"Biz dünya çempionuna qarşı oynamışıq, Kosovodan niyə qorxaq ki?"

"Biz dünya çempionuna qarşı oynamışıq, Kosovodan niyə qorxaq ki?"
MÜSAHİBƏ 3 Sentyabr 2018 / 13:00 5838
-  A +

Milli komandamız və "Səbail"in hücumçusu Ruslan Qurbanov Qol.az-a müsahibə verib. Yığmamızın Millətlər Liqasında Kosovo və Malta ilə keçirəcəyi oyunlara hazırlığı haqda danışan futbolçu rəqiblərdən qorxmadıqlarını bildirib.

- UEFA Millətlər Liqasının Kosovo və Malta ilə oyunları öncəsi milli komandada atmosfer necədir?

- Komandada ab-hava əladır. Hər birimiz məşqlərdə əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Kosovo ilə oyunun məsuliyyətini başa düşürük. Bakıda qələbə qazanıb, turnirə uğurlu başlamaq və hamını sevindirmək istəyirik.

- "Qarabağ"ın Avropa Liqasında qrup mərhələsinə düşməsi milli komandadakı ab-havaya necə təsir etdi?

- Əlbəttə, çox yaxşı təsir göstərdi. Hamımız bu uğura sevinirik. "Qarabağ"ı təbrik etdik. Hər birimiz Avroliqada onlara azarkeşlik edəcək, oyunlarını həyəcanla izləyəcəyik.

- "Səbail"in heyətində 3 oyun keçirsəniz də, hələ qol vura bilməmisiniz. Bu mənada Qurban Qurbanovdan dəvət gələcəyini gözləyirdiniz?

- Ümid edirdim ki, Qurban müəllim məni yığmaya çağıracaq. Amma tam əmin deyildim. Mənə inandığı üçün ona təşəkkür edirəm. İndi daim oynayıram, təcrübəm var. Sadəcə, hələ qol vurmamağım bir az əhvalımı pozur. Amma inanıram ki, zamanla hər şey öz qaydasına düşəcək.

- Uzun fasilədən sonra Rauf Əliyev milliyə qayıtdı. Bu isə o deməkdir ki, hücum xəttində rəqabət olacaq. Bu, sizi narahat etmir?

- Heç vaxt rəqabətdən qorxmamışam. Əksinə, rəqabət olmağı bizim xeyirimizədir.

- Millətlər Liqasında ilk oyun Kosovoya qarşı olacaq. Bakıdakı qarşılaşmadan nə gözləyə bilərik?

- Gözəl oyun nümayiş etdirmək istəyirik. Kosovo yaxşı komandadır. Oyunçularının əksəriyyəti ölkə xaricində çıxış edir. Asan oyun olmayacaq. Amma biz hazırıq.

- Özünüz də qeyd etdiniz ki, Kosovo millisinin bir çox üzvü ölkə xaricində, yaxşı çempionatlarda oynayır. Buna görə hər hansı həyəcan varmı? Ümumiyyətlə, bu rəqibdən çəkinmirsiniz?

- Belə şeylərə fikir verib, meydana çıxmaqdan qorxsaydıq, futbol oynamamaq daha yaxşı olardı. Kosovodan qorxmuruq. Biz dünya çempionu olan Almaniyaya, eləcə də Xorvatiya və Portuqaliya kimi komandalara qarşı oynamışıq. Onlardan qorxmamışıqsa, Kosovodan niyə çəkinməliyik?

- Kosovo ilə matçdan 3 gün sonra isə səfərdə Maltanın qonağı olacaqsınız. Həmin oyun barədə nə düşünürsünüz?

- Malta ilə artıq bir neçə dəfə qarşılaşmışıq. Amma indi onlar daha da gücləniblər. Hazırda əsas fikrimiz Kosovo ilə oyundadır. Lakin Maltaya da yaxşı nəticə üçün gedəcəyik. Artıq hamı futbol oynaya, yaxşı müdafiə oluna bilir. Hər iki oyunda Qurban Qurbanovun tapşırıqlarını meydanda yerinə yetirə bilsək, nəticə özü gələcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı