“Qəbələ”nin hədəfini hamı bilir” – Asif Məmmədov

“Qəbələ”nin hədəfini hamı bilir” –  Asif Məmmədov
MÜSAHİBƏ 10 Avqust 2018 / 16:30 2711
-  A +

“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqada 2018-2019 mövsümün ilk turunda “Səbail”lə keçirəcəkləri oyundan danışan təcrübəli futbolçu komandasının hədəflərini açıqlayıb.

- Sabah Topaz Premyer Liqada yeni mövsümə start veriləcək. “Qəbələ” çempionata nə dərəcədə hazırdır?

- Bəli, artıq yeni mövsüm başlayır. Nə dərəcədə hazır olduğumuzu indidən demək mənasız olar. Bunu zaman göstərəcək. Amma ümumi götürsək, çempionata hazırıq.

- İlk turda doğma meydanda “Səbail”i qəbul edəcəksiniz. Bu oyunla bağlı nə düşünürsünüz?

- İlk oyunlar həmişə çətin olur. Hər iki komandada yeni transferlər var. Bu baxımdan da ağır oyun olacaq. Ancaq doğma azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirik. Hər matça olduğu kimi, buna da 3 xal üçün çıxacağıq.

- Ötən mövsümün sonunda bəzi aparıcı futbolçular komandadan ayrıldı. Klubun PFL-ə göndərdiyi iştirak ərizəsində gənc futbolçuların çoxluğu diqqət çəkir. Sizcə, bütün bu amillər komandanın çıxışına necə təsir göstərəcək?

- Yenə deyirəm, bunu zaman göstərəcək. İndidən nəsə deməyə çətinlik çəkirəm. Bu, gənclər üçün də yaxşı şansdır. Özlərini yaxşı tərəfdən göstərməlidirlər. Heyətimiz pis deyil. Çempionat üçün normal komandamız var. Bu oyunçularla nəsə etməyə çalışacağıq.

- Bu mövsüm üçün başlıca hədəfiniz nə olacaq?

- Əsas hədəfimiz odur ki, hər oyuna qələbə qazanmaq üçün çıxaq. Başqa məqsədimiz yoxdur. Mövsümün sonunda hansı yeri tutacağımızı zaman göstərəcək. Əvvəldən nəsə demək gülünc çıxar. Əsas odur ki, oyunlara ciddi fikir verək. İndidən çempionluq və ya medallar haqda danışmaq mənasızdır. Biz hər oyuna ciddi hazırlaşıb çıxsaq, axırda nəticə özü gələcək.

- Rəhbərlik komandanın qarşısına heç bir vəzifə qoymayıb?

- Necə yəni, elə bir şey ola bilər ki? Rəhbərliyin bizdən tələbi odur ki, hər oyunda qələbə qazanaq. Biz də meydana buna görə çıxacağıq. “Qəbələ”nin hədəfini hamı bilir.

- Mövsümə yeni baş məşqçi ilə başlayacaqsınız. Sənan Qurbanov barədə hansı fikirdəsiniz? Gənc mütəxəssis komandaya uğur qazandırmaq iqtidarındadır?

- Sənan Qurbanov baş məşqçi kimi yenidir. Ancaq klubun öz içindən olan bir adamdır. Buna qədər “Qəbələ”də ikinci məşqçi idi. Komandaya yaxşı bələddir. Məncə, bizim üçün xeyirli olacaq. Gənc mütəxəssisdir, biz təcrübəli futbolçular olaraq, ona kömək etməliyik.

- “Qəbələ”nin əvəedici komandası divizionda iştirak etməyəcək. Necə düşünürsünüz, bunun əsas komandaya hansısa mənfi təsiri ola bilərmi?

- Məncə, bunun əsas komandaya heç bir mənfi təsiri olmayacaq. Bəlkə də oyun təcrübəsi baxımından özləri üçün çatışmazlıq olacaq. Amma əsas komanda ilə məşqlərdə iştirak edəcəklər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı