“Bir qara bulud idi, keçib getdi” – Elşad Əhmədov

“Bir qara bulud idi, keçib getdi” – Elşad Əhmədov
MÜSAHİBƏ 28 Avqust 2018 / 17:34 4089
-  A +

“Sabah” klubunun baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib. Komandasının mövsümün ilk turundakı çıxışını dəyərləndirən gənc mütəxəssis digər məqamlara da toxunub.

- Mövsümə uğurlu start verdiniz. Komandanız geridə qalan 3 turdan sonra 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Çıxışınızı necə dəyərləndirirsiniz?

- Debütant komanda üçün pis start deyil. Amma deyim ki, çıxışımızdan tam razıyam, yalan olar.  Oyunlarda çatışmayan cəhətlərimiz olur. Xüsusilə də 2-ci turda bunun şahidi olduq və acı məğlubiyyət aldıq. Yaxşı ki, növbəti matçda futbolçular toparlanıb yaxşı oyun göstərdilər. Debütant üçün 3 oyuna 6 xal yaxşı nəticədir. Ancaq gələcək oyunlarda çox işləmələyik. Çatışmayan cəhətlərimiz var.

- Nəyi nəzərdə tutursunuz?

- Yeni yaranmış komandayıq. Futbolçuların bir-birini başa düşməsi, xətlərarası anlaşma hələ istənilən səviyyədə deyil. Bir məşqçinin beynindəki taktiki məsələləri 2 aya futbolçulara çatdırması qeyri-mümkündür. Digər tərəfdən isə komandamızda top-klass futbolçular yoxdur.

- Amma Marko Deviç kimi hücumçunuz var...

- Bəli, var. Amma heyətimizdə Deviç səviyyəsində cəmi 1-2 futbolçu var.

- Maraqlıdır ki, 3 turda vurulan bütün topların müəllifi məhz ukraynalı hücumçudur. Hazırda da 4 qolla bombardirlər yarışına başçılıq edir. Yəqin ki, belə forvarddan razı qalmamaq olmaz....

- Deviçin oyununu siz kənardan daha yaxşı dəyərləndirə bilərsiniz. Çox peşəkar oyunçudur, futbola olduqca peşəkar yanaşması var. Çox istərdim ki, Azərbaycana bu cür legionerlər gəlsin. Ölkə futbolunun ondan götürəsi çox şeyi var.

- Bayaq özünüz də qeyd etdiniz ki, mövsümün ilk oyununda səfərdə “Keşlə”ni məğlub etdikdən sonra 2-ci turda gözlənilmədən “Sumqayıt”a uduzdunuz. Həmin oyunda nə baş verdi?

- Oyundan sonra məğlubiyyətin səbəblərini araşdırdıq. Deyim  ki, arxayınlıq oldu və ya matça yaxşı köklənə bilmədik, belə deyil. Bir qara bulud idi, keçib getdi. Adını belə qoyaq. Çünki həmin oyunda nə etmək istədiksə, heç biri alınmadı. Müdafiə oluna, hücuma keçə, top saxlaya bilmirdik. “Zirə” ilə matçda uşaqlar qara zolaqdan çıxa bildirlərsə, bunun özü böyük bir şeydir. Çünki belə məğlubiyyətlərdən sonra növbəti oyunlara hazırlaşmaq çox çətindir.

- Bu mövsüm üçün əsas hədəfiniz nədir?

- Dediyim kimi, yeni yaranmış komandayıq, hədəfimiz Premyer Liqada qalmaqdır. Rəhbərlik tərəfindən də qarşımıza bu vəzifə qoyulub.

- Masazırda keçirdiyiniz ilk və hələlik yeganə ev oyununuza PFL-in açıqladığı rəqəmə əsasən, çox az sayda - cəmi 500 nəfər gəlib. Klub rəhbərliyi komandaya azarkeş cəlb etmək üçün insanlar arasında hər-hansı maarifləndici işlər görüb, bu yöndə təbliğat aparırmı?

- Klub tərəfindən bu yöndə işlər görülür. Masazırda futbol bayramı yaşatmaq istəyirik. “Sabah” klubu ora köçüb ki, həmin ərazidə yaşayan insanlar futbolla maraqlansınlar. İnanıram ki, getdikcə maraq artacaq. Görürsən ki, gəlib məşqlərimizi izləyirlər. Yavaş-yavaş onları futbola “xəstələndirmək” istəyirik. Ümid edirəm ki, orada bəzi işlər gedəndən sonra azarkeş sayı artacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər