"Keşlə"də oynamadan pul qazanmaq istəmədim” – Miloş Bosançiç

"Keşlə"də oynamadan pul qazanmaq istəmədim” –  Miloş Bosançiç
MÜSAHİBƏ 26 Sentyabr 2018 / 15:58 2371
-  A +

“Sabah”ın yeni transferi Miloş Bosançiç Qol.az-a müsahibə verib. Premyr Liqanın debütantına keçidindən danışan serbiyalı yarımmüdafiəçi “Keşlə”dən ayrılmasının səbəblərini də açıqlayıb.

- Başlayaq “Sabah”a keçidinizdən. Transfer necə gerçəkləşdi?

- “Keşlə” ilə müqaviləmi qarşılıqlı şəkildə pozduqdan sonra Çexiyaya qayıdıb, sabiq komandam “Slovan”da oynamaq istəyirdim. Sənəd işləri ilə bağlı bir neçə gün Bakıda qalmalı oldum. Həmin ərəfədə “Sabah”da oynayan serbiyalı futbolçularla görüşdüm. Vəziyyətimi müzakirə etdik, məndən “Sabah”da oynaya bilib-bilməyəcəyimi soruşdular. Bildirdilər ki, razılıq versəm, klubun rəhbərliyi ilə danışacaqlar. Mən isə dedim ki, kiçik zədəm var, hazır deyiləm. Söylədilər ki, problem yoxdur. Tibbi müayinədən keçərsən, hər şey qaydasında olsa, səni komandaya götürərlər. Bundan sonra ailəmlə məsləhətləşdim və Azərbaycanda qalmağa qərar verdim. Tibbi müayinədən keçdikdən sonra ciddi bir şey olmadığı üzə çıxdı və “Sabah”la müqavilə bağladım.

- Belə çıxır ki, “Keşlə”dən “Sabah”a keçmək üçün ayrılmamısınız?

- Yox, yox. Bayaq da qeyd etdiyim kimi, “Keşlə”dən ayrıldıqdan sonra Çexiyaya qayıtmağa hazırlaşırdım.

- Bəs “Keşlə”də niyə qalmaq istəmədiniz?

- Klubda heç kimlə problemim olmayıb. Hamı ilə yaxşı münasibətim var idi. Sadəcə, bu komandadakı çıxışım uğursuz alındı, zədələndim. Oynamaq, vaxtımın çoxunu meydanda keçirmək istəyirdim. Çünki mən “Keşlə”dən maaş alırdım. Oynamayıb pul almaq isə yaxşı hal deyil. Ona görə də komandadan getmək qərarına gəldim.

- Azərbaycanda özünüzü necə hiss edirsiniz?

- Azərbaycanda qalmaqla bağlı heç bir problemim yoxdur. Ailəmlə birlikdə burada özümü yaxşı hiss edirəm.

- “Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç də serbiyalıdır, həmyerlinizdir. Maraqlıdır, getmək istədiyinizi deyəndə reaksiyası necə oldu?

- Mladen Milinkoviç həm yaxşı insan, həm də yaxşı məşqçidir. Onunla danışdım, məni başa düşdü. Çünki baş məşqçidir, öz futbolçusunu meydanda görmək istəyir. Fikirlərimə hörmətlə yanaşdı. O da uğursuzluq yaşadığımı, zədələndiyimi və getmək istədiyimi anladı. Ona görə də demədi ki, komandada qal, gözlə, hər şey yaxşı olacaq.

- “Sabah”dakı hədəfləriniz nədən ibarətdir?

- Bu klubdakı insanlarla danışmışam. Yeni yaranmış komandadır. Buna baxmayaraq, hazırda turnir cədvəlində yaxşı pillədə qərarlaşıblar. Ümid edirəm ki, komandaya mən də əlimdən gələn köməkliyi göstərəcəyəm. Oynamağa hazır olanda, ümid edirəm ki, “Sabah” üçün ən vacib futbolçulardan biri olacağam. Klubla bağlı ilkin təəssüratlarım yaxşıdır. İnanıram ki, daha da yaxşı olacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın