“İnanmasaydım, bu boyda məsuliyyəti üzərimə götürməzdim” – Ayxan Abbasov

“İnanmasaydım, bu boyda məsuliyyəti üzərimə götürməzdim” –  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 14 Noyabr 2018 / 17:17 2735
-  A +

“Sumqayıt”ın yeni baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibə verib. Gənc mütəxəsis əvvəlcə təyinatı ilə bağlı danışıb.

- Belə deyək, təklif oldu, mən də qəbul etdim. “Sumqayıt” köklü klublarımızdan biridir. Sumqayıt isə futbolu bilən şəhərdir. Təklifdən sonra müzakirələr oldu, fikirlərimiz üst-üstə düşdü, razılaşdıq. Həqiqətən, son zamanlar rəhbərlik klubun gələcəyi üçün böyük işlər görüb. Planları da Azərbaycan futbolunun inkişafı üçündür.

- 2 gün öncə saytımıza açıqlamanızda bildirmişdiniz ki, ortada real bir şey yoxdur. Maraqlıdır, qısa müddət içində danışıqlar necə müsbət nəticələndi?

- İki gün öncə mənimlə əlaqə saxladılar. Bu müddət ərzində hər şeyi ətraflı müzakirə etdik. Nəticə etibarı ilə hər şey yaxşı alındı və müqavilə imzaladım.

- Rəhbərlik qarşınıza hansı vəzifələri qoyub?

- Əlbəttə, hədəflərimiz var. Ən əsası odur ki, komandada futbolçuların potensialı normaldır. Milli komandamızda oynaya biləcək təcrübəli futbolçular var. Eyni zamanda istedadlı gənclərimiz də çoxdur. Çalışacağıq ki, “Sumqayıt” mübariz bir komanda olsun. Yerli azarkeşlərin də dəstəyi ilə birlikdə iddialı kollektiv formalaşdırmaq üçün üçün əlimdən gələni edəcəyəm. Bu gün qarşımıza konkret bir məqsəd qoyub, özümüzü təzyiq altına salmaq istəmirik. Amma heç bir rəqibə də asan təslim olmayacağıq. Deyə bilərəm ki, mübariz komandamız olacaq.

- İstədiyiniz kollektivi formalaşdıra biləcəyinizə inamınız var?

- İnanmasaydım, bura gəlməzdim. Bu boyda məsuliyyəti üzərimə götürməzdim.

- “Sumqayıt” 11 oyundan sonra 11 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanın
mövcud durumu haqda nə deyə bilərsiniz?


- Bu gün aşağı pillədə olmaq, 11 xalda qalmaq istər-istəməz futbolçuların da psixoloji durumuna mənfi təsir edir. Elə son oyunu götürək, “Keşlə”yə 1:4 hesabı ilə məğlub olduq. Futbolçularla oturub bu mövzuda söhbətlər edəcəyik. Özlərinə inanmalıdılar, onlarda bu potensial var. Qarşıda hələ 2 dövrə var. Bizi çox oyun gözləyir. Bu gün turnir cədvəlinin son pilləsindəki komandanın da yuxarı pillələrə qalxmaq şansı var. Buna görə hələ heç nə bitməyib.

- İlk olaraq komandada hansı dəyişiklikləri etməyi düşünürsünüz?

- Qış fasiləsinə görə belə böyük dəyişiklik olmayacaq. Ehtiyac da yoxdur. Çünki mövcud heyətdəki futbolçular mənim üçün bu dəqiqə dəyərlidir. Çalışacağam ki, onlardan maksimum istifadə edim. Gələcəkdə nələr dəyişəcək, bunu bilmək üçün zaman lazımdır. Hər bir məşqçinin futbola öz baxışı var. Mən də öz baxışımı futbolçulara çatdırmalıyam. Bilməlidilər ki, biz nə istəyirik.

- Sizcə, hansı mövqeyə yeni futbolçular lazımdır?

- Bu dəqiqə biz futbolçuları qarşıdan gələn kubok və çempionat oyunlarına kökləməliyik. Qış fasiləsində transfer haqda fikirləşməyə vaxtımız olacaq. Ola  bilər ki, hansısa futbolçu etimadımı doğrultmasın. Amma inanıram ki, hamısı canla-başla çalışacaqlar. Çunki burada milli ruh var. Heyətimizdə yerli futbolçuların sayı çoxdur. Ona görə hazırda əsas məqsədimiz bunlardır.

- Bəs köməkçiləriniz kim olacaq?

- “Zirə”də olduğu kimi, burada da əsas köməkçim Elnur Çodarov olacaq. “Sumqayıt”dakı digər məşqçilər öz işlərini davam etdirəcəklər. Ola bilsin, özümə daha bir köməkçi götürdüm.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər