Nazim Süleymanovdan sərt etiraz - “Adam vurub, yoxsa kimisə öldürüb?”

Nazim Süleymanovdan sərt etiraz - “Adam vurub, yoxsa kimisə öldürüb?”
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2018 / 15:18 3794
-  A +

"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov komandanın fiziki hazırlıq üzrə məşqçisi Anton Dioçenkonun AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılmasına, eyni zamanda, bu hadisəyə görə klubun 8 min manat məbləğində cərimələnməsinə münasibət bildirib.

O, Qol.az-a açıqlamasında cəzanın həddindən artıq ağır olduğunu söyləyib. N.Süleymanov ukraynalı məşqçinin görüşün 4-cü hakimi Rəhuim Həsənova toxunduğunu etiraf etsə də, bunun hansı səbəbdən baş verdiyinin araşdırılmasını da vacib sayıb:

"Məşqçimiz hakimə toxunub, bunu danmırıq. Anton səhv edib, çünki hakimlər toxunulmazdır. Amma gəlin görək, o, bunu nəyə görə edib, məqsədi nə olub? Həmin vaxt futbolçumuz Atilla Yıldırımla "Keşlə"nin müdafiəçisi Sərtan Taşkın toqquşub yerə yıxılmışdı. Məşqçimiz də məhz bu səbəbdən hakimə etirazını bildirib. Başa düşə bilmirəm, meydandakı 4-cü hakim hara baxırdı? 2 futbolçu yerə yıxılıb, birinin beyni silkələnib, digərinin isə başı yarılıb. Əgər oyunun sonları olmasaydı, hakim final fitini səsləndirməsəydi, həmin oyunçular yerdə uzanmalıydı? Atillanın 2 gündür ürəyi bulanır. Sərtanın başına isə 8 tikiş atıblar. Dünən "Keşlə" rəhbərliyi ilə əlaqə saxladım, dedilər, indi evdədir. Şükürlər olsun, vəziyyəti düzəlib. Hakimə toxunduğu üçün məşqçiyə cəza vermək olar. Amma bu qədər də yox. Protokola nə gəldi yazırlar, ona görə belə olur. Araşdırmaq lazımdır ki, bu, hakimə niyə toxunub. Çünki yerdə 2 futbolçu uzanmışdı. Söhbət insan həyatından gedir. Sərtanı yerdə qan aparırdı. U-21 yığmamızın kapitanı, əsas millinin gələcək futbolçusudur. Bu cür epizodlarda hakim dərhal oyunu saxlamalıdır. Çünki toqquşma zamanı istənilən hadisə baş verə bilər. Bizim hakimlər nə etdilər? Gərək kimisə itirək? Kiməsə nəsə olsaydı, onda buna kim cavab verəcəkdi".

N.Süleymanov cəzadan apellyasiya şikayəti verəcəklərini bildirib: "Bəli, məşqçimiz hakimə toxunmaqla səhv edib. Həmin anı özüm görmədim. Bəlkə də görsəydim, imkan verməzdim. Buna görə klub daxilində müəyyən addımlar atacağıq. Ancaq Anton yerdə qalan futbolçulara görə etiraz edib. Buna görə 10 oyunluq cəza verib, 8 min manat cərimə edərlər? Bu, adam vurub, yoxsa kimisə öldürüb? Mütləq apellyasiya şikayəti verəcəyik. Çünki çox ağır cəzadır".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı