“Bir də onda ayıldım ki, kimsə butslarımı çıxarır” – Anar Nəzirov

“Bir də onda ayıldım ki, kimsə butslarımı çıxarır” –  Anar Nəzirov
MÜSAHİBƏ 13 Noyabr 2018 / 14:26 3366
-  A +

“Zirə”nin kapitanı Anar Nəzirov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 11-ci turunun “Neftçi” ilə oyununda dili qatlanan qapıçı həm hazırkı durumundan, həm də komandasının çıxışından danışıb.

- Son turda “Neftçi”nin hücumçusu Mirabdulla Abbasovla toqquşmadan sonra ciddi zədə aldın. Hətta zərbənin təsirindən huşunu itirdin və meydanı xərəkdə tərk etdin. Hazırda özünü necə hiss edirsən?

- Şükürlər olsun, indi hər şey yaxşıdır. Beynimdə yüngül silkələnmə olub, yaxşı qurtarmışam. Həkimlər dedilər ki, 4 gün istirahət etməlisən.

- Toqquşma anı və ondan sonrasını necə xatırlayırsan?

- Ancaq topa çıxmağım yadımdadır. Ondan sonrasını xatırlamıram. Bir də onda ayıldım ki, məni meydanın kənarına aparırlar, kimsə butslarımı çıxarır. O duruma düşənlər daha yaxşı bilər, həmin vaxt hansısa hissiyat olmur. Demək olar ki, çox şey yadıma gəlmir.Təxminən 20 dəqiqədən sonra huşum yerinə gəldi.

- Məşqlərə nə vaxt başlayacaqsan?

- 2-3 gündən sonra yüngül çalışmalara başlayacağam. Arada fasilə olduğundan tam sağalıb, növbəti turda meydana çıxa biləcəyəm.

- Bəs qarşılaşma ilə bağlı nə deyə bilərsən? Son vaxtlar Azərbaycan çempionatında ən baxımlı oyunlardan birini izlədik.

- Açığı, hər şey buna doğru gedirdi. Son turlardakı çıxışımız göstərirdi ki, komanda oyun planında xeyli artırıb. Nəticə olmasa da, həm “Keşlə”, həm “Səbail”, həm də “Sabah”la matçlarda pis təsir bağışlamamışdıq. Elə oldu ki, liderdən 1 xal ala bildik. Həqiqətən hər iki komanda çox gözəl oynadı. Nəticə də oyuna görə oldu.

- “Neftçi” 7 oyundur doğma meydanda “Zirə”ni uda bilmir. Səncə, bu, nədən irəli gəlir?

- “Neftçi”nin öz meydanında “Zirə”yə qarşı uğursuzluq sindromu var. Bu, psixologiya ilə bağlı ola bilər. Çünki builki “Neftçi” tamam başqadır. Turnir cədvəli də, sərgilədikləri oyun da bunu göstərir. Öz oyun üslubları var. Əvvəl demişəm, indi də deyirəm, “Neftçi” hazırda elə komandadır ki, pis oynayanda da udur, yaxşı oynayanda da. Onlardan xal almaq çox çətindir.

- Samir Abasovun gəlişindən sonra “Zirə” baxımlı futbol göstərsə də, hələ də autsayderdir. Bunun səbəbini nədə görürsən?

- Deyərdim ki, bir az bəxtimiz gətirmir. Amma inanıram ki, belə davam etsək, vəziyyətdən çıxa biləcəyik. Çünki komandada inam var. Hamı meydanda sona kimi mübarizə aparır. Oyunlarımız da bunu göstərir. Çətin olsa da, yuxarı pillələrə doğru irəliləyəcəyik.

- Belə görünür ki, çempionluq mübarizəsi əsasən “Qarabağ” və “Neftçi” arasında gedəcək. Necə düşünürsən, hazırda çempionatda onlara rəqib ola biləcək klub varmı?

- Düzdür, hamı belə düşünür. Ancaq elə bir çempionatımız var ki, istənilən rəqib digərindən xal ala bilir. Ona görə də mövsümün ikinci yarısında çempionluq uğrunda “Neftçi” və “Qarabağ”a rəqib çıxa bilər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər