“Çempionluğu düşünmək hələ tezdir” – Namiq Ələsgərov

“Çempionluğu düşünmək hələ tezdir” – <b style="color:red">Namiq Ələsgərov</b>
MÜSAHİBƏ 23 Sentyabr 2018 / 00:01 1751
-  A +

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov Topaz Premyer Liqasının 5-ci turunda “Zirə”ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ilk olaraq qələbəni şərh edib:

- Çox çətin oyun oldu. “Zirə” Samir müəllimin gəlişindən sonra hiss olunur ki, fərqli oynayır. Hər oyundan-oyuna daha da yaxşıya doğru artırırlar. Buna görə çətin oyun keçdi  Məncə, əzmkarlığımız qələbədə böyük rol oynadı.

- “Neftçi” ikinci hissədə demək olar ki, müdafiədə oldu. Fiziki cəhətdən çatdıra bilməyəcəyiniz üçün hücumlara çıxmırdınız, ya necə?

- Deməzdim ki, komandamız fiziki cəhətdən pis durumdaydı. Ancaq oyunun gedişinə görə belə alındı. Qol buraxmamaq üçün müdafiə olunduq. İkinci qoldan sonra qapımızda qol görməmək üçün çalışdıq və nəticədə qələbə qazandıq.

- Hər iki komandanın baş məşqçisinin meydandan qovulması, baş verən gərginlik oyuna da təsir etdi?

- Açığı, kənarda nə baş verdiyini görə bilmədim. Ancaq məşqçimizin yoxluğunda çalışdıq ki, onunun üçün də oynayaq.

- Turnir cədvəlində lidersiniz. Çempionluq haqda indidən düşünürsünüz?

- Çempionluğu düşünmək üçün hələ tezdir. Amma mövsümün əvvəlindən hədəfimiz çempionluq olub. Şükür ki, liderik. Çalışacağıq ki, mövsümün sonuna qədər liderliyimizi qoruyaq.

- Turnir cədvəlində ikinci pilləni “Qarabağ”, “Qəbələ” yox, “Sabah” tutur. Səncə, bu, gözlənilməzdir?

- “Qarabağ”ın bir oyunu azdır deyə “Sabah” ikinci pillədədir. Amma “Sabah” yeni komanda olmasına baxmayaraq, çox yaxşı mübarizə aparır. Növbəti turda bizi “Səbail”lə çox ağır oyun gözləyir. Həmin matçda da qələbə qazanıb, liderliyimizi davam etdirmək istəyirik.

- Düşünürsən ki, “Neftçi” əvvəlki illərə baxdıqda, bu mövsüm çempionluq uğrunda “Qarabağ”la başabaş mübarizə aparmağa daha yaxındır?

- Əlbəttə. Əvvəlki illərə baxanda, bu mövsüm liderlik uğrunda daha başabaş mübarizə gedir. “Qarabağ”la oynadığımız ilk matçda heç-heçə etdik, məğlub olmadıq.

- Amma həmin oyunda “Qarabağ”ın əsas heyət futbolçuları ehtiyatda idi...

- Bu, çox da fərq etmir. Meydana çıxan futbolçuları da çalışıb, özlərini göstərmək istəyirdilər. Ötən mövsüm də “Qarabağ”ın əsas heyət ilə oynayıb, məğlub olmamışdıq.

- Özün də qəbul edirsən ki, çempionluq uğrunda mübarizə əsas “Qarabağ” və “Neftçi” arasında gedəcək? Yoxsa sürpriz bir komanda olacaq?

-  Hələ ki bunu demək üçün tezdir, “Qəbələ” də var. “Sabah” məncə, süpriz rəqibdir. “Qəbələ” də inanıram ki, çempionluq yarışına qoşulacaq.

- Növbəti turda “Səbail”lə qarşılaşacaqsınız.

- “Səbail”in keçən tur “Zirə”ylə oyununa baxdım. Məncə, pis oynamadı. Yəni, asan görüş yoxdur. Bütün oyunlarda mübrizə aparmaq lazımdır.

- Səncə, “Neftçi”nin heyəti mövsümün sonuna qədər tab gətirə biləcəkmi?

- Bizim də kifayət qədər yaxşı futbolçularımız var. Məşqçimiz hər oyun fərqli futbolçulara şans verir. İnanıram ki, tab gətirər.

- Millimizin baş məşqçisi Qurban Qurbanov bildirmişdi ki, bəzi futbolçular öz klublarında daimi oynaya bilmirlər. Səncə, buna nə mane olur?

- Mən zədəli olduğum üçün oynaya bilmirdim. Ancaq sağ olsun, baş məşqçimiz , bu gün mənə şans verdi.

 

Daha çox


Son xəbərlər
11.12.18  14:42

Robben oynamayacaq