"Neftçi"yə azarkeşlik etdiyimi heç vaxt gizlətməmişəm" – Stamenkoviç

"Neftçi"yə azarkeşlik etdiyimi heç vaxt gizlətməmişəm" –  Stamenkoviç
MÜSAHİBƏ 3 Oktyabr 2018 / 12:32 2775
-  A +

 “Sabah”ın qapçısı Saşa Stamenkoviç Qol.az-a müsahibə verib. 2015-ci ildə “Neftçi”dən ayrılan və 3 illik fasilədən sonra yenidən Azərbaycana qayıdan serbiyalı qolkiper həm ölkə futbolundakı dəyişikliklərdən, həm də sabiq komandasına qarşı 7-ci turda keçirəcəkləri oyundan danışıb.

- 3 ildən sonra yenidən Azərbaycandasınız. Özünüzü necə hiss edirsiniz?

- Yenidən burada, Azərbaycanda olmaq çox xoşdur. Bakıda özümü evimdəki kimi hiss edirəm. Bura mənim üçün doğma şəhərdir.

- Burada olmadığınız müddətdə sizcə, Azərbaycan futbolunda nə dəyişib?

- Azərbaycan futbolunda çox şey dəyişib. “Neftçi” və “Qarabağ” kimi böyük klublarla başabaş mübarizə aparmağa çalışan yeni komandalar yaranıb.

- Azərbaycana, xüsusilə də 4 il formasını geyindiyiniz “Neftçi”yə bağlılığınız hamıya yaxşı məlumdur. Hansı ölkədə çıxış etməyinizdən asılı olmayaraq, həmişə bu komandaya rəğbətiniz hiss olunub. Hətta Qazaxıstanda “Okjetpes” klubunun məşqinə “ağ-qaralar”ın forması ilə çıxmışdınız ki, bu da qalmaqala səbəb olmuşdu...

- Azərbaycanda çox şey qazanmışam, xüsusilə də “Neftçi”də. Bu klubda 4 gözəl il keçirmişəm. Ona görə də “Neftçi” hər zaman mənim ürəyimdədir. Bu komandanın oyunlarını hər zaman izləmişəm və bundan sonra da izləyəcəyəm. “Neftçi”yə azarkeşlik etdiyimi heç vaxt gizlətməmişəm, belə bir fikrim də yoxdur. Keçmiş klubumun formasını hər zaman şərəflə daşımışam.

- Yeri gəlmişkən, növbəti oyununuz məhz “Neftçi”yə qarşı olacaq. Maraqlıdır, hansı hissləri keçirirsiniz?

- Çox sevincliyəm. Çünki mənim üçün doğma olan komandaya qarşı oynayacağam. “Neftçi”nin heyətində və ya “Neftçi”yə qarşı oynamaq mənim üçün eyni dərəcədə zövqlüdür. Çünki bu, Azərbaycanda ən yaxşı azarkeşlərə sahib, ən böyük klublardan biridir.

- Bəs həmin oyunla bağlı nə deyə bilərsiniz?

- 90 dəqiqənin sonunda komandalarımdan biri qələbə qazanacaq. Bu “Sabah” da ola bilər, “Neftçi” də. İstənilən halda nəticədən razı qalacağam.

- “Sabah” debütant olsa da, mövsümə yaxşı başlayıb və 6 turdan sonra 4-cü pillədə qərarlaşıb. Liderlər qrupunda yer alan “Neftçi” və “Qarabağ”dan sizi 6 xal ayrırır. Bu cür uğurlu çıxışı nə ilə izah edərdiniz?

- Bizim sirrimiz kollektivdəki ab-havadadır. Komandada yaxşı gənc futbolçular var. Onlar təcrübəli oyunçulara hörmət edirlər, biz də öz təcrübəmizi bölüşür, onlara köməklik göstəririk.

- Topaz Premyer Liqanın son turunda “Qarabağ”a qarşı oyunda pis təsir bağışlamadınız. 82 dəqiqə qapınızı toxunulmaz saxlasanız da, oyunun sonlarında rəqibin fərqlənməsinə mane ola bilmədiniz. Sizcə, 1 xal qazanmaq üçün komandaya nə çatmadı?

- Son matçda tək mən yox, bütün komanda yaxşı oynadı. Bir az təcrübəmiz çatmadı. Nəticədən razı qalmadıq, amma oyun göstərdi ki, yolumuza bu cür davam etməliyik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord