"Rəşaddan da soruşsaq, təmiz penalti olduğunu deyəcək" - Əfran İsmayılov

"Rəşaddan da soruşsaq, təmiz penalti olduğunu deyəcək" -<b style="color:red"> Əfran İsmayılov</b>
MÜSAHİBƏ 18 Sentyabr 2018 / 15:51 3174
-  A +

"Sumqayıt"ın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.az-a müsahibə verib. Komandasının yeni mövsümdəki çıxışından danışan futbolçu digər məqamlara da toxunub.

- Dörd turdan sonra 4 xal toplayan "Sumqayıt" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanın çıxışını və hazırkı durumu necə dəyərləndirirsən?

- Az xal toplamağımıza baxmayaraq, komanda şəklində ürəkaçan, gözəl futbol nümayiş etdirmişik. Əslində daha çox xal qazana bilərdik. Amma müəyyən səbəblərdən alınmayıb. Nə etmək olar. Buna da şükür etmək lazımdır. Əsas odur ki, komanda öz oyununu yavaş-yavaş tapır. Siz də bilirsiniz ki, yeni kolektivdir, təzə futbolçular var. İnanıram ki, getdikcə daha yaxşı olacaq və xallarımızın sayını artıracağıq.

- Son turda yaxşı oynamağınıza baxmayaraq, "Qarabağ"a uduzdunuz. Səncə, məğlubiyyətə nə səbəb oldu?

- "Qarabağ" lider komandadır. Bilirdik ki, çətin olacaq. Amma məğlub olsaq da, rəqibə layiqli müqavimət göstərdik. Başabaş futbol oynadıq. Məncə, ədalətli hesab heç-heçə idi. Lakin məlum səbəblərə görə olmadı.

- "Qarabağ"la oyunda "Sumqayıt"ın narazılığına səbəb olan bir neçə məqam var idi. Xüsusilə də matçın sonlarında Ağdam klubunun kapitanı Rəşad Sadıqovun topa əllə toxunduğu epizod xeyli müzakirə olundu. Bu barədə sənin də fikirlərini bilmək maraqlı olardı...

- Məncə, təmiz, 100 faizlik penalti idi. Rəşadın özündən də soruşsaq, belə deyəcək. Amma hakim həmin vəziyyətdə 11 metrlik cərimə zərbəsi təyin etmədi. Artıq bunu unutmaq lazımdır. O hiss həmin oyunda qaldı. Gələcəyə baxmalıyıq. Qarşıda uzun marafon var. Daha ciddi hazırlaşıb, çoxlu xal qazanmaq lazımdır.

- Növbəti turda rəqibiniz autsayder "Keşlə" olacaq. Həmin oyun haqda nə düşünürsən?

- Autsayder olmasına baxmayaraq, "Keşlə" həmişə yaxşı komanda olub. Hər zaman öz sisteminə uyğun oyun göstərib. Hazırda aşağı pillədədilər və bizimlə oyunda 3 xal qazanmağa çalışacaqlar. Çünki turnir cədvəlində irəliləmək istəyirlər. Bizi maraqlı, eyni zamanda, çətin oyun gözləyir. Bu komanda ilə oyunlarımız hər zaman ağır keçib. Səfərdə oynasaq da, yaxşı nəticə qazanacağımıza inanırıq.

- "Qarabağ" 2 gün sonra Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. Qurban Qurbanovun komandası ilk turda səfərdə "Sportinq"in qonağı olacaq. Necə düşünürsən, təmsilçimiz Lissabonda bu komandadan xal ala bilər?

- "Qarabağ"ı ağır oyun gözləyir. Çox çətin olacaq. Çünki "Sportinq" köklü klubdur. Amma "Qarabağ"ın da Avropa təcrübəsi var. İnanıram ki, futbolçular baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsə, Bakıya yaxşı nəticə ilə qayıdacaq.

- "Sumqayıt"da mütəmadi olaraq oynamaq şansı qazanırsan. Yenidən milli komandaya qayıdacağına inanırsan, yoxsa artıq gecdi?

- Yenidən milliyə qayıtmaq üçün "Sumqayıt"ı seçmişəm. Peşman da deyiləm. Yaxşı, istəkli komandamız var. Daim oynayıb, əvvəlki formamı bərpa etməyə çalışıram. Yenidən milliyə qayıtmağım baş məşqçidən asılıdır. Çağıracaq, gedəcəyəm, çağırmayacaq, getməyəcəyəm. Yenə hazırlaşacağam. Son qərarı Qurban Qurbanov verir.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər
23.10.18  15:30

Ya Konte, ya da Hazard

23.10.18  00:53

"Arsenal"dan qələbə