"Premyer Liqada 8 komanda çox azdır" – Bahodir Nasimov

"Premyer Liqada 8 komanda çox azdır" – Bahodir Nasimov
MÜSAHİBƏ 15 Avqust 2018 / 13:18 3655
-  A +

“Keşlə”nin yeni transferi Bahodir Nasimov Qol.az-a müsahibə verib. 4 illik fasilədən sonra Azərbaycana qayıdan özbəkistanlı hücumçu həm transferindən danışıb, həm də “Neftçi”dəki karyerasını xatırlayıb.

-Yenidən Azərbaycandasınız. Təəssüratlarınız necədir?

- Təəssüratlarım əladır. Bakı çox dəyişib, gözəlləşib. Şəhər sanki ikinci Dubay olub. Azərbaycan üçün çox darıxmışdım. Burada çoxlu dostlarım var. Bakı mənim ikinci evim kimidir.

- Bakının çox dəyişdiyini dediniz. Bəs çempionatımız haqda hansı fikirdəsiniz?

- Premyer Liqada cəmi 1 oyun keçirmişəm. Hələlik heç nə deyə bilmərəm. Bu suala cavab vermək hələ tezdir. Amma düşünürəm ki, çempionatda nə qədər çox komanda olsa, bir o qədər yaxşı olar. 8 komanda çox azdır. 12-14 klub olsaydı, daha yaxşı olardı.

- “Keşlə”yə transferiniz necə gerçəkləşdi?

- Menecerlər mənimlə əlaqə saxladılar və Azərbaycandan təklif olduğunu dedilər. Oturduq, danışdıq. Sonra mən də razılığımı verdim və “Keşlə”yə gəldim.

- Azərbaycanda buna qədərki karyeranız “Neftçi” ilə bağlıdır. Bu komandada keçirdiyiniz 4 ili necə xatırlayırsınız?

- Həmin vaxt “Neftçi” super vəziyyətdə idi. 3 dəfə çempion olmuşduq, kuboku götürmüşdük. Hətta Avropa Liqasının qrupunda oynamışdıq. O illəri heç vaxt unutmaram.

- Yeri gəlmişkən, həmin vaxt “Neftçi”dən niyə ayrılmışdınız?

- Müqaviləm başa çatmışdı, bu səbəbdən yollarımızı ayırdıq. “Neftçi”dən sonra İran, Cənubi Koreya və Özbəkistanda oynadım.

- “Neftçi” son illər uğursuz çıxış edir. Bu barədə nə deyə bilərsiniz?

- Əgər indi “Neftçi”də oynasaydım, nəsə deyə bilərdim. Amma komandada nələrin baş verməsindən xəbərsizəm.Ona görə də bu barədə danışmağım düzgün olmaz.

- “Keşlə” çempionata uğursuz start verdi. İlk turda debutant “Sabah”a məğlubiyyəti necə izah edərdiniz?

- Hə, ilk matçda uduzduq. Açığı, evdəki məğlubiyyətə görə hələ də əhval-ruhiyyəm pisdir. Bunun birinci turda olması daha pisdir. Doğma azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, məğlubiyyətə görə bütün komanda günahkardır. Eləcə də mən. Çünki qol imkanlarından yararlanmalıydım. Qol vurmasanız, necə qalib gələ bilərsiniz? Artıq bu oyunu unutmaq lazımdır. Növbəti qarşılaşma haqda düşünməliyik.

- Yeni klubunuzda əsas hədəfiniz nədir?

- Hər oyuna maksimum köklənmə ilə çıxıb, qollar vurmaq və komandama kömək etmək istəyirəm.

- Növbəti turda səfərdə “Zirə” ilə oynayacaqsınız. Həmin görüş barədə nə düşünürsünüz?

- Biz hər oyunda qələbə qazanmaq üçün meydana çıxırıq. “Zirə” ilə matçda da əsas hədəfimiz 3 xal qazanmaq olacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər