"Zirə"nin "Sumqayıt"la 13-cü dueli

"Zirə"nin "Sumqayıt"la 13-cü dueli
PREMYER LİQA 29 Sentyabr 2018 / 16:30 1777
-  A +

“Zirə” Topaz Premyer Liqasının VI turunda sabah səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Qol.az-ın paytaxt klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  Bu matç rəqiblər arasında 13-cü qarşılaşma kimi tarixə düşəcək. Premyer Liqa çərçivəsindəki bu oyunlar son üç mövsümə təsadüf edib.

“Qartallar” bu matçlarda üstünlüyə malikdir. Hesabında 6 qələbə olan komanda 3 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 15 top keçirən “Zirə”10 qola üzülüb.

“Zirə” – “Sumqayıt” matçlarının ən yaxşı bombardiri Vüsal İsgəndərlidir. O, “Gənclik şəhəri” təmsilçisinin qapısından 3 top keçirib. Onun komanda yoldaşlarından Riçard Qadze və Sadio Tounkara, həmçinin sumqayıtlıların heyətində çıxış etmiş Mirabdulla Abbasov hərəyə 2 dəfə fərqlənib. Duellərdəki yeganə dublun müəllifi də Vüsaldır. Komandaların hərəsinin passivində bir avtoqol da var. Cari mövsümdən “Zirə”də çıxış edən Pərdis Fərcad-Azad rəqib qapısına yol tapsa, hər iki komandanın heyətində əks tərəfi məyus edən ilk oyunçu olacaq. Onun kimi baş məşqçi Samir Abasov da sabiq komandasına qarşı duelə çıxacaq. Əvvəlki 12 matçdan 11-də “Sumqayıt”a məhz Abasov rəhbərlik edib.

Maraqlıdır ki, komandalar arasındakı son 5 görüşdə hər iki tərəf qol sevinci yaşayıb. “Zirə” isə 6 qarşılaşmadır meydanı qolsuz tərk etmir. 7-ci dəfə “Sumqayıt”ın qonağı olacaq “Zirə” səfərdə də üstünlüyə malikdir. Hesabında 2 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət olan qəsəbə klubu top fərqində öndədir – 6:5.


Son xəbərlər