirmirəm. Çünki bizim işimiz sonda bəlli olur. Başlanğıc üçün hələ ki, pis deyil, amma görüləsi işimiz çoxdur. "Keşlə" turnir cədvəlində 7-ci yerdədir. Ona görə də 1 qələbə və 1 heç-heçə bu pillədə olan komanda üçün hələ heç nə demək deyil. Nə vaxtsa yuxarı sıralarda olsaq, deyə bilərik ki, iş görmüşük. Son 3 turdakı nəticələri normal saymaq olar. Amma məni hazırda turnir cədvəlində üst pillələrə çıxmağımız maraqlandırır.

- Artıq komanda, futbolçularla tanışsınız. Klub daxilindəki ab-havanı da bilirsiniz. "Keşlə" niyə bu duruma düşüb?

- Həmin vaxtlarda komandanın içində olmadığım üçün nələrin baş verdiyini bilmirəm. İnanın ki, heç maraqlanmıram da. Artıq bunlar keçmişdə qalıb, qayıtmaq istəmirəm. Çünki bu, futbolçulara da pis təsir edə bilər. Onu deyə bilərəm ki, bu gün "Keşlə" pis təsir bağışlamır. Oyundan-oyuna inkişaf görünür. Futbolçuların məşq prosesinə, öz işlərinə yanaşmasını görürük. Bəlkə də əvvəlki vaxtlarda futbolçuların bir-birilərinə, məşqçilərə etimadı lazımı səviyyədə olmayıb. Çünki indi tamam başqa ab-hava yaranıb. Komanda daxili atmosfer 180 dərəcə dəyişib. Artıq futbolçuların istəyi tamam başqadır. Bəlkə də əvvəlki məşqçilər futbolçularla münasibətə fərqli yanaşıblar. Hamısı ilə ayrıca söhbətimiz olub. Onlar özlərinə qarşı tamam fərqli qayğı olduğunu görməlidirlər.

- Sizcə, "Keşlə"ni yuxarı pillələrə daşımaq üçün çoxmu dəyişiklik lazımdır?

- Mən belə düşünmürəm. Çox dəyişiklikdən sonra komanda daha pis ola bilər. Çünki yenilərin komandaya uyğunlaşması prosesi uzun çəkə bilər. Çox dəyişikliyə ehtiyac yoxdur. Olsa da, cüzi olacaq. Məşqlərdə, son oyunlarda da görürük ki, komandanın özəyi var. Bilirsiniz ki, qarşıda çempionat və kubok oyunları var. Bu matçlarda həm maksimum nəticə qazanmalıyıq, həm də komanda inkişaf etməlidir. Hazırda "Keşlə"də ehtiyac olan yeganə şey birlikdir.

- Bu gün "Keşlə"də Herve Tçami, Ebrima Sohna, Bahodir Nasimov kimi legionerlər var ki, əsas heyətə düşməkdə çətinlik çəkirlər. Onlarla bağlı nə düşünürsünüz?

- Hələ heç kimlə bağlı qərar verməmişik. Çempionat və kubok oyunları dekabrın 20-nə kimi davam edəcək. Bu barədə rəhbərliklə söhbətimiz olmayıb. Kimin gedib, kimin gəlməsini fasilədə fikirləşəcəyik. Sadaladığınız futbolçular əsas heyətə düşə bilməsələr də, bəzilərinin klubla müqaviləsi var. Bu gün yerli futbolçular da var ki, əsas heyətdə meydana çıxmırlar. Bu o demək deyil ki, biz onların hamısını göndərəcəyik. Özləri ilə də danışacağıq. Qarşıdakı oyunlarda onlara şans veriləcək. Bundan maksimum yararlanmalıdırlar. Məşqçi heç vaxt yaxşını qoyub, pisi oynatmaz. İnanmıram, elə bir məşqçi olsun ki, komandasında öz qohumunu, övladını oynatsın. Mənim üçün bütün futbolçular eynidir. Şans verilən futbolçu bundan istifadə edəcək, əzmkarlıq göstərəcəksə, əlbəttə ki, sabah əsas heyətdə oynayacaq.

- Yəqin ki, qışda komandaya yeni futbolçular gələcək. Daha çox hansı mövqeləri gücləndirmək istəyirsiniz?

- Bəzi mövqelərə yavaş-yavaş futbolçu axtarmağa başlayacağıq. Bu, yerli də ola bilər, əcnəbi də. Ancaq bunun hansı mövqelər olduğunu açıqlamayacağam. Çünki bu komandadakı bəzi futbolçulara mənfi təsir göstərə bilər. Dekabr ayında bu məsələlərə aydınlıq gələcək.

- Yoxlama oyununda divizion təmsilçisi "Qaradağ-Lökbatan"nı 5:1 hesabı ilə məğlub etdiniz. Komandanızın oyunundan razı qaldınızmı?

- Düzdür, bu oyunda futbolçuların ifasında bəzi istədiyim şeyləri gördüm. Amma ümumi oyundan razı qalmadım. Çünki rəqib aşağı dəstə təmsilçisidir. İstər-istəməz səviyyə fərqi hiss olunur. Amma narazı qaldığım epizodlar, səhvlər var. Onlardan biri qol buraxmağımızdır. Ümumiyyətlə, hər oyunda qapımıza qol vurulur. Bu o deməkdir ki, müdafiədə problem var. Hücumdakı problemi yavaş-yavaş həll edirik. İndi də arxa xətdəki boşluğu doldura bilmirik. Qapımız qarşısında qol epizodları narahatçılıq yaradır. Ümumi götürsək, yoxlama oyunundan narazılığım daha çox oldu.

- Bu tur "Keşlə" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Həmin oyunla bağlı nə deyə bilərsiniz?

- Düşünəcək və itirəcək bir şeyimiz yoxdur. Artıq bu limiti keçmişik. Bütün oyunlara qələbə üçün çıxırıq ki, turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıraq. "Qəbələ"nin hansı səviyyədə olduğunu bilirik. Meydana yalnız 3 xal üçün çıxacağıq. Gözəl mübarizə, istəklə qalib gəlmək istəyirik. Elə bir qarşılaşmadır ki, burada daha çox istək rol oynayacaq. Yuxarı pillələrdəki rəqiblərimizə yaxınlaşmalıyıq.

- Kamran Ağayevin millinin Farer adaları ilə oyununda (2:0) zədələndi. Hazırda kapitanın durumu nə yerdədir? "Qəbələ"yə qarşı oynaya biləcək?

- Hələ bilmirəm. Dünən gecə özü ilə danışdım. Müalicəsi davam edir. Bu gün bazada toplanışdır. Hər halda o da gələcək. Həkim rəyini biləndən sonra məşqlərə nə vaxt başlayacağı bəlli olacaq. Kamran tək "Keşlə" yox, Azərbaycan millisi üçün də itkidir. Çalışacağıq ki, müalicə sürətli getsin, o da bizə tez qoşulsun.

- Hazırda komandanızda Kamranı əvəz edə biləcək səviyyədə qapıçı varmı?

- (Gülür) Mən bütün futbolçularıma inanıram. Bayaq da dediyim kimi, Kamran həm yığma, həm də "Keşlə" üçün böyük itkidir. Çünki hazırda 1 nömrədir. Amma futbolda zədələr qaçılmazdır. Heç kim bundan sığortalanmayıb. Futbolçu var ki, gecə yatır, səhər duranda topuğu şişir. Bu proseslər istər-istəməz həmişə baş verir. O demək deyil ki, Kamran zədələnibsə, əlimizə bayraq alıb, qış-bağır salmalıyıq. Davuda da, Şahinə də inanırıq. "Keşlə"dədirlərsə, deməli, hər ikisinə güvənirik. Əlimizdə olanlardan maksimum istifadə edəcəyik ki, uğur qazanaq.

- Mövzunu dəyişək. Bu gün millimiz UEFA Millətlər Liqasında Kosovo ilə olduqca vacib oyuna çıxacaq. Səfər matçından nə gözləyirsiniz və sizcə, komandamız rəqibə qarşı necə oynamalıdır ki. istədiyi nəticəni əldə etsin?

- Hamımız istəyirik ki, yığmamız qalib gəlsin və qrupda birinci yeri tutsun. Amma burda bir məsələ var ki, rəqib də güclü komandadır. Futbolçularının hansı klublarda oynadığını yaxşı bilirik. Qurban Qurbanov necə oynamalı olduqlarını hamımızdan yaxşı bilir. Müdafiədə səhvsiz, hücumda isə daha aqressiv oynamaqla, uğur qazana bilərik.

- Necə düşünürsünüz, Kosovo həqiqətən güclü rəqibdir, yoxsa biz onları gözümüzdə böyüdürük?

- Xeyr, böyütmürük. Çünki indi zəif rəqib yoxdur. Hamısına hörmətlə yanaşmaq lazımdır. Malta hər 2 oyunda bizdən xal aldı. Komandamıza inanıb, uğur qazanması üçün dua etməliyik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər