"Qarabağ" niyə uduzdu? – Mütəxəssislərin rəyi

"Qarabağ" niyə uduzdu? – Mütəxəssislərin rəyi
ÖLKƏ FUTBOLU 8 Avqust 2018 / 16:20 10129
-  A +

“Qarabağ” dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirdi. Doğma azarkeşlər önündə BATE-ni qəbul edən Ağdam klubu rəqibinə minimal hesabla (0:1) uduzdu. Düzdür, qarşıda cavab oyunu olsa da, bu məğlubiyyət başda komandanın azarkeşləri olmaqla, bir çoxlarını məyus etdi. Çünki hamı Qurban Qurbanovun komandasından ən pis halda heç-heçə gözləyirdi. Biz də məğlubiyyətin səbəblərini şərh etmələri üçün mütəxəssislərlə əlaqə saxladıq.

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”ın məğlubiyyətini hər hansı qorxu və ya arxayınlıqla əlaqələndirmədiyini bildirdi: “Məb buna inanmıram. Çünki komandamızda BATE ilə bağlı kifayət qədər informasiya var idi. Bilirdilər ki, 2-3 il əvvəlki ilə indiki komanda eyni səviyyədə deyil. Heyətdə 9 belaruslu futbolçu oynayırdı. Bu, ölkə futbolu üçün çox yaxşı haldır. Adətən bizim kimi ölkələr əcnəbi oyunçulara meylli olurlar. Onlar isə yerli uşaqlara şans verirlər. Onların yaxşı akademiyası var, baş məşqçi də bundan istifadə edir. Həm oyunçu yetişdirirlər, həm də görün, gəlib hara çıxırlar. Allah etməsin, BATE “Qarabağ”ı keçsə, Avroliqanın qrup mərhələsini təmin edəcəklər. Bu da onların futbolu üçün böyük uğurdur”.


Ağasəlim Mircavadov

“Qarabağ”ın qapısına vurulan qol epizodunda səhvə yol verən Rəşad Sadıqovun tənqid olunmasına da münasibət bildirən təcrübəli mütəxəssis futbolçuya bir səhvə görə qiymət verməyin düzgün olmadığını söyləyib: “Rəşad olmasın, hər hansı gənc futbolçu olsun. Oyunda heç kim səhvdən sığortalanmayıb. Bu da adi oyun epizodu idi. Belə hallar çox olur. Həmin səhvə görə demək olmaz ki, sən pis oynamısan. Bu, düzgün deyil. Hər bir oyunçuya hörmətlə yanaşmalıyıq, ona ürək-dirək verməliyik. Amma tərifləmək də olmaz. Bizim milləti tərifləyəndə qanadları çıxır, uçur. Bizə isə qanad yox, ağıl, güc, yaxşı ayaqlar lazımdır”.

A.Mircavadov hesab edir ki, “Qarabağ” səfərdə dünənki görüşün ikinci hissəsindəki kimi oynasa, BATE-ni keçə bilər: “Qarabağ” səfərdə də həmin oyunu sərgiləməlidir. Amma burda bir məsələ var. Standart vəziyyətlər zamanı daha diqqətli olmalıdır. Çünki BATE oyunun ikinci hissəsində cərimə zərbəsindən ötürmə zamanı 2-ci qolu vura bilərdi. Həmin epizodda top qapının üstündən keçdi. İndidən deyə bilərəm ki, onlar evdə də standart vəziyyətlərə bel bağlayacaqlar. “Qarabağ” qol vəziyyətləri üzərində işləməlidir. Düzdür, bunu 2-3 gün içində etmək elə də asan deyil. Amma ardıcıllıq olmalıdır. Çünki qol vəziyyətləri var, amma vura bilmirik. Bir də bu cür oyunlarda səhvlər baha başa gəlir. Səhv 2 cür olur: biri var rəqib səni buna məcbur edir, bir də var ki, özün səhvə yol verirsən. Bunlar da vacib şərtlərdir. BATE dünən “Qarabağ”a elə ciddi problem də yaratmadı. Ancaq özündən əvvəlki rəqiblərdən fərqli, meydanın mərkəzində mübarizə aparır, müdafiəçilərimizə pressinq edirdilər. Amma “Qarabağ” hələ heç nə itirməyib. Səfərdə öz oyunlarını aparsalar, BATE-ni keçə bilərlər. Ancaq yenə deyirəm, qol vəziyyətlərindən istifadə etməlidirlər. Bir də ki, sürətli oynamalıdırlar”.



“Sumqayıt”ın sabiq baş məşqçisi Samir Abasovun fikrincə isə BATE Bakıda qələbə qazanmağa layiq deyildi: “Deyim ki, BATE “Qarabağ”dan üstün, oyunu udmağa layiq idi, yox. Sadəcə, bir səhv, əks-hücumda yaxalanmaq və istifadə edilməyən qol epizodları məğlubiyyətə gətirib çıxardı. Oyundan əvvəl də, sonra da əminliklə deyə bilərik ki, BATE “Qarabağ”dan güclü deyildi. Matçdan sonra Qurban Qurbanovun, futbolçuların verdikləri müsahibələr, səsləndirdikləri fikirlər adamı sakitləşdirir. Görürsən ki, onlar da buna hazır idilər. Bu komanda ilə oynaya biləcəklərini bilirdilər. Qarşıda 2-ci oyun var. Uduzmağımıza baxmayaraq, hələ də şansımız qalır. Düzdür, uduzmuşuq, cavab matçı səfərdə olacaq. Məşqçilər bilirlər ki, rahat olmasa da, bu rəqiblə oynamaq, mərhələni keçmək olar. Amma onların da məqsədi Çempionlar Liqasında yaxşı nəticə qazanmaqdır. Heç öz çempionatlarına o qədər fikir vermirlər. Niyə belə oynadığımıza gəlincə, burda “Qarabağ”ı qınayası bir şey yoxdur. Xeyli yeni futbolçu var. Məşqçinin öz ideyası, oyun üslubu olur. “Qarabağ” illərdir bu cür oynayır. Bilirsiniz ki, hər futbolçu Azərbaycana gəlmək istəmir. Əslində haqlıdırlar, ağıllı adamın burda nə işi var. Gələnlər də gic deyillər. Zarafat edirəm, amma istədikləri oyunçuları gətirə bilmirlər. Bu isə onlardan asılı məsələ deyil. Pul verirlər, amma futbolçu məlum məsələlərə görə Azərbaycana gəlmək istəmir. Bunlar da Çempionlar Liqasında uğur qazanmaq üçün bacardıqları qədər yaxşı oyunçu gətirmək istəyirlər. Ya yeni gələnlər “Qarabağ”ın oyun üslubuna uyğunlaşmalıdırlar, ya da Qurban müəllim əlindəki oyunçulara uyğun yeni sistem qurmalıdır. Dərd burasıdır ki, hər ikisinə vaxt lazımdır. Avrokuboklarda isə sənin vaxt limitin yoxdur. Bir oyunda uduzdun, çıxırsan bayıra. Ona görə müəyyən çətinlik var idi. Belə bir təəssürat formalaşıb ki, “Qarabağ” əvvəlki kimi oynamır. Qardaş, bunlar qınanılası deyil. Əsas heyətdə 7-8 yeni futbolçu oynayır”.


Samir Abasov

S. Abasov da səfər oyunu öncəsi nikbin danışıb: “Oyundan əvvəl BATE-ni tanımırdıq. Hə, adını eşitmişdik. Amma indi adlar qalmayıb. Oyundan sonra isə görürsən ki, “Qarabağ” BATE-dən zəif deyil. Yəni, BATE “Atletiko”, Roma”, “Çelsi” deyil. Amma bu da o demək deyil ki, biz Belarus klubunu hökmən keçməliyik. Biz də BATE-dən 2-3 baş güclü komanda deyilik. Çünki onlar da elə-belə xəmirdən yoğrulmayıblar. “Qarabağ” BATE-ni keçmək üçün nə etməlidir? Mənim bu barədə nəsə deməyim etikadan kənara çıxacaq. Ən azından orada olan məşqçilər məndən qat-qat təcrübəlidirlər və öz işlərini məndən yaxşı bilirlər. Qurban Qurbanovun oyundan sonra dedikləri göstərir ki, o, özü də cavab matçına nikbin baxır. Bu isə bizi hardasa rahatlaşdırır. İnanırıq ki, “Qarabağ” BATE-ni keçə bilər. Amma bunu necə edəcəyini, inanın ki, mən deyə bilmərəm. Bilirəm ki, hazırda komandada çox əziyyətli bir dönəmdir. Bunu da yeni futbolçularla əlaqələndirərdim. Hələ ki, hərəsi öz oyununu oynayır”.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord