"Bu söhbətləri bağlamışam" - Əfran İsmayılov

"Bu söhbətləri bağlamışam" - Əfran İsmayılov
MÜSAHİBƏ 16 Oktyabr 2018 / 18:02 4620
-  A +

"Sumqayıt"ın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.az-a müsahibə verib. Milli komandamızın UEFA Millətlər Liqasında Farer adaları və Maltaya qarşı keçirdiyi oyunlardan danışan təcrübəli futbolçu Mahir Mədətovun yığmadakı çıxışı ilə bağlı sərt tənqid olunmasına münasibət bildirib.

- Zədə səbəbindən Qurban Qurbanovun milli komandaya dəvətini geri çevirdiyin bildirilir. Hazırda zədən necədir?

- Yavaş-yavaş düzəlir. Fərdi məşqlərə başlamışam. Hələlik yüngül qaçışla kifayətlənirəm. Yəqin ki, 4-5 günə komanda ilə birlikdə məşqlərə başlayaram.

- Onda belə çıxır ki, Topaz Premyer Liqanın 9-cu turunun "Sabah"la oyununu buraxacaqsan...

- Onu da dəqiq bilmirəm. Həkimlərdən çox şey asılıdır. Desələr, 2 gündən sonra məşqə çıx, çıxacağam.

- "Sabah" bu mövsüm ən ağır məğlubiyyəti "Sumqayıt"dan alıb. İlk dövrədə keçirilən oyunda rəqibi 4:1 hesabı ilə udmuşdunuz. Budəfəki görüşdən nə gözləmək olar?

- "Sabah" yeni komanda olsa da, ilk dövrədə bizə uduzsa da, Elşad müəllim həqiqətən yaxşı kollektiv formalaşdırıb. Buna görə də bizi çətin oyunun gözlədiyini bilirik. Rəqibin bizə qarşı necə hazırlaşdığının fərqindəyik. Biz də yaxşı nəticələr əldə etmək, xal ehtiyatımızı artırmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcək, qələbə qazanmağa çalışacağıq. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir.

- Son 2 gündə əsas mövzu milli komandadır. Malta ilə evdəki heç-heçəni necə izah edərdin? Səfərdə Farer adalarına 3 cavabsız top vuran yığmamız doğma azarkeşləri önündə Maltanı məğlub edə bilmədi...

- Farer adaları ağır səfər idi. Milli komandamız uzun yol qət etdi. Buna baxmayaraq, yaxşı oyun göstərib qələbə qazandılar. Çox adam deyə bilər ki, yığmamız səfərdə yaxşı oynamadı. Mənə görə nəticə daha önəmlidir. Çünki bizə xallar lazım idi. Qələbə qazanıb, Bakıya yaxşı əhval-ruhiyyədə qayıtdıq. Uzun yola, yorğunluğa baxmayaraq, Bakıda Maltaya daha çox top vura bilərdik. Amma alınmadı. Futbolda belə şeylər olur. Yaxşı ki, Kosovo da Farer adaları ilə heç-heçə etdi. Şanslarımız hələ qalır. Bundan maksimum yararlanmaq lazımdır.

- Oyundan sonra millimiz çox tənqid olundu. Bu haqda nə düşünürsən?

- Tənqidlər başa düşüləndir. Amma heç kim evdə Malta ilə heç-heçə oynamaq istəməzdi. Nə azarkeşlər, nə də komandamız xal itkisinə razı deyildi. Ona görə müəyyən tənqidlər oldu.

- Mahir Mədətov Malta ilə oyunda əvəzlənərkən azarkeşlər tərəfindən fitə basıldı. Buna münasibətini bilmək maraqlı olardı...

- Mahirin məsələsi haqda çox danışmaq istəmirəm. Qələbə olandan sonra nə Mahirin, nə də millinin söhbəti olacaq. Nəticə olmayanda bu cür hallar yaşanır.

- Həm millidə, həm də "Qarabağ"da oynadığın vaxtlarda sən özün də tez-tez tənqidlərlə üzləşmisən. Ona görə də Mahiri daha yaxşı başa düşərsən. Ona nə məsləhət görərdin?

- Yenə deyirəm, bu haqda çox danışmaq istəmirəm. Artıq bu söhbətləri bağlamışam. Mahirə yetəri qədər məsləhət verən var. İnanıram ki, onlara qulaq asıb, özü üçün nəticə çıxaracaq.

- Necə düşünürsən, Mahirin qaçırdığı imkanları sən qola çevirə bilərdin?

- Kim olursa-olsun, fərqi yoxdur, elə olur ki, 5-6 fürsət yaxalayırsan, amma qola çevirə bilmirsən. Futbolda belə şeylər olur. Şanslar düşür, vura bilmirsən. Bu, qaçılmazdır. Əsas məsələ odur ki, hamı ürəklə, canla-başla oynadı. Sadəcə, qol və ya qollar çatmadı. Artıq bu oyunu unutmaq lazımdır. Şans var, bundan istifadə etməliyik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər