"Trabzonspor"da qalıb-qalmayacağım toplanışdan sonra bilinəcək" - Ramil Şeydayev

"Trabzonspor"da qalıb-qalmayacağım toplanışdan sonra bilinəcək" - Ramil Şeydayev
ÖLKƏ FUTBOLU 13 İyul 2018 / 17:20 3088
-  A +

Mövsümün sonunda "Qarabağ"dan ayrılıb müqavilə ilə məxsus olduğu "Trabzonspor" klubuna qayıdan Ramil Şeydayev Qol.az-a müsahibə verib. Hazırda Türkiyə klubunun düşərgəsində təlim-məşq toplanışında olan millimizin üzvü karyerasını hansı klubda davam etdirəcəyini bilmir.

- Transfer danışıqları aparmaq üçün "Trabzonspor"dan ayrılsan da, sonra yenidən bu komandanın toplanışına qatıldın. "Mattersburq"a keçidin niyə alınmadı?

- Əslində "Mattersburq" elə də ciddi variant deyildi. Hətta deyərdim ki, bu, yalnız söz-söhbətdən ibarət idi.

- Ancaq mətbuatda yazılmışdı ki, məhz bu klubla danışıq aparmaq üçün "Trabzonspor"un baş məşqçisi Ünal Karamandan icazə almısan. Hətta Avstriya klubunun rəsmiləri də bunu təsdiqləmişdilər...

- Yox, belə deyil. Yenə deyirəm, bunlar sadəcə şayiə idi. Kimlərsə yaymışdı.

- Artıq bir neçə gündür "Trabzonspor"un Sloveniyada davam edən təlim-məşq toplanışında iştirak edirsən. Hazırlıq necə gedir? Komandaya uyğunlaşa bilirsən?

- Hər şey normaldır. Gündəlik məşqlərimizi edirik. Çatışmayan cəhətlərimizin üzərində işləyirik. Uyğunlaşma ilə bağlı da hər hansı problem yoxdur.

- "Trabzonspor"da qalacaqsan, yoxsa özünə başqa klub axtarırsan?

- Bu barədə hələlik heç nə deyə bilmərəm. Çünki ortada dəqiq bir şey yoxdur. Nəyin necə olacağını zaman göstərəcək.

- Baş məşqçi ilə bu barədə söhbətiniz olub? Necə düşünürsən, səni yeni mövsümdə öz komandasında görürmü?

- Bayaq da dediyim kimi, bu məsələyə hələ aydınlıq gəlməyib. "Trabzonspor"da qalıb-qalmayacağım toplanışdan sonra bilinəcək. Hələlik isə yalnız hazırlıq barədə düşünürəm.

- Mövsümün sonunda "Qarabağ"dan ayrılıb "Trabzonspor"a qayıdanda komandada səni necə qarşıladılar?

- Hamı məni çox yaxşı qarşıladı. Hazırda da düşərgədə yaxşı ab-hava hökm sürür. Hər şey əladır.

- "Qarabağ" 2 gün öncə Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniyada "Olimpiya" ilə qarşılaşdı. Komandanız da bu ölkədə təlim-məşq toplanışı keçir. Maraqlıdır, oyunu canlı izləyə bildinmi?

- Xeyr, müəyyən səbəblərdən gedib oyuna baxa bilmədim.

- "Qarabağ" səfərdə vacib qələbə qazanaraq, cavab oyunu öncəsi üstünlük əldə etdi. Səncə, sabiq komandan Bakıdakı görüşdə bu üstünlüyü qoruya biləcək?

- "Qarabağ"ın "Olimpiya" ilə oyununu izləyə bilmədiyim üçün bu barədə heç nə deyə bilmərəm. Amma onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, Çempionlar Liqasında ötənilki uğuru təkrarlayacaqlar.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord