"Qurbangil nə etdiklərini yaxşı bilirlər" - Ağasəlim Mircavadov

"Qurbangil nə etdiklərini yaxşı bilirlər" - Ağasəlim Mircavadov
MÜSAHİBƏ 16 Oktyabr 2018 / 15:42 3965
-  A +

Azərbaycan millisi Maltaya qarşı 2 xal itirdi, yoxsa 1 xal qazandı? Sualın cavabını müasir dövrdə "cırtdan" ölkələrin də futbolu öyrənməsi" fonunda axtarsaq, onda nə itkini, nə də qazancı çox şişirtmək əhəmiyyət daşıyır. İnkişafın çevrəsi və sürəti artıbsa, o zaman müasir tələblərə uyğunlaşmağın yollarını mənimsəmək, səhih tətbiq etmək lazımdır. Son oyun və digər məsələlər ətrafında Ağasəlim Mircavadovla söhbətləşdik.

- Malta ilə oyuna baxdınız?

- Baxmışam. Bizim komanda heç-heçəyə layiq deyildi. İki oyuna bəs eləyəcək qədər qol vəziyyəti yaradan komandaya "pis oynadı" demək olmaz. Mən bizimkilərin həddən artıq canfəşanlıq elədiyinə, rəqibinsə xal qazanmaq üçün alışıb-yandığına görə vəziyyətin belə olduğunu düşünürəm.

- Taktiki yanaşma və start heyəti barədə təəssüratınızı bilmək istərdik.

- Heç vaxt məşqçinin taktikasına qarışmıram, fikir bildirmək də istəmirəm.

- Ancaq bu sualı məhz sizə verməyimiz təsadüf deyil. Ona görə ki, siz aidiyyatı komitədə təmsil olunursuz, bundan başqa, yerli məşqçilər arasında ən təcrübəli - ağsaqqal sayılırsız. Odur ki, istənilən çalışdırıcının səhvləri və doğrularını açıq demək ixtiyarınız var. Bu, həm də vacibdir. İctimai fikrin doğru yönəlməsi, peşəkar fikriylə tanış olmaları üçün.

- Əvvəlcə bir fikri qəbul etməliyik ki, Qurban Qurbanov özünü məşqçi kimi sübuta yetirmiş adamdı. Onun müasir futboldan bilgiləri hamımızdan çoxdur. Mən onun yanaşmasını, işini çox bəyənirəm. Malta qarşılaşmasına taktiki cəhətdən yanaşmasına gəlincə, start heyət də, taktiki düzülüş də məntiqli idi. Sadəcə, uşaqlar hələ komanda ola bilməyiblər. Budur problem. Bəzisinin  hazırlığı istənilən səviyyədə deyil, bəzisi yeni sistemdə özünü hələ tam rahat hiss etmir. Ona görə də əlimizə düşən şansları dəyərləndirməkdə çətinlik çəkdik. Son oyunlar göstərir ki, millidə yeni dəst-xətt formalaşmaqdadı və belə getsə, nəticələr də yaxşılaşacaq.

- İctimaiyyətdə aqressiya var.

- Başa düşürəm. İnsanlar baxır ki, Farer adaları, Malta - bu ölkələr futbolda bizdən güclü deyillər. Ancaq elə deyil. Kiçik ölkələr son illər əməlli-başlı inkişaf ediblər. İndi 5 il əvvəlki Malta deyil, çox artırıblar. Bunu nəzərə almaq lazımdır. Bizdə də inkişaf gedib. Ancaq klub səviyyəsində nəticələrin milli səviyyəsində də tələb edilməsi doğru deyil. Milli komanda hansısa klub deyil ki, istədiyin mövqeyə istədiyin oyunçunu götürəsən.

- Mahir Mədətov...

- Bilirəm nəyi soruşacaqsınız. Mahir çox perspektivli, istedadlı oyunçudur. İnsanlar çox dərinə getməməlidir. Bu oyunçuların psixoloji hazırlığını təmin eləmək lazımdır, yaxşı olacaq. Mahir son oyunda xeyli çalışdı. Qol ötürməsi vermək elə-belə bir şey deyil. Rəqib müdafiədə sıx oynadığı üçün Mahirə çətinlik oldu. Fikir verdinizsə, nə ki Mahir, Farerdə daha yaxşı çıxış eləyən Nazarov da, Rüfət də o qədər fəal ola bilmədilər. Rəqib sıx oynayırdı.

- Millinin nəticələrinin yaxşılaşması üçün ən vacib nəyə əməl edilməlidir?

- Zamana. Ən əvvəl zamana buraxmaq, diqqətlə izləmək lazımdır. Klublarla sıx iş qurulmalıdır. Milli üçün perspektivi olan oyunçulara həmişə şans verilməlidir. Paralel olaraq aşağı yaş qruplarında çatışmazlıqlar aradan qaldırılmalıdır. Ən əsas işi aşağı yaşlılarla görmək lazımdır.

- Və aşağı yaş liqalarında durum ağırdı...

- Bunun çarəsini tapmaq gərəkdir. Futbolda maliyyə problemi yoxdur. İstənilən işi görməkçün istənilən pul ayrılır, dövlətin qayğısı yüksək səviyyədədir.  Qalır işi düzgün qurmaq.

- Düzgün qurulmursa?

- Bilirsiz, indi elə zamandır ki, yaxşı nəticələrçün hamı birləşməlidir.

- Birləşmirsə?

- Onda futbolun düşmənidir elələri. Dövlətin ayırdığı şəraitə xəyanət edənlərdi.

- İslahat prosesi varmı?

- Var. Məşqçilər vahid sistemdə çalışır. Məncə, Qurbangil neylədiyini yaxşı bilirlər. Sadəcə, onlara vaxt verilməlidir.

- AFFA 6 illik müqavilə bağlayıb. Bu da vaxt.

- Mən insanları, cəmiyyəti nəzərdə tuturam.

- Ağasəlim müəllim, bu gedişatla fərqli nəsə görəcəyikmi?

- Mən inanıram. Əvvəldə də dedim, belə davam eləsə, yaxşı olacaq.

Elçin CƏLİLOV
Futbolpress.az

Daha çox


Son xəbərlər