"Qarabağ"da zəif nöqtə tapmaq çətindir" - Danilo Dias

"Qarabağ"da zəif nöqtə tapmaq çətindir" -  Danilo Dias
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2018 / 19:09 6779
-  A +

"Matçın favoriti "Sportinq" olsa da, "Qarabağ"la oynamaq asan olmayacaq".

Qol.az-ın "Bola Branca" nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu Danilo Dias deyib.

Hazırda Portuqaliyanın "Unian Madeyra" klubunda çıxış edən braziliyalı futbolçu Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün "Sportinq"lə keçirəcəyi oyun haqda fikirlərini bölüşüb. 32 yaşlı forvard görüşün Lissabon təmsilçisi üçün asan keçməyəcəyini bildirib: "Sportinq" çox güclü komandadır, onlara qarşı "Joze Alvalade"də oynamaq elə də asan deyil. Buna baxmayaraq, lissabonluların rəqibdən çox da üstün olduğunu demək olmaz. Çünki "Qarabağ" çətin rəqibdir. Son 5 ildə Azərbaycanın mütləq çempionudur. Uzun müddətdir komandaya başçılıq edən Qurban Qurbanov yaxşı kollektiv formalaşdırıb. Azərbaycan klublarının tarixində ötən il ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşüblər. Bu, baş məşqçinin çoxdankı arzusu idi. Hətta onlar Madriddə "Atletiko" ilə 1:1 hesablı heç-heçə etdilər. Bakıda da bu rəqibə uduzmadılar".

Dias "Qarabağ"ın uğurlarının 2008-ci ildən komandanı çalışdıran Qurban Qurbanovun adi ilə bağlı olduğunu söyləyib: "O, əla məşqçi olması ilə yanaşı, həm də centlmendir. Qurban Qurbanov ciddi və məqsədləri olan məşqçidir. Rəqibi yaxşı analiz etməyi bacarır və həmişə ona hörmətlə yanaşır. Hər şeydən öncə, futbolçularından xarakter tələb edir. Hakimlərlə mübahisə edib, yersiz sarı vərəqə görən və intizamsızlıq edən oyunçuları xoşlamır".

Təcrübəli futbolçu "Qarabağ"ın son illərdəki nailiyyətini həm də heyətin sabitliyi ilə əlaqələndirib: "Müdafiə indi də əvvəlki kimidir. Bu mövqedə milli komandaların üzvləri olan futbolçular çıxış edirlər. "Qarabağ" balanslaşmış komandadır, hansısa zəif nöqtə tapmaqda çətinlik çəkirəm".

Dias "Qarabağ"da 4 legioneri xüsusi fərqləndirib: "Aqolli əla oyunçudur. Meydanda nə etməli olduğunu yaxşı bilir. Miçel mən gedəndən sonra transfer olunub. Ona "yalançı" Bruno Fernandes də demək olar. Cərimə meydançasının kənarlarından yaxşı zərbələri var. Bundan başqa, Emeqara və Gerye kimi yaxşı legionerlər çıxış edir. Bir sözlə, hər 3 mövqedə səviyyəli futbolçular var".

Qeyd edək ki, Dias 2014-2015 mövsümündə "Qarabağ"da çıxış edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı