"Qarabağ"ın uğursuzluğunu Rəşadla bağlamaq ədalətsizlik olardı" – Şahin Diniyev

"Qarabağ"ın uğursuzluğunu Rəşadla bağlamaq ədalətsizlik olardı" – Şahin Diniyev
MÜSAHİBƏ 15 Avqust 2018 / 17:34 4778
-  A +

“Kəpəz”in sabiq baş məqçisi Şahin Diniyev Qol.az-a müsahibə verib. “Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırmasının səbəblərini açıqlayan təcrübəli mütəxəssis Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib.


- “Qarabağ”ın Bakıdakı oyunu ilə Borisovdakı oyunu arasında hansı fərqləri müşahidə etdiniz? Sizcə, Qurban Qurbanovun komandası niyə BATE-ni keçə bilmədi?

- Avrokubok görüşləri elədir ki, birinci qarşılamadan sonra öz oyununu qurursan. Hər iki komanda dünən düzgün oyun sxemi ilə meydana çıxmışdı. “Qarabağ”a qol vurmaq üçün daha çox hücum etmək, BATE-yə isə qol buraxmamaq üçün daha çox müdafiə olunmaq lazım idi. Hər ikisi öz taktiki sxemlərinə uyğun futbol sərgilədi. Burada bəxt amili də vacib rol oynadı. BATE-nin bir balaca bəxti gətirdi, yaxşı müdafiə oluna bildi. “Qarabağ” çoxsaylı hücumlar etsə də, nəticəyə təsiri az oldu. Üstəgəl, bayaq da dediyim ki, bəxt amili də həlledici oldu. Hesab 0:0 olarkən Emeqara fərqlənsəydi, “Qarabağ” daha fərqli oyun oynayacaqdı. Belədə BATE məcbur olub, daha irəli gedəcəkdi, komandamız isə müdafiədə oturub, oyunu əks-hücumlarda quracaqdı. Taktiki bir oyun idi.

- Oyundan sonra belə fikirlər dolaşırdı ki, Qurban Qurbanov taktika baxımından Aleksey Baqaya uduzdu. Siz bununla razısınız?

- Yox, razı deyiləm. Mən bayaq da dedim ki, ilk oyundan sonra taktika artıq məlum idi. Futbolu anlayan hər bir adam bilirdi ki, “Qarabağ” mütləq hücum etməlidir. Ağdam klubu da bu taktikanı həyata keçirdi. “Qarabağ” müdafiədə oturub, rəqibin səhv etməyini gözləsəydi, deyə bilərdik ki, bu, baş məşqçinin səhvi oldu. Ancaq dünənki oyunda taktiki səhvdən söhbət gedə bilməz. Oyun düzgün qurulmuşdu. Sadəcə, bəzi futbolçularda ustalıq səviyyəsinin daha yuxarı olmaması məğlubiyyətə gətirib çıxardı.

- İki oyuna əsasən, sizcə, növbəti mərhələyə hansı komanda daha çox layiq idi?

- Belə deyək də, ümumiləşdirsək, “Qarabağ”  mübarizəni dayandırmağa layiq deyildi. Desək ki, BATE layiq deyildi, bu da düzgün olmaz. Çünki ortada fakt var ki, onlar pley-off-a çıxdılar. Hər ikisinin şansı eyni idi, sadəcə, BATE-nin bəxti daha çox gətirdi.

-İlk oyunda olduğu kimi, cavab matçında da qol Rəşad Sadıqovun səhvindən sonra vuruldu. Necə düşünürsünüz, “Qarabağ”ın mərhələni keçə bilməmisinə məhz həmin səhvlərmi mane oldu?

- Yox, biz bir tərəfi görürük, digərini görmək istəmirik. Fərqi yoxdur, orada Rəşad olmasın, bir başqası olsun. Gəlin, real danışaq, səmimi olaq. Bu gün Rəşadın “Qarabağ” üçün etdikləri etmədiklərindən daha çoxdur. Meydanda komanda oyununun ipini əlində saxlamaq asan iş deyil. Rəşad kiçik ötürmələrlə hücumların qurulmasında yaxından iştirak etdi. Bakıdakı oyunda Qara Qarayev, dünənki matçda isə Bədavi Hüseynov Rəşadın səhvini sığorta edə bilərdi. Yəni, ölümcül səhv deyildi. Onu düzəltmək olardı. Demirəm ki, burda Bədavi və ya Qara günahkardır. Sadəcə, onların həmin səhvləri sığortalamağa vaxtı var idi. Əslində elə də ciddi səhvlər deyildi. Bu cür səhvlər avrokuboklarda bağışlanmır. Bizim çempionatda olsaydı, onu sığortalamaq olardı. “Qarabağ”ın uğursuzluğunu Rəşadla bağlamaq ən azından ədalətsizlik olardı.

-“Qarabağ” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. BATE ilə oyunları nəzərə alsaq, təmsilçimizin qrupa düşmək şanslarını necə dəyərləndirirsiniz?

-Dərindən analiz etsək, “Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Olimpiya” ilə matçlarda sərgilədiyi oyunla indiki arasında böyük fərq var. 5-6 qarşılaşmadan sonra “Qarabağ” tam fərqli futbol sərgiləyəcək. BATE ilə oyunlar da göstərdi ki, yeni futbolçuların adaptasiyası üçün vaxt lazımdır. “Qarabağ”ın hazırda göstərdiyi oyun komandanın qruplara düşmək əzmində olduğunu söyləməyə əsas verir. Ancaq futbolda hansısa komandanın güclü olduğunu demək sevilməz şeylərdir. Hə, qrupa düşmək üçün şans var, ancaq bunu meydanda həyata keçirmək lazımdır. Yalnız “Olimpiya” və “Kukesi” ilə oyunları götürsəydim, şansın 50-50-yə olduğunu deyərdim. Ancaq BATE ilə son iki oyun göstərdiki, “Qarabağ” 2-3 addım irəli gedib, şansı böyükdür.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər