"Qurban Qurbanovun gəlişindən sonra millinin oyun üslubu dəyişib" – Vaqif Sadıqov

"Qurban Qurbanovun gəlişindən sonra millinin oyun üslubu dəyişib"  – Vaqif Sadıqov
MÜSAHİBƏ 8 Sentyabr 2018 / 20:00 5214
-  A +

UEFA Millətlər Liqasında sentyabrın 10-da Malta ilə qarşılaşacaq milli komandamız bu gün sözügedən ölkəyə yola düşüb. Səfərə gedənlər arasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da var. Təcrübəli mütəxəssis səfər öncəsi Qol.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Kosovo ilə dünənki oyundan başlayaq. Komanda necə təsir bağışladı? Çünki millimizin matçın birinci hissəsindəki çıxışı ilə bağlı tənqidi fikirlər var. Sizin bir mütəxəssis kimi dünənki oyuna baxışınız necədir?

- İlk növbədə başa düşməliyik ki, komandamız yeni baş məşqçinin rəhbərliyi altında birinci rəsmi oyununu keçirdi. Bilirsiniz ki, Millətlər Liqasında çıxış edən bütün yığmaların hədəfləri eynidir. Hər bir komanda mümkün qədər uğurlu nəticələr qazanıb, hər liqadan final mərhələsinə yeganə vəsiqəni əldə etməyə çalışır. Bizim qrupda Kosovo ilə Azərbaycan yığması favorit sayılır. Bu oyunda hər iki komanda ilk növbədə məğlub olmamaq istəyirdi. Hardasa nəticə də oyuna görə oldu. Hər iki yığmanın üzərində nəticə yükü olduğuna görə futbolçular ən yaxşı keyfiyyətlərini göstərə bildilər. Məğlub olan tərəf bu yarışdan kənarda qala bilərdi. Amma ikinci hissə göstərdi ki, yığmamızın gücü də, potensialı da var. Komandamız əsas oyunçuları Avropanın yaxşı çempionatlarında çıxış edən yığmaya qarşı çox inamlı mübarizə apardı. Yalnız qol çatışmırdı. İnanıram ki, oyundan oyuna bunu da görəcəyik. Yığmamız yaxşı nəticələrlə hamımızı sevindirəcək.

- Millimiz buna qədər bir neçə yoldaşlıq matçı keçirsə də, dünənki oyun Qurban Qurbanovun yığmada rəsmi debütü ilə əlamətdar oldu. Uzun illərdir komandanı izləyirsiniz. Kosovo ilə qarşılaşmada müsbətə və ya mənfiyə doğru – nə kimi dəyişikliklər gördünüz?

- Bunun üçün uzağa getmək lazım deyil. Ən vacibi odur ki, millinin oyun dəsti-xətti dəyişib. Nəticədən asılı olmayaraq, hər bir matçda topa nəzarət bizim tərəfimizdə olur, oyuna diktə edirik. Kosovo ilə matçda da bunun şahidi olduq. Qurban Qurbanovun gəlişi ilə oyun üslubu dəyişib. Futbolçuların ustalıq səviyyəsi də yüksək olmalıdır ki, istənilən nəticəni əldə edək. İnanıram ki, oyundan oyuna istəyimizə nail olacağıq. Komanda bir yerdə çıxış etməklə öz səviyyəsini də qaldıracaq, anlaşma da yaxşı olacaq.

- Sözlərinizdən belə başa düşülür ki, bədbinliyə heç bir əsas yoxdur...

- Yox, mən bədbinliyə heç bir əsas görmürəm. “Qarabağ” Bakıda “Çelsi”yə 0:4 hesabı ilə uduzurdu, ancaq komandamız 10 nəfərlə İngiltərə çempionuna qarşı  mübarizə aparıb, topa nəzarət edən tərəf olurdu. Öz oyun üslubundan geri çəkilməyən bir baş məşqçimiz var. Onun öz tələbləri var və biz bunu yığma komandada görürük. Hər bir işdə zamana ehtiyac var. Ən vacibi odur ki, atılan addım düzdür. Bunu da oyundan oyuna sübut edəcəyik.

- Millətlər Liqası Azərbaycan kimi ölkələr üçün Avropa çempionatının final mərhələsinə çıxmaq baxımından həm arzu, həm də məqsəddir. Bizim potensialımız bu məqsədə çatmağa nə dərəcədə imkan verir?

- Hesab edirəm ki, şans var, bundan tam şəkildə istifadə etmək lazımdır. D liqasında yer alan komandaların hər birinin hədəfi budur. Onlar da bu şansdan yararlanıb, final mərhələsinə vəsiqə qazanmaq istəyirlər. Amma bəlkə də biz bunu onlardan da çox istəyirik. Bilirsiniz ki, AÇ-2020-nin 4 oyunu məhz bizim ölkəmizdə olacaq. İstərdik ki, azarkeşlərimiz final mərhələsində öz yığmamızı da görsünlər və dəstəkləsinlər. Hər birimiz bunu arzulayırıq, istəyirik. Bunu dərk edən komandamız, rəhbərliyimiz, futbolla məşğul olan şəxslərimiz var. Hamımızın hədəfi birdir: uğurlu nəticə ilə final mərhələsinə vəsiqə qazanmaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı