"Yəqin, məndən xoşu gəlmədiyi üçün oynatmır" - Skarlatake

"Yəqin, məndən xoşu gəlmədiyi üçün oynatmır" - Skarlatake
MÜSAHİBƏ 27 Avqust 2018 / 13:39 3717
-  A +

“Keşlə”nin müdafiəçisi Adrian Skarlatake Qol.az-a müsahibə verib. Komandasının mövsümə uğursuz startından danışan rumıniyalı futbolçu son iki matçda meydana çıxmamasının səbəblərinə də toxunub.

- Topaz Premyer Liqada 3 turdan sonra cəmi 1 xalınız var. Nə baş verir?

- Problemin nədə olduğunu bilmirəm. Ən yaxşısı, baş məşqçidən soruşun. Çünki həqiqətən nə deyəcəyimi bilmirəm. Son 2 oyunda oynamamışam. Ona görə də həmin oyunlar haqda nəsə danışmağım düzgün olmaz.

- Son oyunlarda meydana çıxmamağınız nə ilə bağlıdır? Zədələsiniz?

- Xeyr, zədəm yoxdur. Sadəcə, baş məşqçi məni oynamağa qoymur. Səbəbini bilmirəm, amma qərarına hörmətlə yanaşıram.

- Oynamamağınızın səbəbini baş məşqçidən soruşmusunuz?

- Hələ ki, onunla danışmamışam. Yəqin, məndən xoşu gəlmədiyi üçün meydana buraxmır. Ötən mövsüm bütün matçlarda forma geyinmişəm. Mərkəz müdafiəçisi olmağıma baxmayaraq, 7 qol vurmuşam. Bütün oyunları yüksək səviyyədə keçirmişəm. İndi isə oynamıram. Niyə meydana çıxmamağım özümə də qəribə gəlir. Bəlkə də, mənim yaxşı futbolçu olmadığımı düşünür. Bütün bunlara baxmayaraq, yenidən oynamaq üçün şansımı gözləyəcəyəm.

- Bəlkə, çempionatın ilk turunun “Sabah”la oyununda penaltiyə səbəb olduğunuz üçün Mladen Milinkoviç sizə inanmır?

- Bilmirəm, amma ola bilər. Əslində ilk oyunu pis keçirmədim, yalnız penaltiylə nəticələnən kobudluğa yol verdim. Bəlkə də, hər şey buna görə oldu. Ancaq istənilən halda onun qərarına hörmət edirəm və qarşıdakı oyunlarda meydana çıxacağımı gözləyirəm.

- Əgər növbəti turlarda da sizə şans verməsə, “Keşlə”dəki gələcəyiniz haqda düşünəcəksiniz?

- Bu haqda düşünmək istəmirəm. Hazırda “Keşlə”nin futbolçusuyam. Növbəti oyunlarımızı udmalıyıq. Çünki bizi qarşıda 3 vacib matç gözləyir. Əminəm ki, həmin görüşlərdə oynayacağam. Ona görə də daha yaxşı hazırlaşmalıyam.

- Ümumiyyətlə, Milinkoviç necə məşqçidir?

- O, yaxşı məşqçi və yaxşı insandır. Yeganə problemimiz uğursuz nəticələrdir. Qısa zamanda vəziyyəti xeyirimizə dəyişməliyik. Çünki “Keşlə” bizdən yuxarı pillələrdə olan həm “Sabah”, həm də “Səbail”dən yaxşı komandadır.

- Qarşıda 3 həftəlik fasilə var. Necə düşünürsünüz, bu müddət komandanızın xeyirinə işləyə bilərmi?

- Bəli, ümid edirəm ki, fasilə bizə kömək edəcək. Qarşıdan çətin oyunlar gəlir. Fasilədən sonra ilk oyunumuz “Neftçi”yə qarşı olacaq. Mütləq qələbə qazanmalıyıq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər