"Zaur Axundov dedi ki, istəsək, özümüz göndərərik, heç kimdən qorxmuruq"

"Zaur Axundov dedi ki, istəsək, özümüz göndərərik, heç kimdən qorxmuruq"
ÖLKƏ FUTBOLU 18 İyul 2018 / 12:16 3912
-  A +

"Keşlə"nin yarımmüdafiəçisi Fuad Bayramov Qol.az-a müsahibə verib. Dünən saytımıza danışan Yuri Maksimovun fikirlərinə münasibət bildirən futbolçu bu barədə klub rəhbərliyi ilə danışdıqlarını söyləyib.

- Yəqin ki, Yuri Maksimovun dünən saytımıza verdiyi səs-küylü müsahibəni oxumusan. Orada Vaqif Cavadov və səninlə bağlı fikirlər səsləndirib. Ukraynalı mütəxəssisin sözlərinə görə, rəhbərlik qarşısına şərt qoyub və deyib ki, Fuadla Vaqifi komandadan göndərəcəyi halda onunla yeni müqavilə imzalanacaq. Maksimov sizə bu barədə özü məlumat verib?

- Müsahibəni oxumuşam. Yuri Maksimovun fikirləri ilə tanışam. Çünki istefa verdiyi gün iclas keçirdi və bu sözləri bizə dedi. Ancaq daha sonra Rəmiş müəllim gəldi və dedi ki, elə söhbət olmayıb, yalandır. Bundan sonra Maksimov otaqdan çıxdı.

- Bununla bağlı Zaur Axundovla söhbətiniz oldumu? Ondan soruşdunuz ki, niyə belə deyib?

- Hə, Maksimov gedəndən sonra Zaur Axundov özü bizimlə görüşüb iclas keçirdi. O da bildirdi ki, belə bir şey olmayıb. Dedi ki, fikrimiz olsa, özümüz sizə deyərik, heç kimdən qorxmuruq. Biz yenicə müqavilə bağlamışıq. İstəməsəydilər, sözləşməni yeniləməzdilər. Açığı, mən özüm də heç nə başa düşmədim. Yaxşısı budur, siz Zaur Axundovun özündən soruşun, o, daha dəqiq deyər. Çünki biz heç nədən xəbər tutmadıq.

- Yuri Maksimov iclasda Zaur Axundovun sizi komandada görmək istəmədiyini söyləyəndə, ondan səbəbini soruşdunuz?

- Əlbəttə, soruşduq. O da dedi ki, bilmirəm. Həmin vaxt Rəmiş müəllimi çağırdıq. Gəlib dedi ki, belə şey olmayıb. Bundan sonra baş məşqçi otağı tərk etdi. Nə oldu, necə oldu, heç nədən xəbərimiz yoxdur. Amma komandadan çıxartmaq istəsələr, özləri bizə deyərlər ki, sizlə işləmək istəmirik. Mən belə fikirləşirəm.

- Bəs Maltada nə baş verdi? Maksimovun komandanı məşqə çıxarmaq istəməməsi düz söhbətdir?

- Yox, belə bir şey olmayıb. Nəsə desəm, yalan olar. Çünki hər gün məşq edirdik. Bəlkə də belə bir fikri olub. Amma mənim xəbərim yoxdur.

- Səncə, belə bir şey olmayıbsa, Maksimov niyə bunu desin?

- İnanın, heç nədən xəbərim yoxdur. Hər şey 10 dəqiqənin içində baş verdi.

- "Baltsan"la oyundan əvvəl Maksimovun hərəkətlərindən və ya danışığından gedəcəyi hiss olunurdu?

-Yox, heç nə hiss olunmurdu. Hər şey yaxşı idi.

- Ukraynalı mütəxəssis müsahibədə deyib ki, "Keşlə"yə baş məşqçi lazım deyil, Zaur Axundov özü ordadır. Sözlərindən belə çıxır ki, Maksimovun işinə müdaxilə olunurdu...

- Mən bilmirəm. Vallah, görməmişəm.

- Qarşıda Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Baltsan"la cavab oyunu var. Baş verənlər qarşıdakı matça necə təsir edəcək?

- Məncə, təsiri olmayacaq. Çünki hər kəs oyuna olduqca ciddi hazırlaşır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı