“Qarabağ”a qol vuran futbolçu danışdı

“Qarabağ”a qol vuran futbolçu danışdı
MÜSAHİBƏ 26 Oktyabr 2018 / 02:10 6221
-  A +

"Vorskla”nın hücumçusu Vladislav Kulaç Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, qarşılaşmada vurulan yeganə qolun müəllifi əvvəlcə qələbəni şərh edib.

- “Qarabağ” həm avrokuboklarda, həm də Azərbaycan çempionatında qarşısına yüksək hədəflər qoyan ciddi komandadır. Ona görə də asan oyun olmadı. Hardasa bəxtimiz də gətirdi, qol vura bildik. Bundan sonra oyun bir qədər fərqli alındı. Qələbə hesabını qoruyub-saxlaya bildik. Evə çox yaxşı əhval-ruhiyyə ilə qayıdırıq.

- “Qarabağ”dan belə oyun gözləyirdiniz? Qol imkanları çox az oldu. Halbuki onlar oyun ərzində ən azı 5-10 epizod yaradır...

- “Qarabağ”ı yaxşı analiz etmiş, oyuna həqiqətən ciddi hazırlaşmışdıq. İlk hissədə istədiyimiz alınmadı. Rəqibin bir neçə epizodu olsa da, biz qapıya doğru zərbə vura bilməmişdik. Oyun əsasən meydanın bizə aid hissəsində gedirdi. Fasilədən sonra isə hər şey dəyişdi.

- Maraqlıdır, fasilədə Vasili Saçko sizə nə dedi ki, ikinci hissə başlayan kimi qol vurdunuz?

- Baş məşqçi fasilədə dedi ki, hücuma da çıxmaq lazımdır. Müdafiədə yaxşı oynayıb, “Qarabağ”a qol epizodu yaratmağa imkan verməsək də, hücum barədə düşünmürdük. Ancaq topu qapıçı vuruşu ilə oyuna daxil edib, yenidən müdafiə olunurduq. İkinci hissənin əvvəlində qol vurandan sonra daha çox əks-hücumlara çıxmağa başladıq.

- Stadiondakı atmosfer haqda nə deyə bilərsiniz?

- Əslində azarkeşlər az deyildi. Sadəcə, stadion həddindən artıq böyük olduğundan onların sayı az görünürdü. Azarkeşlar öz komandalarına yaxşı dəstək verdilər. Bu arada, çox gözəl stadionunuz var. “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm.

Daha çox


Son xəbərlər