Rəşad futboldan getməlidirmi? - Mütəxəssislərin rəyi

Rəşad futboldan getməlidirmi? - Mütəxəssislərin rəyi
ÖLKƏ FUTBOLU 16 Avqust 2018 / 12:41 6554
-  A +

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində iki oyununun nəticəsinə görə BATE-yə məğlub olan "Qarabağ" qitənin bir nömrəli klub turnirində mübarizəni dayandırdı.

Ağdam klubunun ÇL-lə vaxtsız vidalaşması ötən il olduğu kimi bu mövsümdə də turnirin qrup mərhələsini arzulayan 10 minlərlə azarkeşi məyus etdi. Məhz bu səbəbdən matçdan sonra fanatların bir qismi belaruslularla hər iki görüşdə səhvə yol verən "Qarabağ"ın kapitanı Rəşad Sadıqovu tənqid atəşinə tutdu. Təcrübəli müdafiəçinin qolla nəticələnən səhvlərini yaşı ilə əlaqələndirən azarkeşlər onun futbolla vidalaşmalı olduğunu düşünür. Təbii ki, bunlar azarkeşlərin fikridir və istənilən halda hörmətlə yanaşmaq lazımdır. Bəs görəsən, mütəxəssislər 36 yaşlı Sadıqovla bağlı hansı fikirdədirlər? Böyük kapitan doğrudanmı futboldan getməlidir? 




Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov hesab edir ki, Rəşadın ölkə futbolu üçün etdiklərini 1-2 səhvə görə silib atmaq düzgün deyil: "Ümumiyyətlə, Azərbaycanda qəribə hal var. Yaşın artan kimi deyirlər ki, getməlisən. Bu, həm futbolçulara aiddir, həm də məşqçilərə. İndiyə qədər gördükləri iş hədər gedir. Ancaq başqa ölkələrdə belə deyil. Götürək Rusiyanı, İqnaşeviç 38 yaşında yenidən milliyə dəvət olundu və dünya çempionatında yaxşı da oynadı. Rəşadı, onun etdiklərini hər hansı səhvinə görə silib atmaq düzgün deyil. Bunu anlamaq lazımdır. Əgər gücü varsa, qoy, oynasın. Dünya səviyyəli ulduzlar belə hərdən kobud səhvlər edirlər. Misal üçün, 1994-cü ilin dünya çempionatına Roberto Baccio penaltini qapının üstündən vurdu və İtaliyanı çempionluqdan etdi. Ümumiyyətlə, bizdə belə bir tendensiya formalaşıb ki, böyüyə hörmət yoxdur. Halbuki onlar bizim tariximizdir. Mən Rəşadın özündən soruşdum. Dedi ki, gücüm var, oynaya bilərəm. İndi bu tənqidləri anlaya bilmirəm. Gücü varsa, oynasın da. Xaricdən 32-33 yaşında legionerlər gətirirlər, bir çoxları da onları tərifləyir. Halbuki onlar Azərbaycan futbolu üçün heç nə etməyiblər. Rəşadın etdikləri isə göz qabağındadır".



"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov isə deyir ki, Azərbaycan futbolundan getməli olanlar çoxdur, amma bu, Rəşad Sadıqov deyil:
"Geniş anlamda yanaşsaq, Azərbaycan futbolundan getməli olanlar çoxdur, başqalarıdır. Belələri müzakirə olunmalıdır, Rəşad Sadıqov yox. Futbolçu karyerasına gəldikdə isə, rəqabət olduqda getmə halları təbii baş verir. İndiki məqamda seçim Rəşad Sadıqovun özündədir. Azərbaycanda İslandiya əhalisinin yarısı qədər futbolçu qeydiyyatdan keçib. 140 mindən çox futbolçu arasında "rəqabət", "keyfiyyət" o qədər üst "səviyyə"dədir ki, milliyə bacarıqlı futbolçular tapılmır. Bunlar təhlil olunmalıdır. Azərbaycan futbolunun problemi daha dərindir. Ağacın kökünü "unudub" qol-budaq müzakirə olunmamalıdır. Tanıdığım Rəşad Sadıqovdursa, son səhvlərə görə ən böyük tənqidçi elə onun özüdür. Mənəvi məsuliyyətini dərk etdiyinə görə xalqdan da üzr istədi, bəhanələr gətirmədi. İlk mərhələdən sonra klublarımızın geri döndüyü məqamda "Qarabağ" qrupun bir addımlığındadır. Bu gün Rəşada, "Qarabağ"a Azərbaycan futbolu adına dəstək olmalıyıq”.

Futbolumuzda şəxsiyyət qıtlığının olduğunu bildirən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov bu mənada Rəşad kimi futbolçulara ehtiyac duyulduğunu qeyd edib: "Rəşad Azərbaycan futbolunun tapıntısı, dəyərli oyunçudur. Belə şəxsiyyətlərin futbolumuzda qalması çox önəmlidir. Ayrı-ayrı ölkələrin təcrübələrinə əsasən də deyə bilərik ki, bu cür oyunçular öz təcrübələri ilə futbolun inkişafına təkan verir. Rəşad gənclər üçün də nümunədir. Hər bir cavan futbolçu gələcəkdə onun kimi olmaq istəyir. Rəşad tək "Qarabağ" yox, Azərbaycan üçün önəmli oyunçudur. Onunla uşaqlıqdan milli komandaya kimi yolu birlikdə keçmişik. Rəşadı yaxından tanıyan biri kimi deyirəm ki, onun futbolumuzda olması olduqca önəmlidir. Bu gün Azərbaycan futbolunda şəxsiyyət qıtlığı var. Rəşad isə bütün müsbət keyfiyyətləri özündə birləşdirən şəxsiyyətdir. Ona görə də Rəşadın futboldan getmək məsələsinə toxunmaq belə istəmirəm".




"Futbolpress.az" saytının redaktoru Elçin Cəlilov isə Rəşadın BATE ilə oyunlardakı səhvinin yaşla bağlı olmadığını bildirib: "Rəşadın səhvləri çox geniş müzakirəyə ehtiyac duymadığım səhv kimi qabardılırsa, idman mübarizə meydanıdırsa, burada səhv olmalıdır. Amma Rəşadın səhvləri onun futbolu bitirməsi ilə bağlı qabardılır. Deyilir ki, guya yaşı keçib. Ancaq mən Rəşadın səhvlərinə baxanda görürəm ki, bunun yaşla heç bir əlaqəsi yoxdur. Belə olsaydı, hansısa sürətdə çatdırmazdı. Bu, əsas texniki səhvlərdir. Bunlar da istənilən müdafiəçinin başına gələ bilər. Tarixə nəzər yetirsək, görərik ki, Azərbaycan futbolunda, xüsusən milli komandada daim mərkəz müdafiəçisi belə bəlalı olub. Stoper mövqeyindəki futbolçu, məsələn, əvvəllər Tərlan Əhmədov da bu cür olub. Hər ikisinin də avtoqolları olub, oxşar səhvlər ediblər. Çünki hər ikisi həm öz komandalarının, həm də millinin lideri olublar. Belədə bəlli məsələdir ki, Azərbaycan klubu rəqibin daha çox hücumlarını gözləməlidir. Xüsusən də əgər bu, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunudursa. Hücum zamanı da mərkəz müdafiəçisi səhv etməlidir ki, rəqib qol vursun. Rəşadın səhv etməyinə haqq qazandırmıram. Sadəcə, həddindən artıq üstünə gedilir ki, bu, yaşla bağlıdır, futbolu bitirməlidir. Qətiyyən! Rəşadın oynadığı oyunlarda sığortaladığı məqamları sadalasaq, inanmıram ki, yerinə başqası olsaydı, bunları edə bilərdi. Faydalı iş əmsalı həddindən artıq çoxdur. Qətiyyən hesab etmirəm ki, Rəşadın futbolu bitirmək yaşı gəlib çatıb. Bu zaman ortaya çox yaxşı sual gəlir. Onda kim? Yakub Jezniçakın optimal formasını da bilirik ki, hansı səviyyədədir. Bəli, 8 il "Legiya"nın kapitanı olub. "Qarabağ"ın böyük ümidlərlə transfer etdiyi futbolçudur. Amma o, hansısa yan səbəblərdən deyil, konkret zədəsi olduğuna, ondan sonra da bərpa prosesi vaxt apardığna görə heyətə düşmədi. Start heyətdə meydana çıxıb psixoloji cəhətdən komandanı kökləyə biləcək futbolçu həddində deyil. Əgər Rəşad Sadıqov varsa, mən də baş məşqçi olsam, ona üstünlük verərəm. Hesab etmirəm ki, Rəşad qlobal dərəcədə tənqid olunası səhv edib. "Qarabağ"ın Çempionlar Liqasının reqlamentinin dəyişildiyi çətin bir vaxtda 3-cü mərhələyə gəlməsi özü böyük bir uğurdur. Komanda bu mərhələdə zəif təsir bağışlayıb uduzmadı. Xırda detallarda BATE üstünlük qazandı".

Elnur SALAHOV

Daha çox


Son xəbərlər