“Kosovonu uda bilməsək, millini söymək lazım deyil” – Şahin Diniyev

“Kosovonu  uda bilməsək, millini söymək lazım deyil” –  Şahin Diniyev
ÖLKƏ FUTBOLU 19 Noyabr 2018 / 15:26 3404
-  A +

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Qol.az saytının suallarını cavablandırıb.

Təcrübəli çalışdırıcı yığmamızın UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda sabah səfərdə Kosovo ilə qarşılaşacağı oyundakı şanslarını dəyərləndirib.

- Millimiz  iki gün öncə Farer adalarını 2:0 hesabı ilə məğlub etdi. Yığmamızın oyununda irəliləyiş gördünüzmü?

- Farer adaları elə komandadır ki, bu gün bu barədə böyük bir fikir yürütmək düzgün olmaz. Dişimizə görə rəqib idi. Qələbə qazanmalaydıq və qazandıq da. Sadəcə, qrupda liderlik üçün iki oyunda 6 xal qazanmalıydıq. Buna görə vacib oyun idi.

- Qrupun son oyununda millimizi Kosovo ilə çətin səfər matçı gözləyir. Bu oyun haqda nə deyə bilərsiniz?

- Kosovo yeni yaranan komandadır. Yaxşı futbolçulara malikdirlər. Amma bizim də təcrübəmiz var. Komanda halında hələ təcrübə yığa bilməyiblər. Beynəlxalq arenada az oyun keçiriblər. Bu mənada onları üstələyirik. Futbolçu baxımından isə 90 faizi legioner həyatı yaşayır. Azərbaycana qələbə lazım olduğu halda Kosovoya heç-heçə də bəs edir. Onlar həm ev amilinə, həm azarkeş amilinə, həm də 2 xal öndə olduqlarına görə daha rahat oyanacaqlar. Azərbaycanı daha ağır oyun gözləyir. Çünki qol vurmalıdır. Qol vurmaq üçün də hücumda rəngarəng olmalıdır. Belə deyək, hələ oyunumuz alınmır. Müdafiədə boşluqlarımız var. Farer adaları kimi komandalarla oyunda bunu görürüksə, Kosovo ilə omatçda bunu daha çox görə bilərik. İnşallah, görmərik.

- Necə düşünürsüz, qalib gələ bilmədiyimiz Maltaya 5 qol vuran bir yığmanı səfərdə məğlub etmək üçün əsas nə lazımdır?

- Birinci yerdə motivasiya dayanır. Bilirsiniz, olmadığın yerə qiymət vermək, danışmaq asandır. Müdafiədə etibarlı oynayıb, qol şanslarından maksimum istifadə etmək lazımdır. Bu da ustalıqdır. Motivasiya və ustalıq səviyyəsi əsas rol oynayacaq. Eyni zamanda yenə deyirəm, təcrübə də önəmlidir. Biz onlardan bu mənada üstünük. Yığmamızda əsasən “Qarabağ”ın futbolçuları Avrokuboklarda mübarizə apararaq xeyli təcrübə qazanıblar. Bu, bizim üstünlüyümüzdür. Mənə elə gəlir, sakit formada – həyəcansız, qorxusuz oynamaq lazımdır. Kosovo da elə bir yığma deyil ki, keçilməz olsun. Kosovo nə Türkiyədi, nə də Rusiya. Hələ Portuqaliya, İspaniya, Almaniya demirəm. Orta səviyyəli bir rəqib də deyil. Yeni yaranmış komandadır, ona görə püxtələşməyiblər.

- Kapitan Kamran Ağayev Farer adaları ilə oyunda zədələnərək meydanı tərk etmişdi. Daha sonra heyətdən çıxarıldı və yerinə “Qarabağ”ın gənc qolkiperi Şahruddin Məhəmmədəliyev daxil edildi. Necə düşünürsünüz, bu itki komandamıza nə dərəcədə təsir edəcək?

- Kamrana kimsə deyir itki deyil, mən deyirəm itkidir. Onun millidə, Avropada təcrübəsi heyətdəki bütün futbolçulardan çoxdur. Rəşad Sadıqovla bərabər uzun müddətdir millimizdə çıxış edən futbolçudur. Belə oyunlarda təcrübə çox şeyi deyir. Kamranın qapını qorumasından başqa oyunu idarə etməsi də var. Bu da onda çox yaxşı alınır. Komandaya vaxt qazandırması, futbolçuları ruhlandırması və s. Səlahətə zəif qapıçı demirəm, o da yüksək səviyyəlidir. Amma beynəlxalq təcrübə məsələsi var. İnanıram ki, Səlahət sabahki oyunda əlindən gələni edəcək.

- Kosovo səddini keçə bilməsək, sizcə, bu uğursuzluq necə qəbul edilər?

- Kosovonu uda bilməsək, bunu dünyanın axırı saymaram. Futbolda hər cür nəticə olur. Bu gün mütləq deyil ki, Azərbaycan qrupda lider olmalıdır. Qrup mərhələsindən sonra qarşıda pley-off oyunları var.  Orada da Gürcüstan, Belarusiya kimi daha güclü rəqiblər olacaq. Məqsəd Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmaqdır. Yəni, indidən aydın deyil ki, qrup mərhələsini adlayan hansı komanda final mərhələsinə vəsiqə qazanacaq. Buna faciə kimi baxmaq lazım deyil. Keçməsək belə, bu, qarşıdan gələn oyunlara köklənmək lazımdır. O demək deyil ki, biz Kosovonu udsaq, Avro-2020-nin final mərhələsinə vəsiqə qazanırıq. Daha sonra pley-off oyunları da var. Bəlkə də növbəti mərhələdə arzuolunmaz rəqiblərə qarşı oynamalı olacağıq. Bunu son saymıram. Komandaya inanıram, düzələ-düzələ irəli getməlidir. Nə söymək, nə də başqa bir şeyə ehtiyac var. Finala bərabər matç olacaq. Komandaya uğurlar arzu edirəm.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər