“Xəzər Lənkəran”ın direktoru: “Hələ də özümüzə gələ bilmirik”

“Xəzər Lənkəran”ın direktoru: “Hələ də özümüzə gələ bilmirik”
XƏBƏR 25 May 2010 / 16:52 2440
-  A +

“Xəzər Lənkəran” futbol klubunun direktoru Höccət Hacıyev müsahibə verib. Qol.Az-ın məlumatına görə, klub rəsmisi ölkə kubokunun finalında yaşanan olaylara, həmçinin cənub təmsilçisinin avrokuboklara hazırlığı haqda bəzi məqamlara münasibətini bildirib.
- Komandanızın bu mövsüm çıxışı Sizdə necə təsir bağışladı?
- Ümumiyyətlə, “Xəzər Lənkəran” ümidlərimizi doğrultmadı. Klubumuz daim iddialı yerlər uğrunda mübarizə aparır. Lakin son turlarda komandamızın çıxışı bizi qane etmirdi. Yəni, gözlədiyimizdən çox-çox zəif çıxış edirdi. Çempionatdakı oyunlarda hakimlərin yanlış qərarları çıxışlarımıza təsir etdi. “Neftçi” ilə Lənkəranda keçirdiyimiz oyunda baş hakim Əfqan Həmzəyev qollarımızı qeydə alsaydı, çempion ola bilərdik. Amma təəssüf ki, bu, olmadı və biz çempion ola bilmədik. Yəni qızıl medal qazana bilməməyimizi sırf hakimliklə və bizə qarşı edilən hərəkətlə əlaqələndirərdim.
- Bəs kuboksuz qalmağınızın səbəbini nədə görürsünüz?
- Ölkə kubokunun final matçı kimi qarşılaşmalar adi oyunlardan həmişə fərqli olurlar. Amma “Bakı” ilə mayın 23-də keçirdiyimiz görüşü heç final matçı adlandırmaq olmazdı. Mən oyunu Tofiq Bəhramov adına Respublika stadionunda canlı izləyirdim. Bilirsiniz, centlmenlik deyirik, “Fair Play” deyirik, nə deyirik, bilmirəm, bu, son bir-iki ildə Azərbaycanda bir bəlaya çevrilib. Artıq 2-3 dəfədir ki, bu qaydalar pozulur. Buna əlaqədar futbol qurumları da göz yumurlar. Özü də necə? Lənkəran şəhər stadionunda “Fair Play” bayrağını asmasaq, bizi hər oyuna 1000 manat cərimələyirlər. Əgər o bayrağa hörmət olunmursa, niyə asırıq? Bizim futbolçu hücumda olan zaman rəqib oyunçunun yıxıldığını gördükdən sonra ona yardım məqsədilə topu saxlayır. Amma “Bakı”nın oyunçusu topu qapımıza vurur. Bu, haqsızlıqdır. Məhz haqsızlıq sonda bu nəticəyə gətirib çıxardı. Ona görə də mən finalda 1:2 hesablı məğlubiyyəti “Xəzər Lənkəran”ın oyunu ilə yox, bizə qarşı haqsızlıqla əlaqələndirərdim. Meydançada haqlı mübarizə getmədi.
- Sizcə, “Bakı”nın futbolçusu Ernad Skuliç hakimin atdığı mübahisəli topu “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevə ötürmə vermək üçün göndərmişdi, yoxsa...
- Onun konkret hansı məqsəd güddüyünü deyə bilmərəm. Amma fakt budur ki, top onun zərbəsindən sonra qapımızdan keçdi. Topu qapıçıya göndərmək istəyirdisə, yerlə də ötürə bilərdi. 60 metrlik məsafədən topu göylə göndərməyin nə mənası var idi? Topu auta atmaq da olardı, “Xəzər Lənkəran”ın yaxınlıqda olan futbolçusuna vermək də... Yəni, topun göylə göndərilməsinin özü təhlükəli idi.
- İddialara görə, Ernad Skuliçə topu Kamran Ağayevə atmağı “Xəzər Lənkəran”ın hücumçusu Denis Kalinkov deyib...
- Xeyr, elə şey ola bilməz. Bir də ki, qapıçıya o cür top atmazlar. Bu epizodu “Fair Play” qaydasının pozulması kimi dəyərləndirmək lazımdır. Əgər o epizod olmasaydı, topu qapıya necə göndərmək olardı? Yaxud göndərsəydilər, qol olacaqdımı?
- Bəs Kamran Ağayev qapıdan xeyli irəli çıxmasaydı, o topu tuta bilməzdi?
- Kamran irəli çıxmışdısa, topu onun qarşısına rahatca atmaq olardı. Çünki boş zonada idi. Belə qola sevinmək olarmı? “Fair Play” qaydalarına Hollandiya, İngiltərə çempionatlarındakı kimi əməl etmək lazımdır. Belə qola sevinmək olmaz. Çünki rəqibin sənin oyunçuna yardım edir, sən isə topu bizim qapımıza göndərirsən. “Dədə Qorqud” filmində bir epizod var: Beyrəyi Aruzun yanına çağırırlar, amma arxadan vurub öldürürlər. Bu zaman Beyrək deyir: “Əl tutub aldatmaq arvad işidir. Bu işi arvadındanmı öyrəndin?” Yəni, “Fair Play” qaydaları Azərbaycanda elə o vaxt, döyüş zamanı pozulub. Elə indi də davam edir. Əlaqədar futbol qurumları da buna göz yumurlar. Bu, düzgün deyil. Onda biz də stadionlardan “Fair Play” bayrağını yığışdıraq, ədalətli oyun qaydalarını ləğv edək, FİFA və UEFA-nın irəli sürdüyü bu qayda ilə razılaşmayaq. Kim necə istəyirsə, elə də oynasın. Bu, düzgün olardı. “Bakı”nın kapitanı Elvin Əliyev ötən il elə “Xəzər Lənkəran”la görüşdə “Fair Play” qaydasını pozdu. Qapıçımız Dmitri Kramarenko zədələndiyi üçün topu meydançadan çölə atmaq istərkən, Elvinin qarşısına düşdü. O isə heç nə olmayıbmış kimi qapımıza doğru hücuma keçdi. Artıq ikinci dəfədir ki, “Bakı” komandası bizə qarşı belə hərəkət edir.
- Demək, final matçında buraxdığınız ilk qolda qapıçınız Kamran Ağayevin günahı yoxdur?
- Kamranın da günahı qaçılmazdır. Onun da səhvi odur ki, topa düzgün çıxmadı. Amma topun belə atılacağını gözləmirdi.
- Oyundan sonra keçirilən mükafatlandırma mərasiminə komandanız, mətbuat konfransına isə nə baş məşqçiniz Ağasəlim Mircavadov, nə də onun köməkçilərindən biri qatıldı. Bu, nə ilə əlaqədar idi?
- Yəqin ki, bu, elə oyunun o cür axar alması, “Fair Play” qaydalarına əməl olunmamasından doğan narazılıqla bağlı idi. Şəxsən mən futbol oynayanlar arasında olsaydım, o qoldan sonra meydançadan çıxıb gedərdim. Futbolu da yarımçıq saxlayardım. Çünki bu, bir komandanın futbolçularının rəqib həmkarlarına qarşı hörmətsizliyidir. İstəməzdik ki, futbol qurumlarımız da həmin epizodu o cür dəyərləndirsinlər.
- “Xəzər Lənkəran” mükafatlandırma mərasiminə buna etiraz əlaməti kimi gəlməyib?
- Bu barədə məndə dəqiq məlumat yoxdur. Yəqin ki, bununla əlaqədardır. Oyundan sonra nə klub rəhbərliyi, nə də futbolçularla görüşmüşəm. Stadiondan birbaşa Lənkərana gəlmişəm. Hər halda mən bunu belə dəyərləndirərdim.
- Bəs lənkəranlı azarkeşlərin oyunda baş verənlərə münasibəti necədir?
- Azarkeşlərimiz hələ də şokdan ayıla bilməyiblər. Lənkəranda futbolla necə yaşadıqlarından xəbərdarsınız. Hələ də özümüzə gələ bilmirik.
- Komandanız bu mövsümü titulsuz başa vurdu. Bununla əlaqədar hansı tədbirlər görmək niyyətindəsiniz?
- Bu, klubumuzun fəxri prezidenti və prezidentinin qərarından asılı olacaq. Sözsüz ki, “Xəzər Lənkəran” gücləndirilməlidir. Baş məşqçini qane etməyən futbolçular kənarlaşdırılmalı, əvəzinə komandanı irəli apara biləcək oyunçular alınmalıdır. Müəyyən dəyişikliklər olacaq. Titulsuz qalmağımıza gəldikdə, bu, hər komandada baş verə bilər. “Fənərbağça” klubu o cür səviyyəli futbolçularla nə Türkiyə çempionu ola bildi, nə də kuboku qazandı. Bizim aqibətimizi yaşadı. Son anda hər iki mükafatı əldən verdi. Futbolun gözəlliyi də, marağı da bundadır. Belə şeylər olmasa, futbola da maraq itər.
- Avropa Liqasında rəqibinizi Lənkəran şəhər mərkəzi stadionunda qəbul edəcəyiniz dəqiqdir?
- Bəli. Bunun üçün həm stadionumuz, həm də Lənkəran hava limanı beynəlxalq standartlara cavab verir. Digər tərəfdən, stadionumuzda 21 yaşlılardan ibarət Azərbaycan yığması Özbəkistandan olan həmyaşıdları ilə yoldaşlıq görüşü keçirib. Eyni zamanda əsas millimiz 2010-cu il dünya çempionatının seçmə qrup matçında Finlandiya ilə üz-üzə gəlib. Artıq arenamız FİFA tərəfindən qəbul olunub. İnşallah, rəqiblərimizi Lənkəran şəhər mərkəzi stadionunda qəbul edəcəyik.

lent.az


Son xəbərlər