"Təzə başlayanda heç kim "Sabah"a gəlmək istəmirdi" - Elşad Əhmədov

"Təzə başlayanda heç kim "Sabah"a gəlmək istəmirdi" - Elşad Əhmədov
MÜSAHİBƏ 15 Noyabr 2018 / 14:05 2959
-  A +

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib. Komandasının son turlardakı çıxışını dəyərləndirən gənc mütəxəssis millimizin UEFA Millətlər Liqasında Farer adaları və Kosovo ilə keçirəcəyi oyunlara da toxunub.

- "Sabah" son oyunlarda bir qədər inamsız təsir bağışlayır. Hələ 9-cu turda evdə "Zirə" ilə görüşdə qələbə qazansanız da, rəqib sizdən daha üstün oynamışdı. Son iki matçda isə əvvəl "Qəbələ", ardınca "Səbail"ə uduzdunuz. Enişin səbəbini nədə görürsünüz?

- Komandamızda bir-birini əvəzləyə biləcək futbolçular yoxdur. Ehtiyat heyətimiz elə də geniş deyil. Marko Deviçin olmamağı oyunumuza təsir edir. Düzdür, komanda bir futbolçudan asılı deyil. Onsuz da oynaya bilirik. Amma bizim üçün vacib oyunçudur. "Zirə" ilə matçın 75-ci dəqiqəsində Kərim Diniyevin zədələnib meydandan çıxmasından sonra isə narahatlıqlar başladı. Həmin görüşə kimi son 5 oyunda top buraxmamışdıq. Qapımıza ümumilikdə 8 qol vurulmuşdu. Son 3 turda isə 7 top buraxmışıq. Kərimin olmaması bunda həlledici rol oynayıb. Ümumiyyətlə, Marko ilə Kərimin yoxluğu özünü hiss etdirir.

- Sanki komandada bir az yorğunluq da var. "Səbail"lə oyunda futbolçular meydanda gəzirdilər. Çoxu topsuz hərəkət etmək istəmirdi...

- Yorğunluq "Qəbələ" ilə matçda ola bilərdi. Amma "İnstat"ın göndərdiyi təhlillərdə görünür ki, rəqiblərdən heç də az qaçmamışıq. Hətta elə oyun olub ki, onlardan çox hərəkət etmişik. Ona görə də bunu yorğunluqla əlaqələndirməzdim. O ki qaldı "Səbail"lə oyuna, yadınıza salın, ilk epizod bizdə oldu. Növbəti epizodda isə qapımıza qol vurdular. Bu isə psixoloji tərəfdən uşaqlara mənfi təsir etdi. 26-cı dəqiqədə 2-ci topu buraxdıq. Buna qədər "Səbail"in kəsərli hücumu olmuşdu? Düzdür, rəqib bizi yaxşı analiz etmişdi, taktiki planda da əla oynadı. Ancaq topa nəzarət bizim tərəfimizdə idi. Qapımızda qol gördükdən sonra 2-3 real imkanımız olmuşdu. Sadəcə, son nöqtəni qoya bilmədik. Növbəti qoldan sonra isə komanda özünə gələ bilmədi. İkinci hissəyə yaxşı başladıq, ilk 7-8 dəqiqəni pis keçirmədik. Onda da "Səbail" vaxt aparmağa başladı. Hardasa 4 epizodda futbolçuları yer yıxıldı. Hətta mən də qışdırdım ki, bu qədər olmaz. Yenə də öz səhvimizdən 3-cü qolu buraxdıq. Bundan sonrasını isə heç danışmağa dəyməz.

- Özünüz də qeyd etdiniz ki, ehtiyat heyətiniz geniş deyil. Adətən qış transfer pəncərəsində yaxşı futbolçu tapmaq asan olmur. Həm bunu, həm də büdcəni nəzərə alsaq, necə düşünürsünüz, fasilədə problemi aradan qaldırmaq mümkün olacaq?

- Biz sıfırdan başlayanda "Sabah" klubuna kim gəlirdi? Heç kim. Futbolçu tapa bilmirdik. Çoxu diviziondan gələn uşaqlardır. Amma bu gün "Sabah"ın adını eşidən bir çox futbolçu komandaya gəlmək istəyər. Bu, o demək deyil ki, gözaltı etdiyimiz oyunçular var. İnanıram ki, kimlərsə "Sabah"ın adına görə nələrsə fikirləşər. Kimin gəlib-gəlməyəcəyini zaman göstərəcək. Bacarsaq, imkan olsa, qışda heyəti gücləndirəcəyik. Əks halda, bu heyətlə davam etməliyik ki, mövsümü başa vuraq.

- Kubokda ilk rəqibiniz birinci divizionda autsayderlər qrupunda yer alan "Ağsu" olacaq. Turu keçsəniz, növbəti mərhələdə "Qəbələ" ilə qarşılaşacaqsınız. Ümumiyyətlə, püşkü necə dəyərləndirirsiniz?

- İlk mərhələdəki rəqibimiz divizion təmsilçisidir. Bu barədə nə deyə bilərəm ki? Məncə, normaldır. Ancaq növbəti mərhələdə "Qəbələ" ilə düşdük. Bizim üçün həqiqətən çox ağır olacaq. Əgər onları keçə bilsək, "Qarabağ"la qarşılaşa bilərik. Əlbəttə, bu rəqibləri nəzərə alsaq, çətin olacağını deyə bilərəm. Amma özümüzü sınayacağıq. Məqsədimiz mümkün qədər irəliləməkdir.

- Son olaraq, milli komanda ilə bağlı soruşmaq istərdim. Yığmamızı qarşıda olduqca vacib oyunlar gözləyir. UEFA Millətlər Liqasının qrup mərhələsində əvvəlcə evdə Farer adaları, ardınca isə səfərdə Kosovo ilə qarşılaşacağıq. Şansları necə dəyərləndirirsiniz?

- Hamı kimi mən də millidən qələbə gözləyirəm. Yığma ölkə futbolunun güzgüsüdür. Onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, hər iki oyunda qələbə qazanarlar. Hər iki rəqibi udmaq gücündəyik. Ciddi hazırlaşıb, qalib gəlmək olar. Oynasalar, hər şey mümkündür.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki