"Bəzi futbolçular milliyə məcburiyyətdən dəvət olunur" – Bəxtiyar Musayev

"Bəzi futbolçular milliyə məcburiyyətdən dəvət olunur" – Bəxtiyar Musayev
MÜSAHİBƏ 5 Sentyabr 2018 / 17:48 6266
-  A +

“Neftçi” və “Xəzər Lənkəran”ın keçmiş məşqçisi, son olaraq birinci divizion təmsilçisi “Zaqatala”nın idman direktoru işləmiş Bəxtiyar Musayev Qol.az-a müsahibə verib. Klublarımızın avrokuboklardakı çıxışından tutmuş ölkə futbolundakı hazırkı duruma kimi bir çox məsələyə münasibət bildirən mütəxəssis maraqlı fikirlər səsləndirib.

- Hazırda nə işlə məşğulsunuz?

- Hələlik bekarçılıqdır. Təklif yoxdur, gərək səbəbini siz klublardan soruşasınız. İşlədiyimiz yerlərdə verdiyimiz nəticələr göz qabağında olub. 1-2 xırda məsələ var, amma ümumilikdə sakitlikdir. Ciddi bir şey yoxdur.

- Yəqin ki, işləməsiniz də, futbolun içindəsiniz və kənardan da olsa, maraqlanırsınız, izləyirsiniz. Bir qədər əvvələ qayıdaq. Bu mövsüm avrokuboklarda ölkəmizi təmsil edən 4 klubdan 3-ü – “Neftçi”, “Qəbələ” və “Keşlə” ilk mərhələdəcə mübarizəni dayandırdı. Sizcə, uğursuzluğa nə səbəb oldu?

- Əlbəttə, bu, heç də yaxşı durum deyil. Hər 3 klub mərhələni keçməli idi. Rəqiblər də normal, dişimizə görə komandalar idi. Təəssüflər olsun ki, ilk turdaca dayandılar. Çox məyus olduq, belə olmamalıydı. Əvvəlki illərə baxanda çempionatda, klublarda rəqabət azalıb. Uğursuzluğun səbəblərindən biri də klublara yetərincə sponsor cəlb edilməməsidir. Premyer Liqanın səviyyəsi də göz qabağındadır. 3-5 il öncəki çempionat deyil. Bu da klubların avrokuboklardakı çıxışına böyük təsir göstərir. Biz “Qarabağ”dan Çempionlar Liqasının qrupuna düşməyi gözləyirik. BATE-yə uduzandan sonra isə hamı onların üstünə düşmüşdü. Amma şükür etmək lazımdır ki, Avroliqada qrupa düşdülər. Bu, Azərbaycan futbolunun indiki durumuna görə çox böyük nəticədir. Klublar var ki, illərlə pul xərcləyir, heç Avropa Liqasında qrupa düşə bilmirlər. Fürsətdən istifadə edib, bunu deməyi özümə borc bilirəm. Biz elə də yaxşı vəziyyətdə deyilik ki, hər komandamızdan Çempionlar Liqasında qrupa düşməyi gözləyək. Dövlət futbola qayğını daha da artırmalı, yeni sponsorlar cəlb olunmalıdır. Görürsünüz ki, Avropa Liqasının birinci təsnifat mərhələsində hər 3 rəqib dişimizə görə olsa da, məğlub ayrıldıq. Futbola nəzarət gücləndirməlidir.

- Sponsor məsələsi, futbola diqqətin artılması barədə danışdınız. Bu il “Neftçi”nin büdcəsi artırıldı və transferlər üçün yetərincə pul ayrıldı. Hətta “Türk Hava Yolları” ilə sponsorluq müqaviləsi də bağladılar. Ancaq qarşılığında Macarıstanın ortabab klublarından olan “Uypeşt”ə uduzaraq, ilk mərhələdəcə Avroliqa ilə vidalaşdılar...

- Tamamilə doğru deyirsiniz. Mən ümumi danışdım ki, çempionatın səviyyəsi aşağı düşüb. Ona görə də klublarımız ilk mərhələdə mübarizəni dayandırdılar. Əlbəttə, burada klub rəhbərliyindən, onların öz işlərinə məsuliyyətli yanaşmalarından da çox şey asılıdır. Sponsorlar kluba ayrılan vəsaitin qarşılığında onlardan nəticə tələb etməlidir. Düzdür, futbolda yüzfaizlik heç nə yoxdur. Amma qarşıya məqsəd qoyulubsa, sənin də dişinə görə rəqibdirsə, bunu mütləq keçməlisən. “Uypeşt”lə 3:1 hesablı ilk qələbədən sonra çoxları eyforiyaya qapılmışdı. Bayram əhval-ruhiyyəsində idilər. Mən isə o qənaətdə deyildim və rəqib meydanında istənilən nəticənin ola biləcəyini düşünürdüm. Düzdür, 0:4 doğrudan da acınacaqlı oldu. Bunu düşünməsəm də, ilk matçdakı oyuna görə, “Neftçi”nin cavab qarşılaşmasında məğlubiyyətinin tam təbii olacağını demişdim. Halbuki həmin vaxt çoxları “Sevilya”nın Bakıya gəlməyindən dəm vururdu. Ancaq mən yaxın adamlara da demişdim ki, bu, həmin “Neftçi” deyil. Hesab aldadıcı idi.

- Bu il komandanın qarşısına çempionluq hədəfi qoyulub. Siz necə düşünürsünüz, “Neftçi”nin bu il qızıl medalları qazanması realdırmı?

- Bunlar çempionluqdan dəm vururlar. Mən isə deyirəm ki, çempionluğa başqa namizəd yoxdur. “Qarabağ”ı şəksiz-şübhəsiz çempion görürəm. Bu, mənim şəxsi fikrimdir. “Qarabağ” son turda “Neftçi” ilə oyuna 6-7 əsas heyət oyunçusu olmadan çıxmışdı. Bu, az say deyil. Futbolda 1-2 əsas oyunçu meydana çıxmayanda komandanın oyununa təsir edir. Digər tərəfdən, oynayan futbolçular da hər dəfə bu heyətlə bir yerdə mübarizə aparmırlar. Qarşılıqlı anlaşmazlıqlar da var idi. Bütün bunlara rəğmən “Qarabağ” “Neftçi”dən çox-çox üstün oynadı. Düzdür, deyə bilərlər ki, bizdə də qol epizodları oldu. Amma gəlin, baxaq görək, bu imkanlar necə yarandı. Biri var komanda özü qol vəziyyəti yaradır, bir də var, rəqib texniki səhvlərə görə “Neftçi”yə imkanlar verdi. “Qarabağ” isə boş qapıya top vura bilmirdi. Bu, artıq bəxtsizlikdir. Epizodları “Qarabağ” yaradırdı, oyunu da “Qarabağ” oynayırdı. Xüsusilə də 2-ci hissədə. Bundan əvvəl “Qəbələ” ilə oyunlarına da baxdım. 2 sadə epizodda qol vurdular. Amma ikinci hissədə “Qəbələ”nin bir neçə yüz faizlik epizodu oldu. Heç bu komanda da ötən ilki deyil. Bir neçə aparıcı futbolçusu getdi. Dediyim odur ki, “Qarabağ” böyük xal fərqi ilə çempion olacaq. Minimum 10 xallıq fərqlə. Hətta Avroliqada qrupa düşməsəydilər, mövsümün sonunda ikinci pillədəki komanda ilə aralarında minimum 15 xal fərq olardı. Bu da çempionatımızda “Qarabağ”a layiqli rəqib olmamağından xəbər verir və komandanın gələcək oyunlarına təsir edəcək.

- Sizcə, “Neftçi” rəhbərliyi mövümün əvvəlində komandanın sükanı arxasına gətirdiyi italiyalı Roberto Bordinlə ən yaxşı halda nəyə ümid edə bilər?

- Üç tur geridə qalıb. Bir də avrokuboklarda 2 oyun keçiriblər. Xüsusilə Avroliqanın cavab oyununda məşqçinin işi göründü. Məncə, birbaşa onun səhvi ucbatından komanda mərhələni keçə bilmədi. Müdafiəçilərin sayını çoxaltmaqla, demək olmaz ki, sən qapını toxunulmaz saxlayırsan. Müdafiə olunmağı da bacarmalısan. “Neftçi” isə Macarıstanda bacarmadığı oyunu oynadı. Qorxaq futbol sərgilədikləri üçün uduzdular. Məşqçinin işi qurduğu heyətdən, etdiyi əvəzetmələrdən görünür. Komandanın içində olmadığımızdan onun hansı tapşırıqlar verdiyini, nə tələb etdiyini bilmirik. Hələ ki, onun nəinki böyük, heç orta bir işini də görmürəm.

- Bayaq çox vacib bir məqama toxundunuz. Bildirdiniz ki, çempionatda rəqabət yoxdur və bu, “Qarabağ”ın avrokuboklardakı oyunlarına da təsir edir. Onda belə çıxır ki, 1-2 il də belə davam etsə, Avroliqanın qrupu da bizim üçün xəyal olacaq...

- Mənim üçün həm ötən, həm də bu il Avroliqanın qrupuna düşəcəyimiz xəyal kimi görünürdü. Ötən mövsüm “Qarabağ” başından yuxarı tullandı və Çempionlar Liqasında qruplara qaldı. Çox böyük uğur idi. Elə bu il Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmaları da indiki durumda böyük nailiyyətdir. Özüm də futbol oynamışam, məşqçi də olmuşam. Bilirəm ki, avrokubok oyunlarında məşqçi nə qədər motivasiya etməsə də, futbolçu meydana çıxıb oynayır. Avrokuboklardan fərqli, daxili çempionatda tribunaların boşluğu, komandaların o səviyyədə olmaması da ümumi çıxışa təsir edir. Burada məşqçini də qınamaq olmur. Futbolçunu elə bir oyundan bu cür matça kökləmək çox çətindir. Bu vəziyyətdə “Qarabağ” qruplara qalıbsa, onları qınamaq yox, çoxlu sağ ol demək lazımdır. Mütləq şəkildə rəqabət artırılmalıdır. İndi yeni komanda yaranıb, “Sabah”ı nəzərdə tuturam. Baxırsan ki, rəhbərliyi də iddialıdır. Çox istərdim ki, sona qədər belə qalsınlar. Daha da səylə futbola can yandırsınlar. Çünki sürətlə aşağı düşürük. Baxırsan ki, artıq millidə də rəqabət azalıb. Bəzi futbolçular yaşlanıblar. Gərək, aşağıdan futbolçu yetişsin. Ancaq bu davamçılar ard-arda gəlmir. Bu da böyük bir siqnaldır. Bəzi futbolçular məcburiyyətdən dəvət olunur.

- Millidən söz düşmüşkən, komandamız 2 gün sonra Millətlər Liqasında ilk oyununu keçirəcək. Rəqib isə Kosovo seçməsidir. Çoxları düşünür ki, qrupun favoriti Azərbaycan millisidir. Siz hansı fikirdəsiniz?

- Kosovo cəmi 2 ildir FİFA-ya daxil olduğundan, çoxları belə düşünür. Amma futbolu dərindən bilən və baxan görməlidir ki, onların futbolçuları hansı klublarda oynayır. Düzdür, təcrübə də önəmlidir. Bu baxımdan rəqibdən üstünük. Amma ümumi futbolçu səviyyəsinə baxanda ortaya ciddi fərq çıxır. 23 futbolçusu Avropanın iddialı çempionatlarında oynayır. Könül istər ki, qrupu birinci pillədə başa vuraq. Əgər bunu edə bilsək, indiki məqamda böyük uğur olar. Halbuki ciddi nəzarət edilsəydi, indi bu durumda olmazdıq. Klublara da böyük iş düşür. Mənim oğlum da futbolçudur. Aşağı yaş qruplarında nələrin baş verdiyini görürəm. Onlara diqqət-qayğı artırılmalıdır ki, gələcəkdə bu cür problemlərlə üzləşməyək. Kosovo kimi komandanı rahatlıqla udmaq indiki məqamda ağır görünür.

- Kosovo ilə oyundan sonra Malta səfəri var. Həmin matçdan nə gözləyirsiniz?

- Bu iki oyun çox çətin keçəcək. İlk matçlardır, həyəcan olacaq. Bunu üzərlərindən tez atıb, rahat oynaya bilsələr, istədikləri alınacaq. İlk oyunu Kosovoya qarşı keçirib, ardınca Maltaya yollanmaq yaxşı deyil. Deyərdim ki, püşk bu iki oyuna görə bizə gülməyib. Kosovonu udsaq, yüksək əhval-ruhiyyə ilə Maltaya gedib, oradan da qələbə ilə dönmək olar. İki oyundan 6 xal yığa bilsək, hələlik rahat ola bilərik. Ancaq yenə deyirəm, hər iki oyun ağır olacaq. Çempionatımız da yeni başlayıb, futbolçularımız istənilən səviyyədə deyillər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı