"BATE PSV-dən daha çətin rəqibdir" - Əfran İsmayılov

"BATE PSV-dən daha çətin rəqibdir" - Əfran İsmayılov
MÜSAHİBƏ 7 Avqust 2018 / 12:52 5723
-  A +

Ötən mövsümün sonunda "Qarabağ"ı "Sumqayıt"a dəyişən Əfran İsmayılov Qol.az-a müsahibə verib. Yeni komandasındakı vəziyyətdən danışan yarımmüdafiəçi Ağdam klubun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə keçirəcəyi oyunlara da toxunub.

- Həm Türkiyədə, həm də Bakıda təlim-məşq toplanışınız oldu. Hazırlıq prosesi necə keçdi?

- Hər şey istədiyimiz kimi oldu. Əsas odur ki, zədəsiz-bəlasız toplanışı başa vurduq. İndi bizi qarşıda ağır çempionat gözləyir. Yeni yığılmış komandayıq. Digər futbolçular düşərgəyə Türkiyədə qoşuldular. İnanıram ki, onların hər biri komanda üçün xeyirli olacaq, yaxşı nəticələr qazanacağıq. İkinci toplanışı isə Bakıda keçdik. Hər iki hazırlıq çox səmərəli alındı.

- Artıq bu həftə Topaz Premyer Liqada yeni mövsümə start veriləcək. Çempionata nə dərəcədə hazırsınız?

- Nə dərəcədə hazır olduğumuzu oyunlarda görəcəyik. Hələ bu barədə heç nə demək olmaz. Düzdür, təlim-məşq toplanışında yoldaşlıq oyunları keçirdik. Amma bu, heç də onu deməyə əsas vermir ki, biz çempionata hazırıq və ya hazır deyilik. Yoldaşlıq oyunları ilə rəsmi matçlar tamam fərqlidir. Ümid edirəm ki, hər şey bizim üçün yaxşı olar və uğur qazanarıq.

- Yay fasiləsində "Sumqayıt" heyətinə 9 futbolçu qatdı. Qarşıdakı günlərdə daha 1-2 transfer gözlənilir. Deyəsən, bu mövsüm hədəfləriniz daha yüksək olacaq...

- Elə çox transfer etməmişik. Ümumi götürsək, digərlərinə baxanda bəlkə də ən az futbolçu alan komanda bizik. Amma buna baxmayaraq, iddiamız olduğu kimi qalır. Bu mövsüm əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaq olacaq. Komanda ötən il bunu bacarmasa da, inanıram ki, bu dəfə qarşıya qoyulan hədəfə çatacağıq. Buna nə dərəcədə nail olacağımızı isə zaman göstərəcək.

- Çempionatın ilk turunda "Neftçi" ilə qarşılaşacaqsınız. Bu barədə nə deyə bilərsən?

- Artıq çempionat həftəsinə girmişik. İlk turda bizi "Neftçi" ilə ağır oyun gözləyir. Deyərdim ki, onlar hazırda ən formada olan və yaxşı futbolçulardan qurulmuş komandadır. Avropa Liqasında mübarizəni dayandırsalar da, deyərdim ki, "Qarabağ"dan sonra ən güclü futbolçular hazırda "Neftçi"dədir. İnanıram ki, bu il çempionluğa da oynayacaqlar. Ona görə də bizi həqiqətən çox ağır oyun gözləyir. Bilirsiniz ki, məlum səbəblərə görə öz stadionumuzda oynamırıq. Orada təmir işləri gedir. Bu mənada da üstünlük "Neftçi"dədir. Ancaq biz də ruhdan düşmürük. Adətən mövsümün ilk oyunları çox çətin keçir. Maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Hər zaman yüksək hədəfləri olan komandalarda çıxış etmisən. "Sumqayıt" isə daha çox yerli futbolçulara güvənən və iddiaları elə də böyük olmayan klubdur. Orada oynamaq sənə çətin olmayacaq?

- Bundan heç bir problem görmürəm. "Sumqayıt" da iddialı komandalardan biridir. Bunu ötən il hamı gördü. Mənə əsas oynamaq lazım idi. Ona görə bu komandanı seçdim. Buna görə də peşman deyiləm. Çalışacağam ki, komanda üçün faydalı olum. "Sumqayıt"ın uğuru üçün əlimdən gələni edəcəyəm. Görək, buna nə dərəcədə nail ola biləcəyəm. Bir yumruq kimi eyni nöqtəyə vurub. nəticə verməliyik. Çünki Sumqayıt camaatı da futbolu sevir. Hər oyunda stadion dolur. Onları sevindirməyə çalışacağıq.

- Uzun illərdir futboldasan. Təcrübəli oyunçu kimi birinci divizionla əvəzedicilərin çempionatının birləşdirilməsi qərarına münasibətini bilmək maraqlı olardı...

- Buna fikir bildirmək istəmirəm. Çünki bu qərarı rəhbərlik, yuxarıdakı insanlar verirlər. İstənilən qərara hörmətlə yanaşmağa çalışıram. Düzdür, həqiqətən də ağır qərardır. Yaşı çox olan futbolçular qabağa gedə bilməyəcəklər. Çox geridə qalacaqlar. Bu, başadüşüləndir, hamı bilir. Amma mən nə edə bilərəm?! Mənim əlimdən heç nə gəlmir. Məndən yuxarıda duran insanlar var. Rəhbərlik belə qərar veribsə, bunu anlayışla qarşılamağa çalışıram. Ümid edək ki, özünü doğrultsun.

- Mövsümün sonunda ayrıldığın "Qarabağ" bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirəcək. Rəqib isə kifayət qədər tanınan və Avropada adından söz etdirməyi bacaran BATE-dir. Belarus çempionu ilə qarşılaşmadan nə gözləyirsən?

- Doğrudan da BATE ilk 2 turdakı komandalardan fərqlənir. Onlar daha iddialı, daha güclü kollektivdir. Amma inanıram ki, "Qarabağ" BATE səddini də keçəcək. Komandamızın gücü hamıya bəllidir. Öz oyunlarını oynasalar, növbəti mərhələyə adlayacaqlar. Dualarımız "Qarabağ"ladır. Onlara uğurlar arzulayıram. Xeyirlisi nədirsə, o da olsun.

- "Qarabağ" BATE-ni keçə bilsə, pley-of-da daha güclü və iddialı PSV ilə qarşılaşacaq. Səncə, qruplara qalmaq yolunda həlledici mərhələdə Hollandiya nəhənginin rəqib olması Ağdam klubunun ötən ilki uğuru təkrarlamaq şanslarına nə dərəcədə təsir göstərəcək?

- Bu suala indidən cavab vermək olmaz. Mənə görə BATE yaxşı komandadır. Əvvəlcə bu komandanı keçsinlər, sonra PSV haqda danışarıq. BATE daha çətin rəqibdir. Ağır oyun olacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər