"Bütün oyunlara final matçı kimi köklənməliyik" - Anton Krivotsyuk

"Bütün oyunlara final matçı kimi köklənməliyik" -   Anton Krivotsyuk
XƏBƏR 17 Sentyabr 2018 / 01:40 2545
-  A +

“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk Topaz Premyer Liqanın 4-cü turunda “Keşlə”ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, gənc futbolçu əvvəlcə qələbəni şərh edib.

-Həm bizim, həm də onlar üçün çox çətin oyun oldu. Yəqin, son dəqiqələrdə daha istəkli olduq, daha çox güc sərf etdik ki, bu oyunda qalib gələk.

- Tez-tez irəli çıxırdın və 1-2 epizodda fərqlənmək üçün yaxşı imkanın oldu. Sanki qol vuracağına inanırdın...

- Təbii ki, 2 dəfə öz şansımı boşa verdim. Ona görə də 3-cünü vurmaq lazım idi. Fərqlənə biləcəyimə inanırdım.

- Qoldan sonra tribunaya tərəf qaçdın və qolu kiminləsə qeyd etdin. Bilmək olar, həmin şəxs kim idi?

- Əlbəttə, tribunada oturan dostum idi. Mən də qolu ona həsr etdim.

- Adətən müdafiənin sol cinahında çıxış edirsən. U-21-də isə Rəşad Sadıqov səni mərkəzdə oynadır. Roberto Bordin bu matçda səni millidəki mövqeyinə görə mərkəz müdafiəçisi kimi oynatdı, yoxsa Ruslan Abışovun yoxluğuna görə?

- Bu mövqedə oynamağım ilk dəfə deyik. Fikrimcə, əsas səbəb Ruslan Abışovun yoxluğudur. Ona görə bu mövqedə çıxış edirəm.

- Kirill Petrovla həmyerli olduğundan, sanki səhvlərin olanda da göz yumur və böyük qardaş kimi sənə dəstək verir. Bu, çıxışına nə dərəcədə təsir edir?

- Siz tamamilə düzgün qeyd etdiniz. Onun böyük təcrübəsi var. Məsləhətlərindən mütləq istifadə etməliyəm.

- Düzdür, mövsüm hələ yeni başlayıb. İlk 5 turdan sonra turnir cədvəlinə başçılıq edirsiniz. Çempionluq barədə düşünürsünüz?
 
- Yox, mən belə düşünmürəm. Oyundan sonra Bordin dedi ki, biz minimum vəzifənin öhdəsindən gəlmişik. Hər şey qabaqdadır. Bütün oyunlara final matçı kimi köklənməliyik.


Son xəbərlər